Gündəm / Siyasət

Ermənilər Qarabağa qayıdırsa... - azərbaycanlılar da Göyçə və Zəngəzura qayıtsınmı...

Ermənilər Qarabağa qayıdırsa...
Azərbaycan torpaqlarını işğaldan azad edəndən sonra dəfələrlə bəyan edilib ki, ölkə vətəndaşlığını qəbul edən, qanunlarımıza hörmətlə yanaşan ermənilərin Qarabağda yaşaması ilə bağlı heç bir problem yoxdur. Rəsmi Bakı ötən onilliklər ərzində xalqımıza qarşı törədilən cinayətlərə rəğmən, münasibətlərin sıfırdan başlamasına hazırlığını nümayiş etdirməklə böyük humanizm nümunəsi göstərir.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev də Rusiyanın "İzvestiya” qəzetinə müsahibəsində deyib ki, rəsmi Bakı ermənilərin Qarabağdakı evlərinə qayıtmasını istisna etmir. "Ölkəmiz keçmiş DQMV-nin (keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti) erməni əhalisinin Azərbaycan ərazisində inteqrasiyasına hazır olduğunu dəfələrlə ən yüksək səviyyədə təsdiqləyib. Ancaq ərazidə yaşamaq hüququ onun zorla qopardılması ilə əvəz olunmamalıdır. Buna görə də sizin sualınıza cavabım - bəli, onlar (ermənilər) Azərbaycanda bizim ölkənin vətəndaşı olaraq, münaqişəyə qədər yaşadıqları kimi yaşaya bilərlər”, - Rzayev deyib.

Bununla yanaşı, komitə sədri Xankəndində, Xocalı və Ağdərədə yaşayan azərbaycanlıların etnik təmizləmə nəticəsində qovulduqlarını, hazırda həmin ərazilərdə yalnız ermənilərin yaşadıqlarını da qeyd edib. "Ötən il əldə olunmuş üçtərəfli razılaşmada qaçqınların hamısının münaqişəyə qədər yaşadıqları yerlərə qayıtması nəzərdə tutulur. Düşünürəm ki, bu cür qayıdış formasına gələcəkdə, ehtiraslar səngiyəndə baxılacaq”, - o bildirib.

R.Rzayev qeyd edib ki, ermənilər Azərbaycanda münaqişəyə qədər indikindən daha yaxşı yaşayırdılar: "Onlar üçün ölkəmizin digər millətləri kimi bərabər şərtlər yaradılacaq”. Qayıtmaq istəyən ermənilərə təhlükəsizlik təminatının verilməsinə gəlincə, Rzayev qeyd edib ki, Azərbaycanda yaşayanların qarantı dövlət, onun konstitusiyası və qanunlarıdır: "Bütün bunların qarantı isə ölkəmizin prezidenti İlham Əliyevdir”.

Rzayev bildirib ki, ötən il əldə olunmuş üçtərəfli razılaşmada qaçqınların hamısının münaqişəyə qədər yaşadıqları yerlərə qayıtması nəzərdə tutulur: "Düşünürəm ki, bu cür qayıdış formasına gələcəkdə, ehtiraslar səngiyəndə baxılacaq”.

Ermənilərin böyük bir qrupu Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərimizə qayıdıblar. Düzdür, erməni tərəf qayıdanların sayını şişirdir, ancaq Azərbaycan rəhbərliyi Qarabağa 30 min erməninin qayıtdığını açıqlayıb. Bəs münasibətlərin gedişində paytaxt Bakı da daxil, Azərbaycanın digər şəhər və kəndlərində, rayon mərkəzlərində yaşamış erməni ailələr də qayıda bilərmi, yaxın gələcəkdə bu, müzakirə mövzusu ola bilərmi, sualları da ortaya çıxır. Ancaq digər mühüm məsələni də unutmamalıyıq. Söhbət bugünkü Ermənistandan, əslində tarixi yurd-yuvalarından didərgin salınan Azərbaycan türklərinin taleyindən gedir. Son olaraq 300 minə yaxın həmvətənimiz Ermənistandan 80-ci illərin sonlarında deportasiya olundu, mal-mülkləri talan edildi, yağmalandı. Əgər Qarabağ ermənilərinin qayıdışından danışılırsa və Bakı buna təminat verirsə, o halda Ermənistanın müxtəlif ərazilərindən deportasiya olunmuş azərbaycanlılar öz evlərinə qayıdıb orada təhlükəsiz yaşaya bilərmi?

