Gündəm / Siyasət / Sosial

Muradovun qucaqladığı Araik... - zəhləmizi çoxmu tökəcək?

Muradovun qucaqladığı Araik... - zəhləmizi çoxmu tökəcək?

 

 
Kanal14.az: - Qarabağ anklavında Rusiya sülhməramlılarının arxasında gizlənən Araik Arutyunyan növbəti dəfə əsəblərimizi tarıma çəkən açıqlama verib. Özü də iyulun 7-də, Moskvada Putinlə Paşinyan görüşən gün...

İkinci Qarabağ müharibəsinin "qəhrəmanları”na (?!) mükafatlar paylayan Araik deyib: "Artsaxın öz silahlı qüvvələri olmalıdır. Mən əminəm, biz hələ vətən və xalq qarşısında öz borcumuzu yerinə yetirəcəyik”. "Vətən” və "xalq” deyərkən təbii ki, o, Ermənistanı nəzərdə tutmur, mifik "artsaxı”ı və "artsax xalqı”nı nəzərdə tutur.

Beləcə, Azərbaycanın beynəlxalq axtarışa verdiyi Araik Aryutunyanın başçılıq elədiyi quldur dəstələri hələ də torpaqlarımızda qalır və meydan sulayır. Araik isə sanki heç nə baş verməyibmiş kimi, üstəlik, misilsiz sırtıqlıqla "ordu quruculuğu”ndan dəm vurur. Rusiya, onun silhməramlıları da buna heç bir reaksiya vermir.

Dünən isə Şuşanın azad edilməsinin düz 8 ayı tamam oldu. Bəs Moskva niyə 10 noyabr kapitulyasiya sənədinin 4-cü bəndinə uyğun olaraq öz missiyasını 8 aydır yerinə yetirmir, qanunsuz dəstələri tərk-silah eləmir? Biz hələ Araikin Bakıya təhvil verilməsi zərurətini demirik. Bakıya qarşı belə etinasızlıq, qərəz daha nə qədər sürəcək? Putin-Paşinyan görüşündə bu məsələ gündəmə gələ bilərdimi? İddialara görə, gəlib və bundan sonra 10 noyabr sazişi fərqli alqoritmlə işləyəcək.

Ancaq bu haqda rəsmi açıqlama mövcud deyil. A.Arutyunyanın bir neçə ay əvvəl Moskvaya səfəri və orada hansısa dairələrlə görüşlər keçirməsi Azərbaycan tərəfdən sərt qarşılanmışdı. Sonrakı mərhələdə Arutyunyana qarşı Xankəndində başlayan etirazları şərh edən ekspertlər bu quldurun artıq Rusiyanın işinə yaramadığı və tezliklə rədd ediləcəyi haqda rəylər söylədilər. Əslində Azərbaycanla münasibətlərə xələl gətirən, ürək bulandıran bu "qara milçək” ortadan götürüləcək, gec-tezi var, sadəcə, məsələnin uzanması narahatlıq doğurur. Arutyunyan kimi caninin ortada dolaşması digər revanşistlərə də stimul verir, necə ki, Ağdamda bir hərbçimizə silah tuşlandı. Bu mənada İnterpol xətti ilə axtarışda olan baş separatçı və terrorçunun zərərsizləşdirilməsi zərurətə çevrilib.

Deputat Ceyhun Məmmədov "Yeni Müsavat”a bildirdi ki, görünür, Araik 44 günlük müharibədə baş verənlərdən hələ də nəticə çıxarmayıb: "Reallıq hissini itirən Araik hansı vəsaitlə və güclə ”ordu" yaradacaq? Bu, onun növbəti sərsəmləməsidir. Arutyunyan və onun quldur dəstəsi unutmamalıdır ki, "dəmir yumruq” hər zaman hazırdır. Əgər 10 noyabr razılaşmasının 4-cü bəndinə uyğun olaraq qanunsuz dəstələr tərki-silah olunmasa, Azərbaycan bu missiyanı üzərinə götürə bilər. Bildiyiniz kimi, Prezident İlham Əliyevin bir neçə dəfə Rusiya Prezidenti ilə telefon danışıqları olub. Eləcə də Cənab Prezident öz çıxışlarında bu məsələyə bir neçə dəfə toxunub. Hətta tezliklə yekun sülh razılaşmasının imzalanmasının vacibliyini dəfələrlə qeyd edib".

