Gündəm / Siyasət / Dünya

“ABŞ-İran danışıqları regionda şərtləri dəyişir” - Ekspert danışır


"İsrail və Fələstin arasında problemlərin tarixi kökü, səbəbləri çoxdur. Başlıca səbəb İsraildən qaynaqlanır. Əslində İsrail Amerikanın İranla apardığı danışıqlardan ciddi narahatdır”.

Bunu Reyting.az-a Azad Demokratlar Partiyasının sədri, analitik Sülhəddin Əkbər Fələstin-İsrail qarşıdurmanın indiki mərhələsini şərh edərkən deyib.

Sülhəddin Əkbər xatırladıb ki, bir müddət əvvəl İsrail kəşfiyyatı-Mossadın rəhbəri Vaşinqtonda səfərdə olub: "Mossad rəhbəri ABŞ prezidenti ilə görüşərək İranla aparılan danışıqlarla bağlı narazılıqlarını da Vaşinqtona çatdırıb”.

S. Əkbər qeyd edib ki, ABŞ-İran arasında ciddi danışıqların başlanması və müəyyən razılıqların əldə edilməsi regionda şərtləri dəyişir: "Eyni zamanda İsrail-Fələstin münaqişəsində. Getdikcə şərtlərin İsrailin əleyhinə dəyişə biləcəyini nəzərə alan Təl-Əviv hökuməti şərtlər dəyişməmiş və oturuşmamış məncə, ən yaxınında olan təhdidləri aradan qaldırmaq qərarını verib”.

Partiya sədrinin fikrincə, indi İsrail və Fələstin arasında müşahidə olunan silahlı qarşıdurmanın nə ilə başa çatacağına dair fikir bildirmək hələ tezdir: "Çünki bütün tərəflərin mövqeləri aydın görünmür. Odur ki, mövqelərin tam aydınlaşması üçün bir qədər gözləmək lazım gələcək. Amma mənim fikrimcə, İsrail, əgər çox sərt beynəlxalq müqavimətlə rastlaşmasa qəti addımlar atacaq.

Burada ən maraqlı məqam ABŞ və Birləşmiş Krallığın hansı mövqe tutmasından çox şey asılı olacaq. Londonun bu məsələdə Türkiyə ilə birgə hərəkət edib-etməyəcəyi çox önəmli olmaqla bərabər hadisələrin gedişinə istiqamət verəcək əsas amillərdən biri olacaq”.