Gündəm / İqtisadiyyat / Cəmiyyət

Tikinti materialları da bahalaşıb, amma alver “ölüb” - REPORTAJ

Tikinti materialları da bahalaşıb, amma alver
KANAL14.AZ: - Martın əvvəllərindən Azərbaycanda tikinti materiallarının topdansatış qiyməti artıb. Ekspertlərə görə, istehsalçılar və idxalçılar görünür Qarabağda, azad olunmuş torpaqlarda böyük tikinti-quruculuq işlərinin başlayacağını eşidib qiyməti qaldırıblar. Satıcılar deyirlər ki, hələlik anbarlarda qalan mallar satışda olduğundan qiymət artımı o qədər də hiss edilmir. Amma yaxın on- on beş günə mallar yeni qiymətlərlə satışa çıxarılacaq.

Tikinti materiallarının bahalaşması, bir yandan da pandemiya səbəbindən iş yerlərinin bağlanması, əhalinin gəlirlərinin aşağı düşməsi bazarda alveri zəiflədib.

Virtualaz.org-un əməkdaşları paytaxtın ən iri tikinti materialları bazar hesab olunan "Dərnəgül bazarı”nda vəziyyətlə tanış olublar. Satıcılar deyiblər ki, yeni gələn malların qiymətində ən azı 10-20 faiz bahalaşma var.

"Alıcı üzünə həsrət qalmışdıq…”

…Günün ikinci yarısıdır, "Dərnəgül bazar”ında isə alıcı gözə dəymir. Baxmayaraq ki, havaların isindiyi bu günlər əvvəllərənənəvi olaraq tikinti mövsümünün qızışması ilə xarakterik olurdu. Nəticədə tikinti materialları bazarında da canlanma yaranırdı. İndi isə bazarda pandemiyadan əvvəlki vəziyyətdən əsər-əlamət yoxdur. Səssizlikdir, alıcıların, yükdaşıyan, yükboşaldan fəhlələrin səs-küyü, maşınların uğultusu eşidilmir. Bəzi mağazaların qapısı açıqdır, satıcı bir küncdə mürgüləyir. Bəziləri isə iki-bir, üç-bir toplaşıb söhbətləşirlər. Satıcılardan biri deyir ki, ötən ilin yazına və bu ilin qışına nisbətən indi vəziyyətlərinə şükür edirlər. Çünki az da olsa alver var, havaların qızması ilə bazarın canlanacağına ümidləri çoxdur.

Taxtanın, sementin, boyanın qiyməti artıb

"Boya, alçipan, lambirinlərin qiymətində azı 10 faiz bahalaşma var. Qırx kiloluq sement kisəsini bir ay əvvələ kimi 6 manata satırdıq. İndi 6 manat 60 qəpik olub. Məsələn, üzlüklərdə bahalaşma 10-15 qəpik civarındadır” – satıcılardan biri özünü təqdim etmək istəməsə də, məlumat verir.

Dam örtüklərinin də qiymətində hiss olunacaq artım var-qiymət təxminən 80 qəpik-1 manat artıb.

Digər satıcı Qadir Alıyev isə bildirib ki, taxta-şalbanın qiymətində də artım var: "Taxtanın qiyməti qalınlığına görə və üzərinin düyünlü olub-olmamağına görə dəyişir. Məsələn, bu ilin əvvəlinədək ağ şamın 1 kubunu 295 manatdan, qırmızı şamın 1 kubunu isə 310 manatdan satmışam. İndi isə taxtanı 350 manatdan aşağı satanda sərf etmir. Eləcə də armatur orta hesabla 50 qəpiyədək bahalışıb”.

Satıcılardan biri isə deyir ki, kanalizasiya boruları və traplarda da qiymət artımı var. Su boruları isə ölçüsünə görə yerli mallar 10-15 qəpik, Türkiyə istehsalı olanlar isə 20 qəpik bahalaşıb. Həmçinin mişar daşı, qum, dam örtükləri, hamam aksesuarları, nasoslar, jaluzlər, plastik çənlərin qiymətində 10-15 faizə qədər artım müşahidə edilir.