Deputat Ceyhun Məmmədov "Yeni Müsavat”a bildirdi ki, tarix boyu ermənilər Azərbaycan xalqına qarşı bir çox soyqırımları, faciələr törədiblər: "Azərbaycan xalqı bunları heç zaman unutmayacaq. Ancaq Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, ermənilərdən fərqli olaraq, biz gələcəyə baxmağı bacarırıq. Bölgədə sülh və əmin-amanlığın təmin olunması birgəyaşayışdan keçir. Dünyada bunun başqa alternativi yoxdur”. Millət vəkili qeyd etdi ki, tənzimləmə prosesində hər iki xalqın nümayəndələrinin müharibədən əvvəl yaşadıqları bölgələrə qayıtmaları nəzərdə tutulur: "Eyni zamanda Ermənistandan deportasiya olan soydaşlarımızın da ora qayıdışı təmin olunmalıdır. Ancaq buna paralel olaraq da ordumuzu daha da gücləndirməli, birlik və həmrəyliyimizi qorumalı, ermənilərin yeni təxribatlar törədə biləcəyini unutmamalıyıq. Dəmir yumruq hər zaman hazır olmalıdır”.

İrəvan Türk Cümhuriyyətinin (İTC) başqanı, ermənişünas alim Qafar Çaxmaqlı mövzu ilə bağlı qəzetimizə bunları söylədi: "44 günlük savaşdan sonra qələbənin nəticəsi kimi, əlbəttə, xalqımızın gözləntisi odur ki, bütövlükdə Yuxarı Qarabağda dövlət suverenliyimizi təmin edən addımlar atılsın, buradan qovulmuş 50 mindən artıq azərbaycanlı əhalinin öz evlərinə dönüşü təmin olunsun. Dəfələrlə qeyd etmişik, Rusiya sülhməramlılarının missiyası yalnız erməni əhalini buraya köçürmək deyil. Anlaşmaya görə, bütün əhali, o cümlədən buranın sahibləri olan azərbaycanlıların köçürülməsi təmin edilməlidir. Dövlət Komitəsinin sədri Rövşən Rzayevin dediyi kimi, bu işi ”ehtiraslar səngiyənə" saxlasaq, onu həyata keçirmək daha da çətinləşəcək. Ermənilərin istəyi də elə budur. Onlar vaxt əldə edib işğaldan azad edə bilmədiyimiz ərazidə möhkəmlənmək və buranın məsələsini beynəlxalq müstəviyə daşımaq istəyirlər. Son günlər Minsk Qrupu həmsədrlərinin fəallaşması və "status” məsələsini yenidən ortaya atması fonunda Rövşən müəllimin dedikləri siyasi perspektivdə dəyərləndirilərsə, bu, Azərbaycanın zərərinə işləyə bilər. Azərbaycan keçmiş DQMV ərazisində yaşayan əhalimizin oraya bir an öncə köçürülməsi siyasətini reallaşdırmalıdır. Həm də 10 noyabr razılaşmasının gərəyi kimi qoyulmalıdır".

