Gündəm / Siyasət

“Mən fəxr edirəm ki, Şərqi Zəngəzurluyam, amma...”


Kanal14.az: - Dövlət başçısının Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması və Xankəndi şəhəri, Xocalı və Xocavənd rayonlarının da, deməli, Hadrut şəhərinin də Qarabağ iqtisadi rayonuna daxil edilməsi haqda alqışlara layiq sənədlər imzalaması ürəyimizdəki tikanlardan daha bir neçəsini də çıxardı... Amma...

*** ***

Əslində gerçəkliyə uyğun olaraq mümkün qədər obyektiv olmağa çalışan yazarların əsl işi görülən işlərə "əmma” qoymaqdır. Təbii ki, obyektiv və ədalətli "əmma”...
Yaxşı bilirsiz ki, hər hansı bir xəbərə, hadisəyə "əmma” qoymayanda oxucu həmin yazıyla maraqlanmır, onu oxumur... Çünki müstəqil yazar da hər hansı bir olay, tədbir haqda quru xəbər yazıb, yalnız onun tərifli cəhətlərini təqdim edəndə onun yazısı ilə eyni hadisə haqda "AzTV”-nin, "AZƏRTAC”-ın, yaxud "Xalq qəzeti”nin rəsmi xəbəri arasında fərq olmur...

*** ***

Xülasə, keçək "əmma”larımıza...
Ali Baş Komandanın bəhs edilən Fərmanından sonra yadıma düşdü ki, Laçın rayonunda doğulub boya-başa çatdığım üçün mən də Şərqi Zəngəzurluyam... Və qeyri-iradi qəlbimdən bu cümlə keçdi: "Mən fəxr edirəm ki, Şərqi Zəngəzurluyam”... Fəqət, az sonra da "əmma”sı çıxdı... Bizi, xüsusən də 30 ilə yaxındır doğma yurd, ocaq, hava, su, bulaq, dağ, meşə, çəmən, yaylaq həsrəti ilə yaşayan didərginləri qınamayın... Bu üç onillikdə başımız o qədər çəkib ki... BMT-dən, ATƏT-in Minsk Qrupundan, ABŞ-dan, Rusiyadan, Fransadan tutmuş Kremlin sovet dövründən bünövrəsini qoyduğu yerli harın "KQB”-QRU” korrupsiya-işgəncə rejiminin azğın nümayəndələrinin dilindən o qədər yalanlar eşitmişik ki, əllərindən o qədər əzablar çəkmişik ki, mümkünlüyü artıq göz qabağında olan işlərin də gerçəkliyinə şübhə ilə yanaşmağa başlamışıq...
Odur ki, heç kəs inciməsin, "əmma”larımızı sanayaq, kim bizə irad tutmaq, cavab vermək istəsə, buyursun...

*** ***

Mən fəxr edirəm ki, Şərqi Zəngəzurluyam, amma həmin torpaqların azad olunmasından 7- 8 ay vaxt ötməsinə baxmayaraq hələ də Cəbrayıldan, Zəngilandan, Qubadlıdan keçib doğma Laçınıma, doğma kəndimə gedə, dədə-babalarımızın məzarlarını ziyarət edə bilməmişəm...

*** ***

Mən fəxr edirəm ki, Şərqi Zəngəzurluyam, amma hazırda Rusiya hərbçilərinin nəzarətində qalan "Laçın dəhlizi” deyilən ərazidə yerləşdiyindən öz doğma Ağanus kəndimin, oradakı evlərimizin uçuq, yanmış divarlarının bir rəsmi görüntüsünü belə, görə bilməmişəm...

*** ***

Mən fəxr edirəm ki, Şərqi Zəngəzurluyam, amma torpaqlarımızın azadlığı uğrunda son müzəffər savaşımız, ümumiyyətlə, bütün torpaqlarımızın azadlığı naminə mübarizə ilə uyuşmayan, şəhidlərimizin ruhunu diksindirən bir sıra amil və proseslər qeyri-iradi içimdə o iqtisadi rayondakı doğma yurdlarımızda məskunlaşıb əsl Azərbaycan vətəndaşı kimi o torpaqların iqtisadi potensialından bəhrələnə biləcəyimə şübhə oyadır...