"Qışda onsuz da alver olmurdu, indi bir az canlanma var…”

Samir adlı satıcı əlavə ki, qış tikinti materialları bazarında ənənəvi olaraq qış aylarında alver ölür. Bu qış isə təkcə mövsumi deyil, bir çox digər səbəblərdən ticarət daha da zəifləmişdi: "Bu qışı elə gün oldu ki, mağazanın qapısını açıb axşamacan boş-boşuna otururduq. Yaxşı ki internet var, günümüzü keçirə bilirdik. İndi az da olsa alver gedir, yerpulunu çıxardırıq, hələ üstəlik qazancımız da olur”.

Boru satan digər satıcı söhbətə qarışaraq deyir ki, pandemiyaya qədər günə bəzən 350 manatadək qazana bilirdi. İndi isə 150 manatlıq alver edəndə sevinir: "Karantin günlərinə baxanda indi vəziyyət yaxşıdır. Doğrudur, mağazanın qapalı qaldığı günlərdə iş olmadı. Amma şəxsən mən o qədər də zərər çəkmədim, çünki sonrakı günlərdə alver oldu, ziyanı kompensasiya etdim”.

Satıcı əlavə edir ki, əslində, pandemiyadan əvvəl də həmişə günorta tikinti malları bazarında alver zəif olub, nə alver edirlərsə günün birinci yarısında edə bilirlər.

Kafel-metlax satıcısı isə deyir ki, çoxmərtəbəli binaların tikintisi ilə məşğul olan tikinti şirkətləri birbaşa zavodların, sexlərin özündən mal götürürlər. "Dərnəgül bazarı”nın müştəriləri fərdi ev, obyekt tikən və təmir edənlərdir. Pandemiya səbəbindən əhalinin gəliri azalıb, ona görə də təmir edən, ev tikən azdır. Çoxdandır iri məbləğdə alver edənə rast gəlmir.

Qarabağda bərpa-tikinti alveri canlandıracaq

Satıcılar onu da bildiriblər ki, Qarabağda bərpa-tikinti işlərinə başlanılır, bu isə tikinti materialları bazarında əvvəlki canlanmaya səbəb olacaq. Buna görə də çətin günlərin geridə qalacağına ümidlidilər. "Burda Qarabağlılar da var, qərar verəndən sonra gedib dədə-baba yurdlarında ev tikəcəklər. Çoxları söz verib ki, elə özümüzdən alver edəcəklər, biz də yaxşı endirim edəcəyik”,-satıcılardan biri deyir. Əlavə edir ki, anbarlarda kifayət qədər yerli və xarici mal var. Qarabağda bərpa-tikinti başlasın işlər düzələcək.

Bazardakı taksi sürücüləri də narazıdırlar. Onların sözlərinə görə, mağaza sahibləri alverdən qazana bilirlər, taksi sürücüləri isə gözlərinə bazara gəlib-gedən müştərilərə dikirlər ki, bəlkə taksidən istifadə edən oldu: "Doğrusu, elə gün olur 15-20 manat qazanırıq. Elə gün də olur ki, bir tikə çörəkpulunu çıxara bilmirik. İndi çoxlarının maşını var. Xırda alver edənlər də yükünü öz maşınında daşıyır”.

Ekspert: "İstehsalda maya dəyəri artıb”

Daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov deyib ki, tikinti materialları – daş, taxta, sement, boyalar və digər malların qiymətində artım müşahidə edilir. Çünki tikinti materialları istehsalında maya dəyərinin artması qiymətlərə təsir edib. Tikinti materiallarının qiyməti isə birbaşa daşınmaz əmlak bazarında bahalaşmaya səbəb olur. Ekspertin sözlərinə görə, pandemiya səbəbindən tikinti materialları bazarında alıcılıq qabiliyyəti 10,7 faiz azalıb.

O ki qaldı Qarabağda bərpa işlərinin tikinti materialları bazarına təsirinə, N.İbrahimov yaxın 2-3 ili gözləməyi məsləhət bilir.// virtualaz.org