Q.Çaxmaqlı hesab edir ki, ermənilərin Azərbaycan ərazisinə köçüb yaşaması faktından da siyasi mənada istifadə edilməlidir: "Ermənistandan Azərbaycana əhali köçürülürsə və onların mal- mülk haqqı tanınırsa, Azərbaycan Ermənistan ərazisinə 1988-1989-cu illərdə oradan qovulmuş 300 minə yaxın azərbaycanlının geri dönüşü faktını qoymalıdır. Biz İrəvan Türk Cümhuriyyəti olaraq məsələni belə qoyuruq. Əhalimizin öz Vətəninə geri dönüşü beynəlxalq hüquqla onun haqqıdır və bu gerçəkləşməlidir. Bax, bu olar inteqrasiya! Rövşən müəllimin ərazi mübadiləsi ilə bağlı təsbiti doğrudur, indi belə bir məsələ müzakirə edilmir. Amma Zəngəzur dəhlizi ilə bağlı gəlişmələrdən sonra istisna etmirəm ki, vaxtilə Pol Qoblın işləyib hazırladığı bu plan gündəmə gələcəkdir. İndi Ermənistanda bunun müzakirəsi də getməkdədir”.

QAT sədri Akif Nağı isə hesab edir ki, ermənilər cinayətkar hərəkətləri ilə Azərbaycanda, həmçinin Qafqazda yaşamaq haqlarını itiriblər: "Qafqazda yaşayan heç bir xalq dinc əhaliyə, uşaqlara, qadınlara qarşı qətliam törətməyib, qonşunun torpağına təcavüz etməyib. Bu, qafqazlılara xas olan xüsusiyyətlərdir. Ancaq bu xüsusiyyətlərin heç biri ermənilərdə yoxdur. Onlar bu regiona yad, gəlmə ünsürdür, yerli dəyərlərə də uyğunlaşa bilmədilər, odur ki, buradan çıxıb getməlidirlər! Bütün ermənilər Azərbaycan xalqına qarşı törətdikləri cinayətlərə görə kollektiv məsuliyyət daşıyırlar. Xalqın, toplumun kollektiv məsuliyyəti ilə bağlı tarixdə iki dəfə məsələ qaldırılıb. İkinci Dünya müharibəsindən sonra Nürnberq Məhkəməsində alman xalqının faşizm cinayətlərinə görə kollektiv məsuliyyəti məsələsi gündəmə gəldi, lakin Almaniyanın özündə bir sıra antifaşist təşkilatlarının olmasını, bəzi siyasi, ictimai, elmi xadimlərin faşizm əleyhinə çıxmasını və digər amilləri nəzərə almaqla xalqı mühakimə etməyiblər. İkinci dəfə, ötən əsrin 90-cı illərində oxşar ittiham BMT-nin xüsusi elçisi Martti Axtisaari tərəfindən serblərə qarşı irəli sürülüb, qismən təmin olunub. Ermənilərin hərəkətləri isə tam şəkildə bu ittihama uyğun gəlir. İşğal və ilhaq cəhdləri dövründə bir erməni də öz hökumətinin törətdiyi cinayətlərə qarşı çıxmadı, əksinə, kilsə xadimləri, sənətçiləri, elm, təhsil adamları, hüquq müdafiəçiləri - bütün ermənilər, istinasız olaraq cinayətlərin iştirakçısına çevrildilər”.

