Gündəm / Siyasət

Şəhər yeni binalara görə UNESCO siyahısından çıxarıldı

Şəhər yeni binalara görə UNESCO siyahısından çıxarıldı

 

Kanal14.az: - UNESCO iyulun 21-də İngiltərənin Liverpul şəhərini özünün dünya irsi siyahısından çıxarıb.

Qərarda deyilir ki, yeni tikilmiş binalar Viktoriya dövrü dəniz körpülərinin cəzibədarlığına xələl gətirib.

Reuters yazır ki, beləliklə Liverpul UNESCO-nun bu mötəbər sıyahısından çıxarılan üçüncü məkan olub.

Liverpul BMT-nin mədəniyyət agentliyinin mədəni irs siyahısına 2004-cü ildə salınmışdı və beləliklə Böyük Çin səddi, Tac Mahal və Pizanın əyri qülləsi ilə bir sırada dururdu.

Çində keçirilən səsvermədən sonra Dünya İrsi Komitəsi bildirib ki, yeni binlar Liverpulun "unikallıq və bütövlüyünün” üstündən xətt çəkib.

Məşhur Beatles qrupunun doğma şəhəri olan Liverpool mədəni irs siyahısına 18-19-cu əsrlərdə dünyanın ən mühüm portu, həm də əsrarəngiz memarlığı olan şəhər kimi daxil edilmişdi.

Liverpulun meri Coan Anderson deyib ki, şəhərin siyahıdan çıxarılması barədə qərar "heç cür başa düşülmür”, çünki UNESCO rəsmiləri bu şəhərə on il əvvəl baş çəkmişdilər.

Mer deyib ki, şəhər hakimiyyəti Liverpulun ecazkar memarlığının saxlanmasına milyonlarla funt sterlinq xərcləyib.

Everton üçün stadion, dəbdəbəli mənzillər

Bundan əvvəl 2007-ci ildə Omandakı təbiət guşəsi siyahıdan çıxarılmışdı. Buna səbəb brakonyerlik nəticəsində təbiətin tamamilə korlanması idi.

UNESCO 2009-cu ildə öz siyahısından Almaniyadakı Elb vadisini çıxarmışdı. Bu, vadidə dördzolaqlı körpünün tikintisinə görə baş vermişdi.

Hər hansı yerin irs siyahısında olması o deməkdir ki, həmin məkanlara sahib ölkələr BMT-nin konservasiya fondundan vəsait ala bilirlər.

Liverpula siyahıdan çıxarıla biləcəyinə dair xəbərdarlıq 2012-ci ildə verilmişdi.

O vaxt şəhərin üfüq xəttini dəyişəcək çaykənarı mənzillərin tikintisi planlaşdırılırdı.

Lakin belə görünür ki, UNESCO üçün səbr kasasını daşıran son hadisə Everton komandası üçün yeni stadionun tikintisi olub.

Stadionu qədim port körpülərinin bir hissəsini dağıtmaqla tikiblər.//dia.az