Gündəm / Sosial

İcra hakimiyyəti şəhidin ailəsinə bulaq tikməyə icazə vermir - GİLEY

İcra hakimiyyəti şəhidin ailəsinə bulaq tikməyə icazə vermir
Kanal14.az:- "Qardaşım - Vətən müharibəsi şəhidi Hacıyev Sərxan Eldar oğlunun xatirəsini əbədiləşdirmək üçün doğulduğu Qobustan rayonunda bulaq kompleksi tikmək istəyirik. Bu ayın 8-də doğum günü idi, çox istədik ki, o vaxta qədər öz vəsaitimizlə kompleksi inşa edək. Lakin Qobustan Rayon İcra Hakimiyyəti bizə bu kompleksi tikməyə icazə vermir”.

Bu şikayətlə "Qafqazinfo”ya şəhidin qardaşı Orxan Hacıyev müraciət edib. O iddia edir ki, ailəsi bununla bağlı müraciət etsə də, rədd cavabı alıb: "Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov atama deyib ki, biz rayonda heç bir şəhid ailəsinə nəsə tikmək üçün icazə verməmişik. İndi sizə icazə versək, digər şəhid ailələri də gəlib nəsə istəyəcəklər...”

O. Hacıyev, həmçinin bu məsələ ilə əlaqədar Qobustan rayonunun deputatı ilə görüşdüyünü deyib: "Anam Humay Hacıyeva ilə birlikdə bir neçə gün əvvəl rayonumuzun deputatı Şahin Seyidzadənin qəbulunda olduq və məsələni ona da dedik. İlk öncə icazə olmadığını dedi, daha sonra bulaq üçün rayon bələdiyyəsindən sənəd almalı olduğumuzu dedi. Bir də bulağa gələn suyun pulunu kimin ödəyəcəyini, sayğacın kimin adına olacağını soruşdu. Mən də özümün ödəyəcəyimi bildirdim. Amma buna baxmayaraq, bizə bulaq kompleksinin tikintisi üçün icazə olmadığını dedi.

Qardaşım bu vətən üçün canından keçib, onlara isə bir bulağın su pulu maraqlıdır”.

Şəhidin qardaşı bildirib ki, bulaq tikintisi ilə yanaşı, həmçinin S. Hacıyevin 11 il təhsil aldığı 2 saylı tam orta məktəbə də onun adı verilmir: "İcra Hakimiyyətinə və Təhsil Nazirliyinə bununla bağlı məktub yazdıq. İcra hakimiyyətindən bu məsələnin onların səlahiyyətində olmadığı deyilsə də, nazirliyin cavab məktubunda bunun üçün yerli icra hakimiyyəti orqanının Nazirlər Kabineti qarşısında vəsatət qaldırmalı olduğu qeyd olunub”.

Problemlə bağlı Qobustan RİH başçısının müavini-Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Məharət Əkbərov bildirdi ki, rayonda bir neçə yerdə şəhid bulaqları salınıb və rayonda bununla bağlı heç bir problem yoxdur. Şöbə müdirinin sözlərinə görə, bəzən problemlər yerlə bağlı olur, ailələr istəyirlər ki, məhz öz istədikləri yerdə tikilsin. Lakin bulaq elədir ki, onun tikintisi üçün yer uyğun olmalıdır: "Şəhidimizin adına bulaq kompleksini onun yaxınları Heydər Əliyev prospektində tikmək istəyirdilər. Lakin həmin yer magistraldan şəhərin içərisinə girən yerdir. Orada bulaq tikmək mümkün deyil. Bulaq gərək elə yerdə tikilsin ki, faydalı olsun. Biz istəyərdik ki, şəhidimizin adı ən yaxşı yerlərdə əbədiləşdirilsin. Onlara təklif olundu ki, həmin küçədə, bir qədər başqa tərəfdə tikilsin və bununla bağlı da razılığa gəlinib. Heç bir problem yoxdur”.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsində şəhid olan Sərxan Hacıyev Silahlı Qüvvələrdə "MAXE” kimi xidmət göstərib. Ötən il oktyabrın 23-də Füzuli uğrunda gedən döyüşlərdə kürəyindən qəlpə yarası alıb və bir həftə neytral ərazidə qaldıqdan sonra nəşini götürmək mümkün olub. "Füzulinin azad olunmasına görə”, "Cəsur döyüşçü” və "Vətən uğrunda” medalları ilə təltif olunub.