Gündəm / Siyasət

Prezidentin Zəngəzur dəhlizi xəbərdarlığı: Yeni müharibə mesajı? - TƏHLİL

Prezidentin Zəngəzur dəhlizi xəbərdarlığı: Yeni müharibə mesajı?
Kanal14.az: - İkinci Qarabağ müharibəsi bitsə də, Ermənistanın və bölgədə sülhməramlı kontingent yerləşdirən Rusiyanın gərginlik yarada biləcək fəaliyyətləri davam edir. 2020-ci il 10 noyabr tarixində imzalanan Üçtərəfli Bəyanatda göstərilən bəndlərin tam olaraq yerinə yetirilməsi istiqamətində problemlər hələ də qalmaqdadır. Məsələn, sənəddə təsbit edilib ki, Qarabağ ərazisində bir nəfər də erməni separatçısı qalmamalıdır. Amma mütəmadi məlumatlar gəlir ki, Ermənistan tərəfindən mülki geyimdə terrorçular Xankəndidən müharibə zamanı qaçmış erməni adı ilə ərazilərimizə gətirilirlər.

Eyni zamanda, Ermənistanda Azərbaycanın işğaldan azad etdiyi ərazilərin yenidən işğal edilməsi barədə revanşist çağırışlar edilir. Belə çağırışlar erməni müxalifəti ilə yanaşı hakimiyyət rəsmiləri tərəfindən də səsləndirilməkdədir.

Nəqliyyat-kommunikasiyanın açılmasına da işğalçı ölkədə isti yanaşılmayan bəyanatlar verilir. Bir sözlə, düşmən ölkədə hər vəchlə 10 noyabr Birgə Bəyanatından boyun qaçırma elementləri sezilməkdədir.

Hətta, ordularını yenidən gücləndirmək, guya "onların olan” əraziləri, Şuşanı, Hadrutu qaytarmaq iddiasına düşən Ermənistana rəsmi Moskva tərəfindən susqunluq nümayiş etdirilir. Qarabağ münaqişəsinin həllində vasitəçilik etdiyini deyən Rusiya nəinki susqundur, eyni zamanda, bölgədə sülhməramlı kontingenti vasitəsilə qıcıq yaradan addımlar atmaqdadır.

9 may - Qələbə Günü münasibətilə Xankəndidə hərbi parad-keçidə hazırlıq görən sülhməramlıların bu addımına başqa ad vermək çətindir. Bununla yanaşı, müharibə dövründə Şuşaya atılmış "İsgəndər-M” tipli qadağan olunmuş ballistik raketlə bağlı Kremldən doğru-dürüst açıqlama görməmişik.

Azərbaycan Prezidenti İlham Əliyev AzTV-yə müsahibəsində məsələyə toxunarkən bir daha bildirdi ki, Rusiyadan "İsgəndər-M” raketi ilə bağlı rəsmi mövqe gözləyirik. Ölkə başçısı qadağan olunmuş silahın Şuşaya haradan, necə atıldığının rəsmi Bakıya məlum olduğunu, lakin silahın sahibi Rusiyanın rəsmi cavabının vacib olduğunu söylədi.

Prezident Ermənistandakı revanşist qüvvələrə də çağırış edərək söylədi ki, hansısa qisas cəhdinin qarşısı qəqtiyyətlə alınacaq. Zəngəzur dəhlizi məsələsinə gəldikdə isə İlham Əliyev konkret mesaj verdi: "Zəngəzur dəhlizi icra olunacaq. Bunu Ermənistan istəsə də, istəməsə də. İstəyərsə, daha yaxşı, istəməzsə, zorla”.

Qarabağ ətrafında baş verənləri, Prezidentin müsahibəsindəki mesajları AYNA-ya şərh edən Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə bildirib ki, Rusiyanın qanunsuzluq etdiyi, öz qanunlarına belə, məhəl qoymayan addımlar atdığı məlumdur:

- Rusiya öz qanunvericiliyinə və beynəlxalq hüquqa zidd olaraq Ermənistana qadağan olunmuş silah verib. Təbii ki, Şuşaya atılan "İsgəndər-M” raketi Rusiyaya məxsusdur. İndi Rusiya bu barədə açıqlamadan boyun qaçırır. Əlbəttə, Ermənistana bu silahı necə verdiyini, bu addımları nə üçün etdiyini açıqlamır. Çünki bu, dünyada böyük skandala səbəb olacaq. Ola bilsin ki, Moskva tərəfindən "İsgəndər-M” ilə bağlı uydurma açıqlama verilsin. Amma Kreml gərçəkləri açıqlamaq istəmir - bu, faktdır. Müharibədə gördük ki, heç bir maliyyə vəsaiti olmayan, kasıb Ermənistanın milyardlarla dollar dəyərində silahları var. Bu gün Azərbaycanın işğaldan azad etdiyi ərazilərində milyonlarla minalar var. Ermənistanda bu qədər silah-sursat hardandır, kim onları silahlarla təmin edib? Bu tipli bir çox suallar var ki, cavabı verilməlidir. Biz o silah-sursatın qaynağını bilirik. Amma buna rəsmi etiraf gözləyirik. Təbii ki, Ermənistan Azərbaycana qarşı törətdiyi qəddar müharibə cinayətlərinə görə beynəlxalq hüquq qarşısında cavab verəcək. Biz dünyadan bunu tələb edəcəyik. Prezident də bunu bir daha bəyan etdi.

