Gündəm / Siyasət

"Kimsə keçib o tərəfdə qoyunlarını otarır, bağ salırdı, buna da göz yumulurdu..." - deputat


"Azərbaycanın dövlət sərhəddini qurmaq imkanı var. Ermənistanın belə bir imkanı yoxdur. Bunlar ərazilərimizi işğal edən zaman Qarabağ qalsın bir kənarda, dövlət sərhəddində bizə məxsus digər əraziləri də Ermənistan ərazisinə qatıblar. İndi biz onları öz ərazimizdən qovuruq, onlar da hay-küy qaldırırlar”.

Bu sözləri Reyting.az-a Milli Məclisin üzvü, politoloq Rasim Musabəyov Azərbaycan Sərhəd Xidmətinin dövlət sərhədini nəzarətə götürmək üçün atdığı qanuni addımlardan sonra Ermənistan tərəfinin hay-küy qaldırmasını şərh edərkən deyib.

Musabəyov əlavə edib ki, Ermənistan tərəfinin guya həmin ərazilərdə ermənilərin yaşaması haqda açıqlamaları ciddi deyil: "O zaman həmin ərazilərdə azərbaycanlılar yaşayırdı. Hamı da SSRİ çərçivəsində. Bu sərhədə xüsusi əhəmiyyət verilmirdi. Kimsə keçib o tərəfdə qoyunlarını otarır, bağ salırdı. Buna da göz yumulurdu, çünki o tərəfdə də, bu tərəfdə də azərbaycanlılar idi. İndi azərbaycanlıları o tərəfdən, yəni Ermənistan ərazisindən qanunsuz olaraq qovub, həmin ərazilərdə özləri yerləşiblər və əvvəlki qayda da bizim torpaqlarımızdan istifadə etmək istəyirlər. Və qələt edirlər”.

R. Musabəyov xatırladıb ki, hər iki ölkənin sərhəddinə dair ortada xəritə var: "Biz həmin xəritə ilə hərəkət edirik. Bir daha deyirəm, ermənilər Qazaxda işğal etdikləri bizim kəndləri hələ də nəzarətdə saxlayırlar. Azərbaycanın ərazi bütövlüyünə hörmət etmirsənsə, niyə öz ərazi bütövlüyünə hörmət istəyirsən? İndi Ermənistan rəhbərliyi hay-küy salaraq dünya liderləri ilə əlaqələr qurur. Özləri bilər. Ortada xəritə var. Azərbaycan bunu ermənilərə də, ruslara da təqdim edir: bu xəritə, bu da GPS!”.

Politoloq bildirib ki, vaxtı ilə Qara göl Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə qoruq elan olunub: "Bu, Azərbaycana aid ərazidir. Bəli, vaxtı ilə Qara gölün suyundan Ermənistanda yaşayan azərbaycanlılar istifadə edirdi. Bu səbəbdən də ona göz yumulurdu. Amma indi belə olmayacaq. Hay-küy qaldırmaq ermənilərin köhnə peşəsidir. Onlar öyrəşiblər ki, kim tərəfindənsə himayə olunsunlar.

Azərbaycan öz sərhədlərini müəyyən edir, nəzarətə götürür. Bu qanuni addımdır. Fransız və ya rus gəlib buna görə bizimlə vuruşacaq? Ermənilərin də bu cürəti çatmaz. Azərbaycan qanunla və sənədlə hərəkət edir”.