Gündəm / Siyasət / Sosial

"Bu məscid nəinki Şuşanın, ümumilikdə Qarabağın simvoluna çevriləcək"

"Şuşada yeni tikilən məscidin görüntüləri mənim üçün sürpriz olsa da, məscidin inşası haqda çoxdan məlumatım var idi. Ermənistan Azərbaycan ərazilərini işğal edəndən sonra bu ərazilərə xrtistian görkəmi verməyə çalışırdı. Mətbuatdan da bildiyiniz kimi, hətta Xankəndidən görünən Başkənd kəndi ərazisində 10 hektarlıq sahədə 50 metr hündürlüyündə ermənilər dəmirdən xaç ucaltmışdılar və onu gecə işıqlandırırdılar. Həm Şuşadan, həm də Xankəndidən, digər şəhərlərdən də o görünürdü. Şuşanın özündə Qazançı rus provaslav kilsəsini elə təmir etmişdilər ki, Şuşaya kənardan baxanda ilk növbədə bu kilsə görünürdü. Ümumilikdə, götürəndə Şuşada 17 məhəllə məscidi olub, bu məhəllə məscidlərinin bir çoxları dağıdılıb, xarabalığa çevrilmişdi. Bunlardan 5-6 məscidin əzəli formalarını müəyyən etmək üçün qalıqları qalıb"
 
Bunu Moderator.az-a açıqlamasında memar Faiq İsmayılov deyib. O daha sonra əlavə edib:
"Yeni məscid Şuşanın yuxarı məhəlləsində, ən hündür yerində ucaldılacaq. Bu nəinki Şuşanın, ümumilikdə, götürəndə Qarabağın simvoluna çevriləcək. Bu məscid hardan baxılsa belə görünəcək. İkinci bir tərəfdən məscidin inşası bizim zəfər tariximizi göstərir. Burada 11-ci ay və 8 rəqəmi Şuşanın azad olunduğu tarixlərdir. Kənardan baxanda bu da aydın görüləcək. Ola bilsin ki, bu eskizə dizayn görüntüləri dəyişikliyi olunsun, hələ üzərində işlənilir, inşa üçün hazır deyil. Məndə olan məlumata görə, nəinki Şuşada, digər işğaldan azad olunmuş ərazilərimizdəki dini abidələrin bir çoxu bərpa olunacaq. Bu məsciddə həm klassik İslam dövrü memarlığı, həm də müasir memarlıq sintez təşkil edir. Əzəmətli bir məscid olacaq. Bu məscid həm də bizim ölkəmizdə İslam dininə olan hörmətin, izzətin bariz nümunəsidir. Artıq təməli qoyulub, biz də səbirsizliklə gözləyirik ki, inşa olunsun və tikintisində də iştirak edək. Ən azından məscid tikiləndən sonra kənardan baxıb qürurlanmağa bizim haqqımız çatır".