Gündəm / Cəmiyyət

Azərbaycanda onlayn narkotik satışı “çiçəklənir” - SOS!

Azərbaycanda onlayn narkotik satışı “çiçəklənir” - SOS!

 

 

Virtual kriminallar "patı” satır; Daxili İşlər Nazirliyi məsələ ilə bağlı açıqlama yaydı

Kanal14.az: -Real həyatın virtuala daşınması sosial şəbəkələrdə kriminala da geniş imkanlar yaradıb. Ən pisi isə odur ki, internet üzərindən narkotiklərin satışı sürətlə genişlənir. Narkomafiyaların internetin imkanlarından narkotik satışının təşkili üçün istifadəsi artıq acı reallıqdır. 

Artıq "Bakıda onlayn narkotik satışı ilə məşğul olan şəxslər saxlanılıb”, "Türkiyədən Azərbaycana onlayn narkotik satışı”, "Bakıda polis əməliyyatı: onlayn qaydada narkotik satanlar tutulub” kimi xəbər başlıqları ilə kimlərisə təəccübləndirmək mümkün deyil.

Bu haqda xəbərlərin intensivləşməsi ölkədə onlayn narkotik satışı, virtual narkoticarətin genişlənməsi haqda fikirlər söyləməyə əsas verir.

Məsələn, sosial şəbəkələrin Azərbaycan seqmentində "patı_kola_narkotik”, "patı_kola_gara (istədiyiniz ərazilərə çatdırılma), ”iran_patı_kola_alish_veris" və s. niklər altında onlayn narkotik satışı təşkil olunur. Görünən odur ki, virtual kriminalın onlayn narkopiştaxtaları 24 saat fəaliyyətdədir, onlayn "barıqa”lar (narkoticarətlə məşğul olanlar) günümüzün reallığıdır.


Azərbaycanda onlayn narkotik satışı “çiçəklənir” - SOS!

 

Sosial şəbəkələrdə qapalı qruplar yaradır, həmin qruplara istədikləri şəxsləri əlavə edib  metamfetamini - küçə adı "şüşə”, "patı”, "kristal”, "met”in satışını təşkil edirlər. Belə onlayn satışın ən təhlükəli tərəfi də internetdən əsasən gənc nəsil istifadə etməsidir. Virtual məkanda gənclərə birbaşa çıxış virtual "barıqa”ların işinə yarıyır. Gəncləri sintetik narkotiklərin ziyanlı olmaması kimi yalan məlumatlarla cəlb edib narkobazarı genişləndirir, sonradan narkotikdən asılı duruma düşən gənclərdən narkokuryer kimi istifadə edirlər. 

Əslində isə "patı” "şüşə” "met” kimi tanınan metamfetamin dünyanın ən təhlükəli narkotik vasitəsi hesab olunur. "Patı” istifadə edən gənclər tez bir zamanda qəbir evinə çatdırır.

Bunun bariz nümunəsini hər kəs qəbiristanlıqlara getdikdə görə bilər. Qəbir daşları üzərində doğum və ölüm tarixlərinə diqqət edin. Sintetik narkotiklərin nə dərəcədə yayılmasını fərq edəcəksiniz.

Küçədə axsayan, qolları şişkin yaralarla dolu, dişləri tökülmüş, aqressiv üz ifadəli gənclərin mütləq əksəriyyəti "patı”nın quludur. Tez bir zamanda asılılıq yaradan, qiyməti 5-10 manat olan "patı”nın onlayn "barıqa”ları da öz işlərindədir.  Narkotiklərin satışına görə pul da onlayn qəbul olunur. Çox zaman kuryerlər narkotik daşıdıqlarını belə bilmirlər. Məktubun içində vakkum paketə qablaşdırılan uyuşdurucu satıcıdan alıcıya çatdırılır. Və ya pulu alıb narkotik paketini binaların girişindəki sayğacların içində, telefon, elektrik qutularında qoyur, müştəriyə bu haqda məlumat verirlər. Azərbaycanda nisbətən yeni olan onlayn narkotik satışı Rusiyada illərdir var və mübarizə tədbirləri də daim inkişafdadır. 

 

Azərbaycanda onlayn narkotik satışı “çiçəklənir” - SOS!

 

 

Məsələn, Rusiya Cinayət Məcəlləsində 2015-ci ildə dəyişiklik olunub və onlayn narkotik satışı ilə bağlı cəzalar müəyyənləşib. Azərbaycan Cinayət Məcəlləsində isə onlayn narkotik satışı ilə bağlı maddə sadəcə yoxdur. Bu o demək deyil ki, onlayn narkotik satanlar cəzalandırılmır, sadəcə, qanunlarda dəyişikliklər günümüzə uyğunlaşdırılmayıb. Onlayn narkobiznesə qarşı mübarizə tədbirləri haqda da məlumat almaq üçün Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının qaynar xətti - 802 ilə əlaqə saxladıq. Xətdən əlaqə nömrəsini götürüb məlumat verəcəklərini söyləməklə işlərini bitirmiş hesab etdilər. 

Dövlət Komissiyasının saytında yer alan məlumatdan belə aydın olur ki, iyunun 25-dən etibarən ictimai maarifləndirmə tədbirlərinin təşkili ilə əlaqədar sağlam həyat tərzinin təbliği və narkotiklərin ziyanına dair əhalini məlumatlandıran sms-lər göndərir.

Həmin sms-lərdə "Narkotikler haqqinda heqiqeti oyrenek ve hech bir halda ondan istifade etmeyek! www.nmdk.gov.az, Qaynar xett 802" sözləri yazılıb. DK saytında yer alan məlumatlarda iddia olunur ki, belə sms-lər 1 milyon 300 min nəfərə göndərilib.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunda fəaliyyət göstərən "802" qaynar xətt əlaqə mərkəzinə 2021-ci ilin 1-ci rübü ərzində 32 müraciət daxil olub. Onlardan 6-sı narkotik vasitələrin qanunsuz satışı (4 müraciət əsasında cinayət işi başlanılıb), 9-u narkomaniyadan müalicə (6 nəfər müalicəyə qəbul olunub), 17-si isə digər məsələlərlə bağlı olub.  Eyni zamanda Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının www.nmdk.gov.az internet saytının ”Onlayn müraciət" bölməsinə 7 müraciət daxil olub, onlardan 4-ü narkotik vasitələrin qanunsuz satışı (4 müraciət əsasında cinayət işləri başlanıb), 2-si narkomaniyadan müalicə, 1-i isə digər məsələ ilə bağlı olub.

Dövlət Komissiyasının saytında yer alan hesabatlarında onlayn narkotik satışına qarşı mübarizə tədbirləri haqda məlumatlar iyunun 29-na qədər yerləşdirilməyib. Ən son hesabat 2021-ci ilin 1-ci rübünü əhatə edir.

2021-ci ilin 3 ayı ərzində ölkə üzrə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində ümumilikdə 2 min 50 cinayət faktı müəyyən edilib. Onlardan 747-si narkotik vasitələrin qanunsuz satışı, 1264-ü narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 13-ü qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 26-sı isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub. 

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 1 ton 287 kq 819,817 qr narkotik vasitələrin və psixotrop maddələrin 656 kq 378,952  qr-nı heroin, 326 kq 541,49 qr-nı marixuana, 147 kq 157,972 qr-nı tiryək, 25 kq 734,08 qr-nı həşiş,89,679 qr-nı kokain, 29 kq 418,755 qr-nı metamfetamin və 637,84 qr-nı digər narkotik vasitələr, 101 kq 861,049 qr-nı psixotrop maddələr təşkil edib. Həmçinin göstərilən dövr ərzində 5 kq 881,85 qr güclü təsir edən maddələr, 4,05 qr zəhərli maddələr qanunsuz dövriyyədən götürülüb. Hesabat dövründə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 1071 nəfər cəlb edilib ki, onlardan 16-18 yaşadək 4 nəfər, 18-25 yaşadək 80 nəfər, 26-29 yaşadək 202 nəfər, 30 yaş və ondan yuxarı isə 785 nəfər təşkil edir. Həmin şəxslərdən 1045-i kişi, 26-sı qadın olub. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 12 nəfəri xarici ölkə vətəndaşlarıdır.

Məsuliyyətə cəlb edilmiş 12 xarici ölkə vətəndaşından 4-ü İran İslam Respublikası, 3-ü Gürcüstan, 2-si Türkiyə, 2-si Ukrayna və 1-i Rusiya vətəndaşları olub.

2021-ci ilin I rübü ərzində hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 31 fakt aşkar edilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 175 kq 847,482 qr müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr  çıxarılıb.

Ümumilikdə, aşkar edilmiş cinayətlərin 71-i qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 431 kq 475,208 qr narkotik vasitələr müsadirə edilib.

Təhlil göstərir ki, 2020-ci ilin I rübü ilə müqayisədə 2021-ci ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların sayı 510, qanunsuz satışı ilə bağlı faktların sayı 147, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 356, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 7 vahid artıb.

Bu kateqoriyadan olan digər cinayətlərlə bağlı faktların sayı isə sabit olub.

Həmçinin, qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 656 kq 945,417 qr, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı 300 nəfər artıb.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məlumatına əsasən, 2020-ci il 31 dekabr tarixinə respublika üzrə narkomanlıq diaqnozu ilə qeydiyyatda olanların sayı 33 min 788 nəfər təşkil edir. Həmin şəxslərdən 28 min 318 nəfəri dispanser, 5 min 470 nəfəri profilaktik qeydiyyatında olanlardır. Onlardan 618 nəfəri qadındır. 23 min 537 nəfər opioid qrupuna aid narkotik istifadəçiləri, 10251 nəfər kannabinoid qrupuna aid narkotik istifadəçiləridir. 2020-ci ildə müvafiq diaqnozla 2 min 723 nəfər qeydiyyata götürülüb, 1856 nəfər isə qeydiyyatdan çıxarılıb.

 

Azərbaycanda onlayn narkotik satışı “çiçəklənir” - SOS!

 

 

Günün sonuna qədər Dövlət Komissiyasından onlayn narkotik satışına qarşı mübarizə tədbirləri ilə bağlı məlumat verilmədi. Dövlət Komissiyasından veriləcək cavabı da təqdim edəcəyik.

"Sosial şəbəkə istifadəçiləri tərəfindən guya ölkə ərazisində narkotik vasitələrin, xüsusən, ”patı" adlanan, psixotrop maddə olan metamfetaminin kütləvi satışının həyata keçirildiyi və narkotik vasitələrin satışının qarşının polis əməkdaşları tərəfindən alınmadığı, narkotik vasitə və psixotrop maddələrin satışını həyata keçirən şəxslərə qarşı mübarizə aparılmadığı, bu hüquqazidd əməllərlə məşğul olan şəxslərin fəaliyyətinə polis əməkdaşlarının göz yumduğu barədə həqiqətə uyğun olmayan informasiyalar yayılıb".

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin inspektoru, polis kapitanı Anar Qafarov Musavat.com-a bildirib ki, polisin ünvanına səslənən bu ittihamlar qəti şəkildə rədd edilir: "Qeyd edirik ki, polis əməkdaşları tərəfindən qanunsuz olaraq narkotik vasitələr, psixotrop maddələr və ya onların prekursorlarının hazırlanması, istehsal edilməsi, əldə olunması, saxlanılması, daşınması, göndərilməsi və ya satılmasına qarşı qətiyyətli mübarizə tədbirləri fasiləsiz olaraq həyata keçirilir. Bu əməliyyatların nəticələri barədə daim ictimaiyyətə ətraflı məlumatlar təqdim edilir. Narkotik vasitə və psixotrop maddələrin satışına qarşı keçirilən əməliyyatlardan hazırlanan videomateriallar Nazirliyin sosial şəbəkələrdəki hesablarında, internet resurslarında və kütləvi informasiya vasitələrində yayımlanır”.

 

Azərbaycanda onlayn narkotik satışı “çiçəklənir” - SOS!

 

 

Bildirilib ki, DİN-in əməkdaşları tərəfindən 2021-ci ilin əvvəlindən bu günə kimi 1 ton 842 kiloqram yüksək təsiredici xassəyə malik müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılaraq satışının qarşısı alınıb: "Həmçinin qeyd edilən dövr ərzində əlavə olaraq 178 kiloqram ”patı" adalanan psixotrop maddə metamfetaminin ölkə ərazisində qanunsuz dövriyyəsinin, yəni satışının qarşısı alınıb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələrin çəkisi ötən ilin müvafiq dövrü ilə müqayisədə 953 kiloqram çoxdur. Bu rəqəmlərin fonunda polis əməkdaşlarının narkotik vasitələrlə və onların satışı ilə məşğul olan şəxslərlə mübarizə aparmadığını söyləmək həqiqətin təhrif olunmasıdır.


Azərbaycanda onlayn narkotik satışı “çiçəklənir” - SOS!

 

Araşdırmalar göstərir ki, milli genefondun pisləşməsinə gətirib çıxaran narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunusuz dövriyyəsinə qarşı mübarizə antinarkotik təbliğatın və ictimai maarifləndirmə işinin gücləndirilməsini tələb edir. Xüsusən son dövrlər narkotik vasitə və psixotrop maddələrin sosial şəbəkələr vasitəsi ilə onlayn yolla satılması hallarına tez-tez rast gəlindiyindən bu bəla ilə mübarizədə, həmin şəxslərin ifşa edilməsində vətəndaşların, ümumən sosial şəbəkə istifadəçilərinin, bloggerlərin, youtuberlərin, kütləvi informasiya vasitələri nümayəndələrinin ortaya vətəndaş mövqeyi qoymasına ciddi ehtiyac duyulur. Onları antinarkotik təbliğat işində fəal olmağa, şəxsi profillərində mütəmadi olaraq antinarkotik təbliğat postları paylaşmağa, üzləşdikləri, həmçinin aşkar etikləri faktlar barədə dərhal "102" Xidməti-Zəng Mərkəzinə və ya Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verməyə çağırırıq. Unutmayaq ki, bu gün antinarkotik təbliğat işində yaxasını kənara çəkmək, narkomaniyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının ünvanına yalan və böhtan xarakterli şərhlər yazmaq ancaq narkotik vasitələrin satışını həyata keçirən şəxslərin maraqlarına xidmət edə bilər. Gəlin polis əməkdaşlarına dəstək olmaqla ”ağ ölüm"ün ölkə daxilində vətəndaşların qapısını döyməsinin qarşısını birlikdə alaq".//musavat.com