Gündəm / Siyasət

“Zəngəzur məsələsi geriyədönməz xarakter alıb və kimsə durdura bilməz” - deputat


Kanal14.az; -  Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini və beynəlxalq hüququn norma və prinsiplərini icra edərk faşist Ermənistanın işğalçılıq siyasətinə son verməklə, həm tarixi ədaləti və ərazi bütövlüyünü bərpa edib, həm də Cənubi Qafqazın gələcək inkişafı üçün geniş imkanlar yaradıb.

Bunu "Ölkə.Az”a açıqlamasında millət vəkili Sabir Hacıyev deyib.

Millət vəkilinin sözlərinə görə, təəssüflər olsun ki, Azərbaycanın dünya üçün ciddi təhdid mənbəyi olan erməni faşizmi üzərində qələbə çalması bəzi ölkələri hələ də narahat etməkdədir.

"Bəzi ölkələr, xüsusən də münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT MQ həmsədr üzvlərinin yenə də məsələyə qeyri-obyektiv mövqe və ikili standart sərgiləməsi, bölgədə qısa zamanda sabitliyin yaranmasına ciddi maneə yaradır. Məhz dünyanın aparıcı ölkələrinin, xüsusən də ATƏT MQ-nin üzvü olan ölkələrin Qarabağ münaqişəsinin həllində sərgilədiyi mövqe nəticəsində BMT TŞ və digər beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər 30 ilə yaxın kağız üzərində qaldı. Məsələ ancaq Azərbaycanın qətiyyətli mövqeyi nəticəsində həllini tapdı. Odur ki, həmin ölkələr Cənubi Qafqazın dayanıqlı inkişafı üçün təhdid yaradan hərəkətlərindən çəkinməlidirlər. Çünki bölgədə gərginliyin davam etməsi digər region ölkələrinin, xüsusən də Avropanın maraqlarına uyğun deyil”, - millət vəkili qeyd edib.

Deputat əlavə edib ki, Azərbaycan bölgənin dayanıqlı inkişafı, sabitliyi və təhlükəsizliyi naminə ikili standartlara yol verilməməsi üçün tərəfdaş ölkələri BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmlərinin təklif edilməsi və hazırlanması səylərinə qoşulmağa dəvət edir: "Azərbaycanın erməni faşizmi üzərində qələbəsi, təkcə Azərbaycana deyil, eyni zamanda bütün regionun və digər regionların inkişafı üçün əsaslı zəmin yaradır. Artıq bölgənin dayanıqlı inkişafı və regional əməkdaşlığı yaradılması məqsədi ilə milli prioritetlər müəyyən edilib. Cənab Prezident İlham Əliyev tərəfindən regional əməkdaşlığın yaradılması, dayanıqlı sülh və təhlükəsizliyi təmin etmək istiqamətdə real addımlar atılmaqdadır. Azərbaycan indiyədək bu istiqamətdə ən müxtəlif iqtisadi, enerji, nəqliyyat, logistika layihələri reallaşdırıb və bu proses davam etməkdədir. Azərbaycan son illərdə bölgədə beynəlxalq səviyyəli tranzit-yükdaşıma, nəqliyyat layihələri realaşdırmaqdadır. Bu məqsədlə Azərbaycan Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrinin icrasına mühüm töhfə verib. Hazırda Azərbaycan ərazisindən Asiyanı Avropa ilə birləşdirən Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq "Zəngəzur nəqliyyat dəhlizi” üzərində çalışır. Hansı ki, bu dəhliz Azərbaycana Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini gücləndirməyə imkan verəcək.Təəssüflər olsun ki, Ermənistandakı bəzi revanşist və radikal qüvvələrə Zəngəzur nəqliyyat dəhlizi layihəsinin reallaşmasına qarşı çıxır və buna təhdid yaradır. Bu bir daha Ermənistanın bölgədə dağıdıcı qüvvə olduğunu sübut edir. Amma Ermənistandakılar onu anlamalıdırlar ki, reallaşacaq Zəngəzur nəqliyyat dəhlizi ilk növbədə onların uzun illər boyu üzləşdiyi izolyasiya mühitindən xilas olub regional iqtisadi proseslərə inteqrasiya olunmasına və yaşadıqları sosial-iqtisadi böhrandan xilas olmasına gözəl imkanlar yaradacaq. Belə bir layihəyə qarşı çıxmaq isə dalana dirənən Ermənistanı daha da çətin duruma salacaq. Onsuz da Azərbaycan Prezidenti öz qətiyyətli və cəsarətli siyasəti nəticəsində bu layihə reallaşacaq, Ancaq bundan uduzan tərəf yenə də Ermənistan olacaq. Artıq proses geriyədönməz xarakter alıb və kimsə bunu durdura bilməz”.//dia.az