Gündəm / Sosial

Müəllimlərin məzuniyyət pulları niyə kəsilir? - AKTUAL

Müəllimlərin məzuniyyət pulları niyə kəsilir?
Kanal14.az:
- Bakı şəhərində, eləcə də bölgələrdə çalışan bəzi müəllimlər məzuniyyət pullarının kəsildiyini bildirirlər. Bu barədə sosial şəbəkələrdə etirazlara rast gəlmək mümkündür. Bundan əlavə, məzuniyyət pulları və maaşları gecikən müəllimlər də var.

Lakin Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov "Press Klub”a açıqlamasında bildirdi ki, heç bir müəllimin məzuniyyət pulunda və ya maaşında hər hansı kəsirdən söhbət gedə bilməz:

"Ola bilsin ki, ayrı-ayrı ödəmələr səbəbindən belə hal müşahidə olunub. Bu ödəmələrdən biri də icbari tibbi sığorta ilə bağlı ödənişlərdir. Amma bundan əlavə maaş və məzuniyyət pullarında hansısa kəsirlərdən söhbət gedə bilməz. Əgər konkret kimsə düşünürsə ki, onun maaş və ya məzuniyyət pullarında kəsir olub, həmin insanların məlumatlarını bizə bildirin, yoxlayaq və məsələyə aydınlıq gətirək”.

Məzuniyyət pullarında gecikmələrin olmasına gəldikdə isə C. Valehov qeyd etdi ki, müəllimlərin məzuniyyət vaxtı iyulun 1-dən artıq başlayıb:

"Məzuniyyətin müddəti 56 gündür. Hesablanmaların aparılması və sair məsələlərlə bağlı bir neçə gün gecikmələr olub, bu isə böyük gecikmə deyil”.

Təhsil eksperti Elçin Əfəndi də məsələyə münasibət bildirdi:

"Hər iki məsələ (əmək haqlarının və məzuniyyət pullarının kəsiri) ilə bağlı bir neçə müəllim mənə müraciət etmişdi. Bunun səbəbi olaraq deyilib ki, kəsirlərin olması icbari tibbi sığortaya görə tutulan məbləğlərdir. Ümumilikdə isə müəllimlərin maaşalarındakı kəsilmələri doğru hesab etmirəm”.

Ekspert təsdiqlədi ki, kəsirlərdən əlavə, müəllimlərin əmək haqlarında da yubanmalar olub:

"9 iyul tarixində hələ də əməkhaqqı ödənilməyən ərazilər və rayonlar var. Bu məsələdə daha çox rayon təhsil şöbələrinin müdirləri, eyni zamanda Ərazi Hesablama Mərkəzinin məsul şəxsləri məsuliyyət daşımalıdır. Çünki onlar hesablama əməliyyatlarını düzgün təqdim etsələr, bu cür problemlər də yaşanmaz. Amma təəssüf ki, biz məsul şəxslərin fəaliyyətinin düzgün şəkildə həyata keçirilməsinin şahidi ola bilmədik. Müəllimlər artıq ayın 1-dən məzuniyyətdədir, amma hələ də maaşlarını və məzuniyyət pullarını ala bilməyənlər var. Kəsirlərin olmasını isə müəllimlərə qarşı haqsızlıq hesab edirəm”.

E. Əfəndinin sözlərinə görə, qanuna əsasən məzuniyyət dövrü üçün orta əməkhaqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilməlidir:

"Məzuniyyət vaxtı üçün orta əməkhaqqı məzuniyyət başlanandan sonra ödənilirsə, məzuniyyətin başlanma vaxtı əməkhaqqının faktik ödənildiyi gündən hesablanmalıdır. Qanunda deyilənləri nəzərə almaq lazımdır. Müəllimlər iyul ayının 1-dən məzuniyyətdə olduqları halda, hələ də məzuniyyət pulunu almayıblar”.

Digər təhsil eksperti Kamran Əsədov isə "Press Klub”a şərhində orta ümumitəhsil məktəblərində çalışan müəllimlərin tədris ili başa çatdıqdan sonra 56 gün məzuniyyət hüquqlarının olduğunu xatırlatdı:

"Bu məzuniyyət onların bir il ərzində aldıqları əməkhaqqına uyğun olaraq hesablanır. Ölkədə 4447 orta ümumitəhsil məktəbində 150 min müəllim var və onlar artıq iyulun 1-dən məzuniyyətə çıxıblar. Məzuniyyət müddətləri orta ümumtəhsil məktəblərinin direktorları, eyni zamanda kitabxanaçılar üçün daha azdır. Təəssüf ki, sosial şəbəkələrdə yay məzuniyyət pullarının verilməsi ilə bağlı ciddi problem və narahatlıqlar var. Məzuniyyətlər hesablanan zaman iş günlərinin sayı nəzərə alınır. İyunun 15-dən sonra qeyri-iş günləri bura şamil edilməyib. Orta ümumtəhsil müəssisələrində çalışan müəllimlərin yay məzuniyyət ödənişlərinin məbləğlərinin aşağı olmasına iş günlərindəki azlıq təsir göstərir. Çünki müəllimlərin əmək haqları, eyni zamanda, iş günlərinin sayı ilə hesablanır. Az əməkhaqqı hesablanan daha çox saathesabı əməkhaqqı alan müəllimlərdədir. Digər müəllimlərin pullarında da azalmalar var. Bunun əsas səbəbi isə iyunun 15-dən sonrakı qeyri-iş günlərinin sayıdır. Bu və ya digər bayramlar, əlamətdar günlər, hüzn günləri ilə bağlı olaraq iş günləri qeyri-iş günlərini əvəz edir. İş günləri hesab edilən günlərin sayı az olduqda, bu da məzuniyyət pullarına təsir göstərir”.

Ekpsert hesab edir ki, bütün hallarda bu, haqsızlıqdır:

"Nəzərə alsaq ki, digər dövlət qurumlarında bu, nəzərə alınmır. Yaxud Milli Məclisin deputatları məzuniyyətə çıxanda aldıqları əməkhaqqından üç dəfə artıq məzuniyyət pulu alırlar. Hesab edirəm ki, müəllimlərə tədris ilində itirdikləri enerjilərini bərpa etmək üçün yay mövsümündə heç olmasa, kifayət qədər imkan yaratmalıyıq. Bu, ciddi bir məsələdir. Ona görə də yay aylarında yaxşı olar ki, müəllimlərin əməkhaqqı təkcə onların bir tədris ilində işlədikləri maaşa uyğun olaraq hesablanmasın. Digər əlavə güzəşt məbləğləri də müəyyən edilməlidir ki, yay mövsümündə onlar həm istirahət edə bilsinlər, həm də bu, onlara motivasiya olsun. Ümumiyyətlə, müəllimlərin əmək haqları məsələsinə yendiən baxmaq lazımdır. Hazırkı əmək haqları müəllimlərin keyfiyyətli tədris həyata keçirməsinə uyğun deyil”.