Gündəm / Sosial / Təhsil

Bakıda özəl orta məktəblərin fantastik qiymətləri - yüksək təhsil, yoxsa yalançı prestij?

Bakıda özəl orta məktəblərin fantastik qiymətləri
Kanal14.az: - Bakıda fəaliyyət göstərən özəl orta məktəblərin qiymətləri təkcə maraq deyil, həm də heyrət doğurur. Bəzi prestijli ali məktəblərdən illiyi bir neçə dəfə baha olanları var.

Məsələn, "Baku Oxford School” tam orta ümumtəhsil məktəbinin illik təhsil haqqı 15 500 manatdır. Burada 1-ci sinifdən 11-ci sinfə qədər təhsil haqları eynidir. Bu məbləğə servisdən başqa hər şey daxildir. Məktəbin Şəmkir filialında isə illik təhsil haqqı hazırda 7 min manatdır. Məktəbə bir evdən iki uşaq gedəndə bir nəfər üçün 10 faiz endirim edilir. Həmçinin bu məbləğ 10 aya bölünür və valideyn hər ayın müəyyən olunmuş günündə təhsil haqqını ödəyir. Məktəbdə 8-ci sinifdən başlayaraq şagirdin xaricdə təhsil almasını nəzərə alıb, onu həmin istiqamət üzrə hazırlayırlar.

"Azərbaijan British College”ində ibtidai təhsil 15 400 manat, orta təhsil 16 400 manatdır.

"Müasir Təhsil Kompleksi”ndə təhsil haqqı Azərbaycan bölməsində 12 min manat, xarici bölmədə isə 16 min manatdır.

"XXI Əsr” Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzində təhsil haqqı Azərbaycan bölməsində 8 min manat, rus bölməsində 10 min manat, xarici bölmədə 12 min manatdır.

"Avropa Azərbaycan Məktəbi”ndə məktəbəqədər hazırlıq 7900 manat, 1-4-cü siniflər 9950 manat, 5-9-cu siniflər 12 min manat, 10-11-ci siniflər - 14 min manatdır.

Xəzər Universitetinin "Dünya məktəbi”ndə Azərbaycan, rus bölmələrində təhsil haqqı 1-9-cu siniflər 7500 manat, 8-ci sinif 8 min manat, 9-11-ci siniflər 8500 manat, ingilis dili bölməsi üçün 1-4-cü siniflər 9500 manat, 5-9-cu siniflər 11 min manatdır. İB Diplom Proqramı X-XI siniflər dünya məktəbinin şagirdləri üçün 12 min manat, digər məktəbin şagirdləri üçün isə 14 min manatdır.

"Oxbridge Academy”sında 1-6 sinif 6 500, 7-9 sinif 7 800, 10-11sinif 9100, 12-13 sinif 11 700 ABŞ dollarıdır.

Və ölkədə ən fantastik qiymətə olan özəl məktəb - Azərbaycan Beynəlxalq Məktəbində ("TISA International School of Azerbaijan”) hazırlıq 11 min ABŞ dolları, 1-9-cu sinfədək təhsil haqqı illik olaraq 34 min ABŞ dolları, 9-11-ci siniflər təhsil haqqı təxminən 40 min ABŞ dollarıdır (təxminən 68 min manat).

Təbii ki, valideyn öz cibinə və arzusuna uyğun övladının hansı məktəbdə oxuması haqda seçim edə bilər. Lakin sual ortaya çıxır ki, bu qiymətlər haradan götürülür, necə hesablanır? Ödəniş hesablanarkən, Azərbaycandakı məvacibin həcmi nəzərdə tutulurmu? Yoxsa kim istəsə öz xərcinə və ya ağlına uyğun qiymət müəyyən edə bilər? Nəhayət, illiyi 40 min dollar (təxminən 68 min manat) olan təhsil müəssisələrində ABŞ, Kanada universitetləri səviyyəsində təhsil verilirmi? Hər kəsə məlumdur ki, bu qiymətlər məhz Amerika-Avropa ali məktəblərinin qiymətləri səviyyəsində, bəzi hallarda, onlardan da bahalıdır.

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov "Yeni Müsavat”a danışıb: "İlk növbədə qeyd edim ki, özəl təhsil müəssisələri təhsil haqlarını müəyyənləşdirməkdə müstəqildir. Lakin təbii ki, bu qiymətlər reallıqdan kənar olmamalıdır. Hazırda ölkədə özəl təhsil xidməti göstərən liseylər var. Müşahidə edəndə onların arasında xidmət haqlarında şişirdilmiş böyük məbləğ görürük.

