kanal14.az
kanal14.az

Azərbaycanın diktə etdiyi reallıqlar dəyişməyəcək - GƏLİŞMƏ

24-07-2021, 16:26

Azərbaycanın diktə etdiyi reallıqlar dəyişməyəcək
"Azərbaycanın regionda yaratdığı reallıqlar və bu reallıqların diktə etdiyi şərtlər dəyişməyəcək. Prezident İlham Əliyevin Azərbaycan televiziyasına müsahibəsində səsləndirdiyi fikirlər bir daha sübuta yetirdi ki, müharibə dövründə olduğu kimi, postmüharibə dövründə də Azərbaycan Ordusunun böyük Zəfəri nəticəsində bölgədə yaranmış reallığa uyğun olaraq gündəmi biz müəyyənləşdiririk və mövcud vəziyyət, həmçinin postmüharibə dövrünün strateji yol xəritəsi prosesin iştirakçılarını və qlobal müstəvidə müşahidəçilərini qane edir".

Bu fikirləri siyasi ekspert Elçin Mirzəbəyli deyib. O bildirib ki, Azərbaycanın tarixi, hüquqi və siyasi ədalətin bərqərar olunmasını təmin edən ədalətin gücü– gücün ədaləti prinsipinin alternativi yoxdur və beynəlxalq hüququn norma və prinsiplərinə uyğun gerçəkləşdirilən sülhə məcburetmə əməliyyatlarının nəticələrinin legitimliyi nəinki şübhə altına alına, hətta müzakirə oluna da bilməz:

"Avropa İttifaqı Şurası prezidentinin Azərbaycana, Prezident İlham Əliyevin Rusiyaya səfərləri çərçivəsində verilən bəyanatların yaratdığı mənzərə də bunu deməyə əsas verir. Prezident İlham Əliyev sözügedən müsahibəsində qeyd edib ki, "həm müharibə zamanı, həm müharibədən sonra gələcək addımlarla bağlı çox dəqiq təsəvvürüm var və bilirəm nə etməliyik, nə vaxt etməliyik, necə etməliyik”. Postmüharibə dövründə cərəyan edən proseslərin inkişaf istiqamətlərinə diqqət yetirək. Birincisi, Ermənistanın kapitulyasiya aktından sonra, rəsmi İrəvanın Azərbaycan ərazilərində gerçəkləşdirmək istədiyi təxribat və terror aksiyalarının qarşısı antiterror əməliyyatları ilə alınıb və məğlub ölkə müəyyən zaman kəsiyi üçün üstün mövqe qazanmaq niyyəti güddüyü halda, bunun əksini əldə edib. İkincisi, Ermənistanın Azərbaycanla sərhəddə delimitasiya və demarkasiya prosesinə öz şərtləri çərçivəsində müdaxilə üçün perspektiv zəmin, eləcə də üçüncü qüvvələrin müdaxiləsi üçün bəhanə yaratmaq niyyəti iflasa uğrayıb və rəsmi İrəvan, həmçinin "ərköyün” erməni cameəsi addım-addım reallıqları qəbul etmək məcburiyyətində qalıb. Həmçinin, Azərbaycan müharibədən sonra Ermənistanda baş qaldıran müharibə cinayətkarlarını, eləcə də onların istiqamətləndirdiyi revanşçı qüvvələri siyasi-diplomatik və təbliğat-təşviqat sahəsindəki manevrləri ilə gücdən salıb və onların siyasi səhnədə də biabırçılıqla məğlub olmasına zəmin yaradıb. Rəsmi Bakı İrəvanın Rusiya və onun dominant rol oynadığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT), həmçinin ATƏT-in de-fakto fəaliyyətini başa vurmuş Minsk qrupu həmsədrlərinin, xüsusilə də ABŞ və Fransanın, eləcə də sonuncunun timsalında Avropa İttifaqının prosesə cəlb edilməsi istiqamətində atdığı bütün addımları neytrallaşdırıb və postmüharibə reallığının qəbul edilməsinə nail olub".

E.Mirzəbəyli vurğulayıb ki, Azərbaycan Türkiyə ilə mədəniyyətimizin paytaxtında Şuşa bəyannaməsini imzalamaqla, qarşı tərəfin revanşçı davranışlarının sonunun necə olacağı barədə reallığı, üzdə bunu etiraf etməkdən yayınsa da, qəbul etməsini təmin edib:

"Özünün işğaldan azad olunmuş ərazilərimizdəki, həmçinin Rusiya sülhməramlılarının müvəqqəti müşahidəsi altında olan torpaqlarımızdakı hərbi-siyasi üstünlüyün, ölkənin ərazi bütövlüyü ilə bağlı strategiyasının heç zaman dəyişməyəcəyi gerçəkliyini formalaşdırıb. Zəngəzur dəhlizi, həmçinin bu dəhlizdən dəmir yolu ilə yanaşı keçəcək, Azərbaycanın əsas ərazisi ilə Naxçıvanı birləşdirəcək avtomobil yolu layihəsinin icrasının qarşısıalınmaz bir proses olduğunun Ermənistan tərəfindən qəbul edilməsinə və rəsmi İrəvanın öz öhdəliklərinə sadiq qalmaqdan başqa alternativinin olmadığı qənaətinin formalaşmasına nail olub. Azərbaycan ölkədə mövcud olan diplomatik missiya rəhbərlərinin, BMT də daxil olmaqla dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının nümayəndələrinin, xarici jurnalistlərin işğaldan azad edilmiş ərazilərə səfərlərini təşkil etməklə diplomatiya və informasiya müstəvisində üstünlüyünü daha da artırıb, Ermənistanın işğalı nəticəsində yaranmış dəhşətli mənzərənin beynəlxalq müstəviyə çıxarılmasında ciddi irəliləyiş əldə edib. Prezident İlham Əliyevin dediyi kimi, bu gün Ermənistanın siyasi gündəliyini müəyyən dərəcədə, deyə bilmərəm hələ ki böyük dərəcədə, amma müəyyən dərəcədə biz formalaşdırırıq və bu, həqiqətdir. Ermənistan bizim gündəliyimizin 0,1 faizini də formalaşdıra bilməz, amma biz Ermənistanın müəyyən siyasi gündəliyini formalaşdırırıq və getdikcə bizim imkanlarımız daha da genişlənəcək. Azərbaycan qlobal miqyasda siyasi leksikona "Zəngəzur dəhlizi” sözünü daxil edib. "Dağlıq Qarabağ” ifadəsini həm hüquqi, həm də siyasi müstəvidə gündəmdən çıxarıb.
Bütün bunlar Azərbaycanın ötən 8 ay ərzində yaratdığı reallıqlardır və zaman keçdikcə bu reallıqlara yeniləri əlavə olunacaq. Çünki bunun üçün həm hərbi, həm siyasi, həm diplomatik, həm iqtisadi, həm də hüquqi müstəvidə möhkəm təməl formalaşıb".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA