Gündəm / Siyasət

Beynəlxalq Böhran Qrupunun Qarabağ hesabatı - sülhməramlıların statusu gündəmdə...

 Beynəlxalq Böhran Qrupunun Qarabağ hesabatı - sülhməramlıların statusu gündəmdə...

Beynəlxalq Böhran Qrupu ("İnternational Crisis Group”) Azərbaycanla Ermənistan arasında ötən il noyabrın 10-da üçtərəfli bəyanatın imzalanması ilə başa çatmış müharibədən sonra Qarabağa dair özünün ilk geniş hesabatını dərc edib. Azərbaycan, Rusiya və Ermənistan rəsmiləri, ekspertləri ilə müsahibələr əsasında hazırlanmış hesabatda bir sıra təkliflər də irəli sürülür. Bunlardan ən vacibi Rusiya sülhməramlı kontingentinin mandatının təsdiq edilməsidir.


Belə ki, üçtərəfli bəyanatda sülhməramlıların vəzifəsi barədə cəmi üç cümlə yer alır, onların mandatı detallı şəkildə təsvir olunmur və Rusiya hərbçiləri yerlərdə həll etməli olduqları bir çox vəzifələrlə qarşılaşıblar. Onlar müşahidə postları qurmağa başlayıblar, eyni zamanda qaçqınların avtobuslarını müşayiət ediblər, üstəlik, dağılmış infrastrukturun bərpası ilə məşğul olublar.


"Sual yaranır ki, sülhməramlılar bundan sonra da zamanın necə keçməsindən asılı olaraq müxtəlif işləri görəcəklər. Onlar nəinki hərbi eskalasiyanın qarşısını alacaqlar, eyni zamanda növbəti beş ildə itmiş inəkləri də axtaracaqlar? Nə qədər xoş niyyətlə olsa da sülhməramlılar hər şeylə məşğul ola bilməz”, - təşkilatın ekspertləri vurğulayırlar.


Hesabatda qeyd olunur ki, sülhməramlılarla yanaşı regiona Rusiya Fövqəladə Hallar Nazirliyinin qrupu da gəlib və rusiyalı mütəxəssislərin ümumi sayı 4 min nəfərə yaxındır. Lakin formal mandatın olmaması müşahidəçiləri onların növbəti mümkün eskalasiya zamanı necə hərəkət edəcəklərinə dair təxminlər yürütməyə məcbur edir.


Beynəlxalq Böhran Qrupu qeyd edir ki, Moskva sülhməramlılar üçün daha aydın, konkret mandat formalaşdırmaq üzərində işləyir. Lakin indiyədək hazırlanmış iki variantı tərəflər rədd ediblər. Moskva isə bu səylərdən əl çəkməyə hazırlaşmır, amma tələsmək də istəmir. Yəni Rusiyanın yanaşması belədir.


Hesabatdan da göründüyü kimi, əsas olaraq Rusiya sülhməramlı kontingentinin mandatı gündəmə gətirilir. Sənəddə ən ilginc məqam budur ki, Rusiyanın bununla bağlı iki variantını tərəflər rədd edib. Amma söhbətin hansı variantdan getdiyi açıqlanmır, çünki nə rəsmi Bakı, nə İrəvan bu barədə açıqlama verməyiblər. Rusiyanın hələ də israr etdiyi variant nədir ki, hətta İrəvan da bundan imtina edir?


Sülhməramlıların mandatı məsələsi Azərbaycanda maraqları olan, eləcə də Rusiyanın bölgədə güclənməsini istəməyən Qərbi də narahat edir. Gah deyirlər ki, sülhməramlıların tərkibi qarışıq olmalıdır, digər ATƏT-in Minsk Qrupuna daxil olan ölkələrin qoşunları da iştirak etməlidir. Hətta ABŞ dövlət katibin müavininin Bakıya son səfərində belə bir təkliflə çıxış etdiyi barədə də iddialar vardı. Beləliklə, sülhməramlılar mövzusu getdikcə beynəlxalq müzakirə səhnəsinə çıxmağa başlayıb. Aydındır ki, Rusiya təşəbbüsü əldən verməyəcək, sülhməramlılar missiyasını kimlərləsə bölüşməyəcək. O halda yeganə yol yenə də sülhməramlıların statusunun müəyyənləşməsidir.


Ekspertlərin bu hesabata münasibətləri ən müxtəlifdir. Burada Rusiya sülhməramlıları ilə bağlı bəzi mesajların verildiyi vurğulanır. Eyni zamanda əlavə sülhməramlı kontingentin Qarabağa yerləşdirilməsi niyyətinin olduğunu düşünənlər də var.


Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə hesabatı belə dəyərləndirdi: "Beynəlxalq Böhran Qrupunun yazıları hazırda real vəziyyətdən uzaqdır. Mənə elə gəlir ki, onların müəyyən qədər bugünkü reallığı qəbul etmək istəməmələrinin səbəbi də münaqişənin, hansısa böhranın olmaması ilə bağlı darıxmalarıdır. Böhranı tapmaq üçün problem yaratmağa ehtiyac görürlər. Bu gün reallıq ondan ibarətdir ki, Azərbaycan ərazisində ermənilərin yaşaması və onların təhlükəsizliyi üçün üçtərəfli razılaşmada beş il müddətində rus sülhməramlı kontingentinin yerləşməsinə razılaşıb. Burada əsas məsələ ondan ibarətdir ki, bu müddət ərzində məhz Azərbaycanın Konstitusiyasına uyğun olaraq ərazimizdə digər millətlər yaşadığı kimi, ermənilər də yaşaya bilər. Artıq Minsk Qrupunun fəaliyyətinə bir ehtiyac görmürəm. Bu gün əsas məsələ beynəlxalq hüquq normalarının bərqərar olması və ərazi bütövlüyümüzü tanımaq istəməyənlərin tanımasıdır. Ərazimizə əlavə kontingentlərin yerləşdirilməsi cəhdləri uğursuz olacaq. Biz bunu heç vaxt qəbul edə bilmərik. Yeri gəlmişkən, Rusiya da maraqlı deyil ki, bura funksiyaları aydın olmayan hərbi qüvvələr yerləşdirilsin. Rusiya sülhməramlıları müvəqqətidir. Onlar Ermənistan və Azərbaycan tərəfindən qəbul edilib. Onların da funksiyaları üçtərəfli sazişlə müəyyən edilib. Biz bu gün düşünməliyik ki, beynəlxalq təşkilatlar dəstək vermək istəyirlərsə, onlar minalardan ərazilərimizin təmizlənməsi prosesinə dəstək verə, yüz minlərlə azərbaycanlının öz evlərinə qayıtması mərhələsində dəstəkçi ola bilərlər. Bu da onların müsbət töhfəsi kimi qəbul olunar. Bunun xaricində Azərbaycan öz hüquqlarından istifadə edərək, tərəfdaşlarının da dəstəyi ilə işlərini həyata keçirməyə qadirdir. Dünyada çoxlu sayda böhranlar hələ də davam etməkdədir. Gedib o böhranları həll etməklə məşğul olsunlar. Artıq Qarabağ münaqişəsi yoxdur. Bu qurumun fəaliyyətində son zamanlar ciddi dəyişikliklər olunub. Tərəfli olduğunu çox zaman büruzə verir”.

Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayevun isə fikirləri bir qədər fərqlidir: "Beynəlxalq Böhran Qrupunun Rusiya sülhməramlıları ilə bağlı dedikləri, hazırladıqları hesabat Azərbaycan vətəndaşlarının, siyasətçilərinin, ümumilikdə, bütöv cəmiyyətin düşüncəsi ilə demək olar ki, üst-üstə düşür. Onların verdiyi sualları biz də ilk günlərdən vermişik və verməkdəyik. Doğrudan da, sülhməramlılar orada ”hərşeyşünaslıq" edirlər. Hətta qaçqınları az qala gedib İrəvanda tapıb gətirib Xankəndinə yerləşdirirdilər. Onlara köməklik göstərir, inəklərini sağır, qoyunlarını otarırlar, minalarını təmizləyirlər. Bir sözlə, könüllərini alıb, mənəvi dəstək olurlar. Rus sülhməramlılarnın orada olması ilə bağlı ortada ciddi bir sənəd olmalıdır və onlar da bu sənəd əsasında funksiyalarını yerinə yetirməlidirlər. BMT-nin sülhməramlılarla bağlı müddəaları var. Həmin müddəalara isə rus sülhməramlılarının uymadığı qənaətinə gəlirsən. Bunu da hesabat hazırlayan qurum bilməmiş deyil və bunun nəticəsində belə hesabat hazırlanıb. Azərbaycan uzun müddətə Qarabağda sülhməramlıların olmasında maraqlı deyil. Bizim əsas işlərimizdən biri orada yaşayan erməniləri Azərbaycan bayrağı altında, vətəndaşlığı qəbul etməklə yaşamağa sövq etməkdir. Ola bilsin ki, Rusiya və bəzi qüvvələr ermənilərin status arzularını qabartmaq istəsinlər. Məsələn, onlar düşünürlər ki, iki xalq arasında barış yaratmaq, birgə yaşayış motivlərini stimullaşdırmaq olar. Bunlar başa düşmürlər ki, heç bir halda status məsələsi olmayacaq. Buna ümid etməyə dəyməz. Dağlıq Qarabağ münaqişəsi yoxdur, bitib. Onu da deyim ki, bu hesabatla bizim fikirlər üst-üstə düşsə də, amma onun arxasında dayanan niyyətlər məqsədlərimizlə üst-üstə düşmür. Çünki Rusiya olmasın, başqa bir sülhməramlı olsun, onun da məqsədi status məsələsinə doğru yönələcək. Ermənilər və azərbaycanlılar arasında orada sədd çəkmək məsələsini qabardacaqlar. Sülhməramlı onsuz da sülhməramlıdır. Amma rus sülhməramlılarının ermənipərəst mövqedən çıxış etdikləri daha aydın görünür. Digər gələn sülhməramlıların ermənipərəst olmayacaqlarını harada bilək? Əgər orada digər sülhməramlıların yerləşdirilməsi tələbi olarsa, biz buna o halda razı olarıq ki, istədiyimiz ölkələrin hərbçiləri də həmin qüvvələr sırasına cəlb olunsunlar. Amma inanmıram ki, Rusiya buna imkan versin. Biz 2-3 il sonra deməyə hazır olmalıyıq ki, rus sülhməramlıların olmasını artıq istəmirik, orada yaşayan ermənilərin təhlükəsizliklərini təmin etməyə hazırıq".

"Yeni Müsavat”