Və düşünürəm ki, o torpaqlara ümumiyyətlə, bütün azad olunmuş torpaqlarımıza Böyük Qayıdış, o yurdlarda əsl daimi məskunlaşma və bizim, övlad və nəvələrimizin əsl mənada xoşbəxt həyatı o zaman baş tutacaq ki:
-II Qarabağ savaşında Azərbaycan dövlətinin, ordusunun torpaqlarımıza müzəffər azadlıq yürüşünə fürsət bilərək 10 Noyabrda üçtərəfli saziş imzalatmaqla ordusunu Qarabağ torpaqlarımızda yerləşdirmiş, hələ də əksərən keçmiş sovet-"KQB”-"QRU” inventarlarının formalaşdırdığı Rusiya hakimiyyətinin separatçı, işğalçı xislətli ermənilərlə birgə mümkün gizli ssenarisinin qarşısı mütəmadi siyasi-diplomatik, yeri gələndə lokal hərbi gedişlərlə qətiyyətlə alınsın... Nəticədə Zəngəzur dəhlizi açılsın, Laçın dəhlizinə alternativ yol çəkilib qurtarsın, Yuxarı Qarabağ və Laçın rayonu ərazisindəki erməni silahlı birləşmələri tərksilah edilsin və didərginlərimiz Laçın dəhlizinə daxil məntəqələrimizlə yanaşı, Yuxarı Qarabağın Xankəndi, Xocalı, Əsgəran, Ağdərə və s. ərazilərinə də qaytarılsın...

-Müstəqilliyimizin bərpasından bəriki 30 il ərzində böyük yeyintilərlə məşğul olaraq ölkədə sərvətlərin ədalətsiz bölünməsinə, yəni ifrat sosial bərabərsizliyə səbəb olan öncə xatırlatdığım korrupsiya şəbəkəsinin bütün həbslərə, cəzalara rəğmən hələ də fəal üzvlərinin əli-qolu bağlansın, onlar vəzifələrdən uzaqlaşdırılsın və bu anti-milli əqidəlilər Böyük Qayıdışa da növbəti böyük yeyinti mənbəyi kimi əl uzada bilməsinlər;

-Milli(!) dövlətimiz tərəfindən müqəddəs üçrəngli bayrağımız altında torpaqlarımızın azadlığını və müdafiəsini təmin edən milli(!) və müqəddəs(!) qurumumuzda da kök salmış "KQB”-"QRU” korrupsiya və işgəncə şəbəkəsinin kökü tamamilə kəsilsin...

-Qanunların xeylisinin kağız üzərində qalmasına şərait yaradan məmur özbaşınalığına, qohumbazlıq, tayfabazlıq və rüşvətxorluğa son qoyulsun...

- Son vaxtlar öz maddi maraqları xatirinə, bəlkə də eyni zamanda agentləri olduğu xarici güclərin sifarişiylə yeniyetmə və gənclər arasında narkomaniyanın müxtəlif növlərini bilərəkdən yayan narko-mafiya qrupları təcili zərərsizləşdirilsin...

-Müvafiq dövlət qurumlarına yaxşı bəlli olan müəyyən qüvvələr tərəfindən telekanal, radio və bəzi saytlarımızda hökmranlığı ələ almış fahişə və cinsi azlıqlara məxsus pozğun ünsürlərə verilən dəstəyə son qoyulsun.

Bir sözlə, biz Qarabağa, Zəngəzura antimilli bir əxlaq və mənəviyyatla, fizioloji baxımdan şikəst, anormal gəncliklə və ən başlıcası, qanunsuzluq, məmur özbaşınalığı və korrupsiya mühitiylə getməməliyik...

*** ***

Kim "əmma”ların siyahısına bəndənizin yadından çıxanları əlavə etmək istəyirsə, buyursun..

*** ***

Və bir daha təkrar edirəm: "əmma”larıma əmma qoymaq istəyənlər də sözünü deyə bilər...

Sultan Laçın //moderator.az//