Gündəm / Mədəniyyət

Şirvanda şəhid Şəhriyar İsmayılzadənin ad günü təntənəli şəkildə qeyd olunub

Şirvanda şəhid Şəhriyar İsmayılzadənin ad günü təntənəli şəkildə qeyd olunub

 

Kanal14.az: - Şirvan şəhərində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan şəhidlərimizin doğum və anım günlərində onların ailələrinin, məzarlarının ziyarət olunması artıq ənənə halını alıb. Ənənənin davamı olaraq 7 iyul 2021-ci il tarixdə Vətən müharibəsinin şəhidi İsmayılzadə Şəhriyar Əkbər oğlunun doğum günü qeyd edilib.

Şirvan Şəhər İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, Hacıqəhrəmanlı Bələdiyyəsinin üzvləri, Gənclər və İdman İdarəsinin əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri, yaxınları, döyüş yoldaşları, dostları öncə Şəhidlər Xiyabanında Şəhriyarın məzarını ziyarət edərək önünə gül-çiçək dəstələri düzüblər. Şəhidin ruhuna dualar oxunub, valideynlərinə Allahdan səbir dilənib.

Sonra ziyarətçilər şəhid Şəhriyar İsmayılzadənin Hacıqəhrəmanlı qəsəbəsində yaşadığı evin yaxınlığında xatirə lövhəsinin və guşəsinin açılışında iştirak ediblər. Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra şəhidin atası Əkbər İsmayılzadə, anası Fatma xanım xatirə lövhəsini açaraq övladlarını cənnətdəki ilk doğum günü münasibətilə təbrik ediblər və tədbir iştirakçılarını salamlayıblar.

Tədbirdə şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, Hacıqəhrəmanlı bələdiyyəsinin sədri Samirə Abışova, əməkdar müəllim Həsənpaşa Tahirov, tarix müəllimi Töfhə Cəlilova, Hacıqabul şəhidi Şıxəliyev Mehdinin anası, Hacıqəhrəmanlı şəhidi Rahil Ərəblinin anası, şəhidin döyüş yoldaşları 44 günlük Vətən müharibəsini Şanlı zəfərlə başa çatdıran şəhidlərimizə Allahdan rəhmət diləyiblər və onları böyüdən valideynlərə minnətdarlıq ediblər. Qeyd olunub ki, Azərbaycan xalqı Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi və müzəffər ordumuzun qüdrəti altında qəhrəman oğullarımız sonsuz cəsarət və qəhrəmanlıq göstərərək həyatları bahasına torpaqlarımızı düşməndən azad etmişdir. Üçrəngli bayrağımız respublikamızın bütün guşələrində olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızda da əzəmətlə dalğalanmaqdadır.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, Şirvanda da şəhid ailələri və qazilərə diqqət və qayğı göstərilməsinin yüksək səviyyədə təşkil olunması vurğulanıb. Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açıblar. Vətənimizin azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əbədi ehtirama layiq olduqlarını diqqətə çatdırıblar.

Sonra Şəhriyar İsmayılzadənin keçdiyi döyüş yolundan, Vətən uğrunda göstərdiyi şücaətdən danışılıb. Qeyd olunub ki, 7 iyul 1994-cü ildə dünyaya gələn İsmayılzadə Şəhriyar sadə, zəhmətkeş ailədə böyüyüb. Hacıqəhrəmanlı qəsəbə 12 nömrəli tam orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidmətini başa vurduqdan sonra ailəsinin yanına qayıdan Şəhriyarı yaxınları, dostları vətənpərvər, mərd, cəsur oğul kimi tanıyıblar. 27 sentyabr 2020-ci il tarixdə II Qarabağ müharibəsi başladıqda könüllü olaraq torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərə qatılıb. Zəngilan, Qubadlı, Füzuli, Şuşa şəhərlərinin alınmasında qəhrəmanacasına döyüşüb. Şuşa uğrunda gedən qanlı döyüşlərdə şəhadətə yüksəlib. Azərbaycan xalqının elliklə Qələbə gününü qeyd etdiyi 10 noyabr 2020-ci ildə Şirvan şəhər Şəhidlər Xiyabanında izdihamla dəfn olunub. Ölkə başçısının sərəncamı ilə Şəhriyar İsmayılzadə ölümündən sonra "Vətən uğrunda” medalı ilə təltif edilib.

Daha sonra Şəhriyarın vaxtilə təhsil aldığı 12 nömrəli tam orta məktəbin şagirdləri şəhidlərə həsr edilmiş bədii kompazisiya ilə çıxış ediblər.

Tədbirin sonunda xatirə lövhəsinin önünə gül-çiçək dəstələri düzülüb. Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya və şəhər rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.//tia.az