A.Nağı bir daha bildirdi ki, bütün bunlara görə də ermənilərə bəraət yoxdur, onlar Azərbaycanı və Qafqazı tərk etməlidirlər: "Onları səhraya sürgün etməli, 40 il vaxt verilməlidir, bu zaman ərzində düzəlsələr, Qafqaza qayıda bilərlər, dəyişməsələr, elə orada qalıb yaşayarlar. Bu, bizim ədalətli hesab etdiyimiz mövqedir”. Amma QAT sədri əlavə etdi ki, siyasi müstəvidən yanaşsaq, onların vətəndaş kimi Azərbaycanın müxtəlif ərazilərdə yaşamaq haqqını tanımalıyıq: "Bunun üçün ilk növbədə Ermənistan deyilən ərazidən çıxarılmış bütün azərbaycanlılar öz yerlərinə, o cümlədən İrəvana qaytarılmalıdır. Onların təhlukəsizliyi təmin edilməlidir. Əvvəlcə bu proses baş verməlidir, çünki münaqişənin başlandığı dövrdə əvvəl azərbaycanlılar Ermənistandan çıxarıldı, Azərbaycandan ermənilərin çıxması ondan sonra başladı. Yəni proses baş vermə ardıcıllığına uyğun həyata keçirilməlidir. Ermənilər Azərbaycana 200 il əvvəl gəlib məskunlaşandan sonra bizə qarşı daim xəyanət edib, cinayətlər törədiblər. Ona görə də onların Azərbaycana qayıdıb yaşamasına münasibətdə diqqətli olmalıyıq. Onlara bir daha etibar etməyə haqqımız yoxdur. Üzərlərində daimi nəzarət olmalıdır. Qoy çalışsınlar, etibarımızı qazansınlar. Bir daha onlara şans verə bilərik”.

Politoloq Məhəmməd Əsədullazadə də hesab edir ki, Ermənistanla Azərbaycan arasında məlum 10 noyabr birgə bəyannaməsinə əsasən azərbaycanlılar Xankəndinə, Xocalı və digər ərazilərə qayıtmalıdır: "Hazırkı situasiyaya görə bu reallaşmır. Çünki Ermənistan tərəfi vəziyyəti gərginləşdirməyə çalışır. Buna baxmayaraq, Azərbaycanın bu istiqamətdə apardığı siyasət onu göstərir ki, yaxın müddətdə proses tam Azərbaycanın nəzarətində olacaq. Ermənistan öhdəliklərə əməl etməli və nəticədə sülh müqaviləsi bağlanmalıdır. İrəvanın yürütdüyü siyasət buna mane olur. Sülh müqaviləsinin bağlanması üçün Ermənistan birgə bəyannamənin bəndlərini həyata keçirməlidir. Buna baxmayaraq, ermənilər Azərbaycanın suverenliyini qəbul edərək yaşamaq istəyirlərsə, yaşaya bilər. Azərbaycan buna qəti etiraz etmir. Xankəndi, Ağdərə və Xocavənddə yaşayan ermənilərə də bu şamildir. İlk öncə bu Azərbaycanın suverenliyi çərçivəsində olmalıdır”. M.Əsədullazadənin sözlərinə görə, azərbaycanlıların tarixi torpaqları olan Zəngəzur və Göyçəyə qayıtmasına sülh müqaviləsindən sonra baxmaq olar: "Ermənistanın buna imkan yaradacağını düşünmürəm. Buradan köçən ermənilərin Azərbaycanın digər şəhərlərinə qayıtması isə yolverilməzdir. Çünki onlar burada miqrant olub və Azərbaycan onların tarixi vətənləri deyil. İndiki Ermənistan ərazisinə azərbaycanlıların qayıtmasına gəldikdə ora tarixi Azərbaycandır və yurdlarımıza qayıtmaq bizim təbii hüququmuzdur. Ermənilərin yenidən Bakıya gəlib yaşaması ilə azərbaycanlıların İrəvana gedib yaşamasını qarışdırmaq olmaz. Bizimkilər öz vətənlərinə gedir. Ermənilərin isə vətəni Azərbaycan deyil”.

Göründüyü kimi, birgəyaşayışla bağlı fikirlər yekdil deyil. Əslində bu da təbiidir. Ermənilər azərbaycanlılara qarşı o qədər cinayətlər törədiblər ki, bunları qısa müddətdə unudub, yanaşı yaşamaq elə də asan deyil. Dövlət başçımızın dediyi kimi, ermənilər azərbaycanofobiya və türkofobiyadan əziyyət çəkirlər və onların ciddi müalicəyə ehtiyacı var...