Gündəm / Siyasət / Dünya

Cənubi Qafqazın 16 milyon əhalisi təhlükə altındadır - SOS!!!

Cənubi Qafqazın 16 milyon əhalisi təhlükə altındadır
Kanal14.az: - Son günlər Ermənistanda yeni atom elektrik stansiyasının tikiləcəyi ilə bağlı bəyanatlar verilir. Ölkənin baş naziri Nikol Paşinyanın bu yaxınlarda Moskvaya səfəri zamanı da Rusiya rəsmiləri ilə yeni AES-in tikintisi müzakirə edilib. Ancaq erməni ekspertlər bunun texnoloji və s. cəhdlərini kənara qoyub daha çox maliyyə tərəfini təhlil edirlər. Onların qənaətincə, bu stansiyanın inşasına 5-7 milyard dollar məbləğində maliyyə vəsaiti tələb olunur. Bununla belə Ermənistandakı mövcud Metsamor Atom Elektrik Stansiyası region dövlətləri üçün təhlükə mənbəyi olaraq qalır. 2014-cü ildə Rusiya ilə Ermənistan arasında AES-in 2026-cı ilədək istismar müddətinin uzadılması üzrə hökumətlərarası razılaşma imzalanıb.

Stansiyanın radioaktiv tullantılarının daşınmasında problemlər var. Tullantının miqdarı çox olduğundan onun ölkə ərazisindən çıxarılması əsas məsələ olaraq qalır. Tullantıların Rusiyaya təyyarə ilə daşınması mümkün deyil. Gürcüstan üzərindən quru yolla daşınmasını da bir sıra səbəblərə görə reallaşdırmaq olmur. Ona görə də tullantılar ölkə ərazisindəki keyfiyyəti məlum olmayan quyularda saxlanılır. Bu isə bölgə dövlətləri üçün təhlükə yaradır.

Ermənistandakı Metsamor AES təhlükəsini dəyərləndirən politoloq Sədrəddin Soltan vurğulayıb ki, bu stansiya Türkiyə sərhədindən 17,5 km, İran sərhədindən 60 km, Azərbaycan sərhədindən isə 75 km məsafədə yerləşir. Ekspertin sözlərinə görə, Ermənistanın hazırkı böhranlı vəziyyətində stansiyaya qulluq üçün maliyyə vəsaiti çatışmazlığı istisna edilmir. Bu isə onun təhlükəsiz istismarının mümkün olmadığı ehtimalını artırır:

"BMT-nin energetika məsələləri üzrə eksperti Ara Mərcanyan bu günlərdə bildirib ki, Ermənistandakı Atom Elektrik Stansiyasının təmiri ən azı 2-3 il gecikib. Bir neçə il qabaq Ermənistan stansiyanın fəaliyyətini dayandıracağına dair sənəd imzalamışdı. Sənədi Ermənistan tərəfdən ovaxtkı energetika naziri Armen Movsisyan, ABŞ tərəfdən isə Ermənistandakı keçmiş səfir Con Heffern imzalamışdılar. Səfir bildirmişdi ki, Amerika Avropa İttifaqının atom stansiyasının 2016-cı ilədək dayandırılacağı barədə mövqeyini bölüşür. Göründüyü kimi, Ermənistan hakimiyyəti AES-in fəaliyyətini dayandıracağı ilə bağlı öhdəliyi yerinə yetirmir. Bu isə Metsamordakı stansiyanın beynəlxalq ictimaiyyətin nəzarət və icazəsi olmadan istismar edildiyi deməkdir. Beləliklə, Cənubi Qafqazda nüvə təhlükəsi var. Ermənistan bölgə əhalisinin həyatını nəzarətsiz, müddəti keçmiş, radioaktiv tullantısını basdıra bilməyən AES-in fəaliyyəti ilə təhdid edir. Atom Enerjisi üzrə Beynəlxalq Agentlik və atom-nüvə texnologiyasından istifadəyə xeyir-dua verən dövlətlər - ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, Rusiya və Çin Metsamorun ziyanlı fəaliyyətinə göz yumur”.

Siyasi şərhçi vurğulayıb ki, İranın bu istiqamətdə fəaliyyəti beynəlxalq ictimaiyyəti narahat etdiyi halda Ermənistandakı stansiyanın istismarına etinasız yanaşırlar:

"Beynəlxalq ictimaiyyət başqa məsələlərdə olduğu kimi, Ermənistanın atom-nüvə texnologiyası sahəsindəki ziyanlı və zərərverici fəaliyyətini görməzliyə vurur. Onlar 30 ilə yaxın idi ki, Azərbaycan torpaqlarını işğal altında saxlamaqla beynəlxalq hüququ pozur, işğala son verməsinə dair imzaladığı sənədlərə məhəl qoymurdu. Ancaq Azərbaycan Ordusu 44 gün ərzində onlara yerini göstərdi. Görünür, Ermənistan ancaq zor və güc tətbiqi ilə reallığı qəbul edir. Odur ki, nüvə texnologiyasından istifadə ilə bağlı beynəlxalq normaları saymadığı üçün Ermənistana sanksiya tətbiq edilməsinin vaxtı çoxdan çatıb. Sanksiya tətbiq edilmədiyindən ölkə rəhbərliyi, ermənilərin sponsorları və beynəlxalq ictimaiyyət Cənubi Qafqazda 16 milyondan artıq insanın həyatını və sağlamlığını təhlükə altına qoyub”.