Qeyd edim ki, xidmət haqları müəyyən edilərkən müəssisənin xərcləri, yəni göstərdiyi xidmətlərin müqabilindəki xərcləri hesablanaraq bu qiymətlər təşkil edilir. "Orta ümumi məktəblərin nümunəvi nizamnaməsi”nə əsasən, özəl liseylər mütləq şəkildə dövlət nümunəli tədris verməlidirlər və qanunvericilikdə nəzərdə tutulur ki, bununla yanaşı, onlar əlavə xidmətlər göstərə bilərlər. Bilirik ki, özəl liseylər və orta ümumi təhsil müəssisələri dövlətin müəyyənləşdirdiyi tədrislə bərabər eyni zamanda müəyyən xidmətlər də göstərir. Bura daxildir nəqliyyat servisi xidməti, qidalanma, forma, kitabxanalardan istifadə. Bundan başqa, özəl liseylər və orta məktəblər müəyyən qanunvericilikdə nəzərdə tutulmayan xarici dilləri də tədris edirlər. Yəni mövcud qanunvericiliyə görə, yalnız rus, ingilis və digər qanunda nəzərdə tutulmuş xarici dillər tədris oluna bilər. Lakin məsələn, bu cür liseylərdə ispan və digər dillər keçirilir. Bundan əlavə, özəl liseylər var ki, rəqs, intellektual oyunlar və digər bacarıqları özündə əks etdirən xidmətlər göstərirlər".

Kamran Əsədov qeyd edib ki, bir çox özəl məktəblərin ödəniş qiymətləri reallığı əks etdirmir:

"Hazırda ən ciddi məsələ eyni xidmət göstərən məktəblərin fərqli qiymətlər ortaya qoymasıdır. Azərbaycanda illik təhsil haqqı 50-60 min manata qədər olan özəl liseylər var. Lakin bu özəl məktəblərin qiyməti reallığı əks etdirmir. Biz ekspertlər buraxılış və qəbul imtahanlarının nəticələrini təhlil edəndə görürük ki, həmin məktəblərin nəticələri heç də regiondakı məktəblərin nəticələrindən üstün deyil. Hətta bəzi bölgə məktəblərinin göstəriciləri onlardan daha yuxarıdır. Burada digər üstün tərəflərdən biri özəl liseylərin beynəlxalq imtahanları ilə bağlıdır. Lakin biz bu xərcləri də hesablasaq, heç də bu qədər yüksək qiymətlər alınmır”.

Ekspertin sözlərinə görə, məsələni tənzimləmək üçün dünya ölkələrinin təhsil modelləri təcrübəsindən istifadə olunmalıdır: "Bu məsələ ilə bağlı mütləq şəkildə Cənubi Koreya, Sinqapur kimi təhsil modellərinə baxmalıyıq. Bu cür ölkələrdə dövlət müəyyən qədər göstərilən xidmətlərin maksimum həddini müəyyənləşdirə bilir. Çünki burada təhsilin əlçatanlığı var.

Bəli, ölkəmizdə dövlət tərəfindən təhsil icbaridir. Dövlət orta ümumi təhsil müəssisələrində öz vətəndaşları üçün zəruri minimum bilik və bacarıqları verən xidmətləri göstərir. Lakin digər tərəfdən, orta aylıq əmək haqqı imkan verməlidir ki, digər valideynlər də övladlarını bu tipli yüksək keyfiyyətli təhsil müəssisələrinə qoya bilsinlər".

Kamran Əsədovun sözlərinə görə, dünyanın ən inkişaf etmiş ölkələrində belə bu cür fantastik qiymətlər yoxdur: "Heç bir halda Avropa, Amerika, hətta Cənub-Şərqi Asiya ölkələrində bu qədər fantastik qiymətlər görə bilmirik. Yəni təhsil ödənişləri insanların əmək haqları ilə mütənasiblik təşkil etməlidir. Lakin görürük ki, ölkəmizdə bu, tərs mütənasibdir. Orta məktəblərdə müəllimin əmək haqqı 300-400 manat civarındadırsa, özəl liseylərdə bu rəqəm 600-700 manatdır. Lakin biz bilirik ki, dövlət ay ərzində bir şagirdə o qədər vəsait xərcləmir. Təxminən 1 ay ərzində 1 şagird üçün 18-20 manat vəsait xərclənir. Əgər orta təhsil müəssisələrində özəl müəllim tutub, bütün xidmətləri qeydə alsaq görərik ki, aylıq 600-700 manat xərc çıxır. Buradan da maksimum illik təhsil haqqı 6-7 min manat olur. Amma görürük ki, özəl liseylər bu xidməti kifayət qədər gəlir əsasında götürürlər. Bu baxımdan hesab edirəm ki, dövlət özəl məktəblərin ödəniş haqları üçün orta hədd müəyyənləşdirməlidir. Təhsil sahəsi elə bir sahədir ki, burada kommersiya maraqları təhsili öz çənginə almamalıdır. Burada bir çox hallarda əsassız qazanc da ortaya çıxır. Əlbəttə, kommersiya maraqlarına hörmətlə yanaşmaq hər kəsin borcudur. Lakin hesab edirəm ki, təhsilin əlçatanlığını təmin etmək üçün orta həddə qiymət müəyyənləşdirilməlidir".