- Rəsmi Bakının Rusiyadan cavab tələb etməsi, Kremlin isə susqunluğu Azərbaycan-Rusiya tərəfdaşlığına da zərər verir...

- Rusiyanın Ermənistanın yanında olduğu, Ermənistana hər cür dəstək verməsi faktı bütün azərbaycanlılara məlumdur. Hər bir Azərbaycan vətəndaşı bu həqiqəti bilir. Məsələ burasındadır ki, Rusiya Azərbaycanla tərəfdaşlığa məcburdur. Çünki Cənubi Qafqazın ərazi və əhalisinə görə ən böyük, ən zəngin və ən etibarlı dövləti Azərbaycandır. Azərbaycan hər zaman verdiyi sözə, vədə əməl edən dövlətdir. Bizim ən etibarlı tərəfdaş olduğumuzu bütün dünya dövlətləri, eləcə də Rusiya bilir. Onun üçün də Rusiya Azərbaycanla tərəfdaşlığa can atır. Eyni zamanda, biz görürük ki, Moskvanın əli İrəvanın üzərindədir, bu dövlət Ermənistanı himayə etməklə məşğuldur. Bununla yanaşı, artıq Ermənistan Silahlı Qüvvələrinin böyük qismi Rusiya Ordusunun tərkib hissəsinə çevrilib. Moskvanın bu cür zidiyyətli addımları, əlbəttə, Azərbaycanla tərəfdaşlığa ziyan vurur. Bunu Rusiya düşünməlidir.

- Amma düşünmür, əksinə gərginlik yarada biləcək addımlar atır. Məsələn, Qarabağdakı sülhməramlı kontingent Xankəndidə hərbi parada hazırlaşır.

- Onlar Xankəndidə ermənilər üçün şou düzəltmək istəyirlər. İstisna etmirəm ki, sülhməramlıların bu şousunda erməni əsgərləri də iştirak etsin. Bu, sülhməramlı kontingentin öz mandatlarını kobud şəkildə pozmasıdır. Rusiya belə addımlarla 10 noyabr Üçtərəfli Bəyanata xələl gətirməkdədir. Parad keçirmək istəyirlər, getsinlər öz ölkələrində, öz ərazilərində keçirsinlər. Azərbaycanın ərazisində Azərbaycanın icazəsi olmadan sülhməramlılar ermənilərlə birgə parad keçirə bilməzlər. Belə kobudluq etmələri onu göstərir ki, Rusiya sülhməramlıları öz vəzifələrinin xaricinə çıxırlar. Hesab edirəm ki, rəsmi Bakı məsələ ilə bağlı narahatlığını Rusiyanın diqqətinə çatdırmalıdır. Tələb edilməlidir ki, sülhməramlılar fəaliyyətlərini Birgə Bəyanata uyğun həyata keçirsin. Kontingent oraya müvafiq saziş əsasında yerləşib və fəaliyyətlərinin çərçivəsi, müddəti var. Buna əməl olunması şərtdir.

- Prezident Zəngəzur dəhlizi məsələsini yenidən gündəmə gətirdi və Ermənistana mesaj verdi. Bildirdi ki, Ermənistan istəsə də, istəməsə də, bu dəhliz bərpa olunacaq. Sizcə, rəsmi İrəvan bu mesajı aldımı?

- Ermənistan Zəngəzur dəhlizi məsələsini 10 noyabr Üçtərəfli Bəyanatına uyğun olaraq sürətlə icra etməkdə maraqlı olmalıdır. Xatırlatmaq istəyirəm ki, nəqliyyatın blokdan çıxarılmasında, Zəngəzur dəhlizinin bərpasında Rusiyanın da maraqları var. Prezidentin əsas mesajı bu idi ki, İrəvan Birgə Bəyanatın icrasından yayınmağa cəhd göstərsə, revanşizmə meyillənsə, "Dəmir yumruq” başının üzərində olacaq. Bəyanatda göstərilənlər icra olunmalıdır, vəssalam. Zəngəzur dəhlizinin icra olunacağına heç bir şübhə yoxdur.

- Yəni müharibə qorxusu Ermənistanı buna vadar edəcək...?

- Söhbət müharibədən getmir. Məsələ burasındadır ki, ortada razılaşma var, sənəd var. Ermənistan Birgə Bəyanatda üzərinə öhdəlik götürüb. Bu öhdəliklərdən biri də nəqliyyat-kommunikasiyaların blokdan çıxarılmasıdır, həm də sürətlə. Ermənistan bundan boyun qaçıra bilməz. Əgər boyun qaçırarsa, Birgə Bəyanata imza atan ölkələr, yəni Azərbaycan və Rusiya Ermənistanı öhdəliklərini yerinə yetirməyə məcbur etməlidir. İrəvan sənədə atdığı imza ilə üzərinə məsuliyyət götürüb. Ermənistan bu məsuliyyəti dərk etməzsə, Azərbaycan onlara xatırladar.