C.Məmmədov hesab edir ki, bu sazişin imzalanması ilə bütün məsələlərə son qoyulmalıdır, o cümlədə ərazi iddialarına: "10 noyabr razılaşmasının bəndlər yəqin ki, Paşinyanla Putinin görüşündə bir daha Ermənistan tərəfinin diqqətinə çatdırılıb. Ermənistanın çox az vaxtı var, konkret mövqe bildirməlidir! Müharibənin dayandırılmasını Ermənistan rəhbərliyi xahiş etdi və kapitulyasiya aktını imzaladı. Əgər yenidən müharibə etmək fikri varsa, ”dəmir yumruq" hər zaman hazırdır. Bir də ki, prosesi uzatmaqla Ermənistan heç nəyə nail olmayacaq. Əksinə, iqtisadiyyatı daha da çökəcək, əhalinin sosial durumu daha da ağırlaşacaq. Ermənistan bunu yaxşı anlamalıdır. İnanıram ki, Moskvada bir çox məsələlər yenidən Paşinyanın diqqətinə çatdırıldı və ona xəbərdarlıqlar edildi. Moskva səfərindən sonra prosesin sürətlənmə ehtimalı böyükdür".

Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərovun fikrincə, məsələlər bu şəkildə çox uzun davam edə bilməz: "Qarabağda baş verən son hadisələr onu deməyə əsas verir ki, bu rəzalət və biabırçılıqlar davam edəcəksə, ruslar tezliklə şələ-külələrini yığıb gəldikləri yerə qayıtmağa məcbur ediləcəklər. Adı guya sülhməramlı olan hərbi kontingentin məsuliyyət dairəsində erməni yaraqlıları min hoqqadan çıxırlar, separatçıların dəstəbaşısı Araik Arutyunyan və bir sürü ağlını itirmiş erməni rusları sözün hər mənasında çıxılmaz vəziyyətə salır. Bunun qarşısı alınmasa, Rusiya olan-qalan hörmətini də xərcləyəcək və rüsvayçılıqla bölgəni tərk etməyə məcbur olacaq. Proseslər sürətlə bu istiqamətdə inkişaf edir və bunun da səbəbkarı, günahkarları Moskvada və Rostovda oturan siyasilər, hərbçilərdir.

8 aydan çoxdur ki, bölgəyə dəvət olunmuş rus sülhməramlıları bu vaxta kimi hər şeylə məşğul olurlar, təkcə əsas məsələdən başqa. Onların görməli olduqları ən önəmli və ən vacib işlərdən biri və birincisi silahlı erməni yaraqlılarını tərk-silah etmək olmalıydı. Onlar isə sanki bunu yaddan çıxarıblar və elə primitiv və lazımsız işlərlə məşğul olurlar ki, bəzən adam söz tapmır bu anormallığı dəyərləndirmək üçün. Sən silahlı quldurlara göz yumursan, onlar gərginlik yaradır, yeri gəldi-gəlmədi atəş açırlar, Azərbaycan mülki və hərbiçiləri yaralanır, minaya düşərək şəhid olurlar, Rusiya da özünü arxayın və rahat hiss edir. Belə vəziyyət uzun müddət davam edə bilməz. Erməni separatçıları get-gedə həyasızlaşırlar. Elə Araik yaramazın son açıqlamaları da onu deməyə əsas verir ki, bu əclaf quldur tez bir zamanda zərərsizləşdirilməyincə, problemlər artmaqda davam edəcək. Artıq cəmiyyətdə haqlı olaraq çox sərt tələblər irəli sürülür".

Hərbi ekspert qeyd etdi ki, Rusiya sülhməramlıları öz vəzifə borclarını yerinə yetirmir, əksinə, separatçıları şirnikləndirir və onlara şərait yaradırlar: "İyulun 7 və 8-də baş tutan Putin və Paşinyan görüşündən sonra isə tam əmin olmaq olar ki, bölgədə vəziyyət daha da gərginləşəcək. Deyiləsi və yazılası elə şeylər var ki, biz azərbaycanlılar hələ ki onlar haqqında çox da ucadan, açıq müstəvidə müzakirələr açmağı məqsədəmüvafiq saymırıq. Amma bu, o demək deyil ki, biz baş verənləri görmürük və anlamırıq. Proseslər özü-özlüyündə yetişir, erməni quldurlar mütləq mənada sərt cavablarını almalıdırlar və alacaqlar. Həmçinin Rusiya ya üçtərəfli sazişin tələblərinə tam şəkildə əməl edəcək, ya da Azərbaycan cəmiyyəti və rəsmi Bakı məsələni tam fərqli müstəvidə qoymağa məcbur olacaq. Seçim Rusiyanın özünün və əlaltıları olan Ermənistanındır”.

Ekspertlərimizin də qeyd etdiyi kimi, nəzərlər sülhməramlılara yönəlib. Aylar öncə general Rüstəm Muradovun A.Arutyunyanla qucaqlaşma səhnəsini də unutmamışıq...//dia.az