Sabiq maliyyə naziri, professor Saleh Məmmədov isə mövzu ilə bağlı bu cür rəy bildirdi: "Hesab edirəm ki, bazar iqtisadiyyatı şəraitində bu məsələ qətiyyən dövləti, cəmiyyəti narahat etməməlidir. Çünki burada bu vəsait ödənilir, verilir, bunu nə dövlət, nə də şirkət təyin etmir, nə də ki, insanları məcbur etmirlər ki, bu qədər pulu ver. Yəni sərbəst, adi rəqabət gedir. Adam gəlib qiyməti 60 min deyil, lap 100 min də təyin edə bilər. Əgər məktəb özünü yüksək səviyyədə ifadə edə, keyfiyyətli təhsili verə bilmirsə, əlbəttə ki, ora şagird gəlməyəcək. Ola bilsin ki, 1-2 il müraciət olunsun, lakin sonrakı illər məktəb boş qalacaq".

Professor qeyd edib ki, son vaxtlar cəmiyyətdə özəl təhsilə qarşı bir qədər mənfi münasibət müşahidə olunur: "Hesab edirəm ki, bu, Şərq psixologiyası ilə əlaqədar olan fikirlərdir. Dünyada inkişaf edən, geridə qalan, inkişaf etməkdə olan ölkələr var. Lakin onların əksəriyyətində təhsilə, təhsilin qiymətlərinə hər hansı məhdudiyyət yoxdur. İş adamı öz məktəbini, biznesini açır. Əgər özünü isbat edə bilirsə, şagirdləri olacaq. Bu zaman insanlar yüksək təhsil, investisiya üçün heç də baha qiymətdən geri durmayacaq. Bildiyiniz kimi, bir sıra inkişaf etmiş ölkələrdə işləmişəm. Təcrübəmə əsasən deyə bilərəm ki, heç bir ölkədə nə ictimaiyyət, nə də dövlət təhsilin qiymət siyasətinə müdaxilə etmir. Çünki qiymətlər tələb və təklifin əsasında müəyyənləşdirilir. Adamlar baxır ki, universitet, məktəb prestijlidir, oranı bitirəndən sonra hər yerdə işləmək imkanı olur, ildə 40 min qoyulursa, universiteti bitirəndən sonra öz beyni, təhsili ilə sonra həmin pulları çıxarmaq mümkündür, ora müraciət edir. Bəzi tələbələr hətta universitetdə təhsil aldığı müddətdə etdiyi kəşflər sayəsində universitetə qoyduğu pulları çıxarda bilir. Məsələn, Bil Qeyts universitetdə olarkən bir kəşflə önə çıxdı və milyarder oldu.

Bu gün tələbə-şagird səviyyəsində elmi kəşflər çoxdur. Əgər belə təhsil verilirsə, niyə də olmasın. Yaxşı təhsildirsə adamlar gələcək, təhsil zəifdirsə, heç gətirib 500 manat da verməyəcəklər".

Saleh Məmmədov bu məsələyə müdaxiləni düzgün hesab etmədiyini vurğulayıb: "Bunu ictimai tənzimlənmənin ümidinə buraxmaq lazımdır. Tədricən hər bir məktəb, universitet seçimlə öz yerini tutacaq. Ümumiyyətlə, hesab edirəm ki, cəmiyyətimizin psixologiyasını dəyişmək lazımdır. Qərb universitetlərinin hamısında bütün cəmiyyətin gücü təhsilə, elmə istiqamətləndirilib. Bizdə isə təhsilə, elmə mənfi nöqteyi-nəzərdən baxılır, mənfi yanaşma tərzi var.

Dünyanın 1 nömrəli universiteti olan Harvard Universiteti və digərləri insanların, vətəndaşların, iş adamlarının köməkliyi ilə yaranıb. Məsələn, Harvard Universitetinin əsas binası, kapitalı Hadvardda oxuyan uşaqların valideynlərinin və yaxud oranı bitirən məzunların ianələri hesabına başlanılıb. Bugünkü gündə Harvarda daxil olan vəsaitlər əsasən tələbələrdən deyil, ianələrdən gəlir. Əlbəttə, orada tələbələr də, təhsil haqqı da çoxdur, universitetin təhsil haqqı təxminən illik 65 min ABŞ dollardır. Lakin qeyd etdiyim kimi, bu, tələbələrin ödəmələrindən başqa əsasən iş adamlarının ianələri hesabınadır. Eləcə də məktəblər də bu cürdür.

Biz də cəmiyyətimizi tamamilə bu istiqamətə kökləməliyik. Təhsil yalnız dövlətin deyil, cəmiyyətin ümumi işidir".