Gündəm / Sosial / Təhsil

Peşə məktəblərinə direktor müavinlərinin mərkəzləşdirilmiş işə qəbuluna başlanılır - Diqqət!

Peşə məktəblərinə direktor müavinlərinin mərkəzləşdirilmiş işə qəbuluna başlanılır
Kanal14.az: - İlk dəfə olaraq peşə təhsil müəssisələrinə direktor müavinlərinin işə qəbulu mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə həyata keçiriləcək.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən APA-ya verilən məlumata görə, müsabiqə peşə təhsil müəssisələrinin vakant olan tədris-istehsalat işləri, təlim-tərbiyə işləri və inzibati-təsərrüfat işləri üzrə direktor müavini vəzifələri üzrə 3 mərhələli şəkildə aparılacaq. Müraciətlərin qeydiyyatı aprelin 14-dən 21-dək https://portal.edu.az/ elektron müraciət portalı vasitəsi ilə həyata keçiriləcəkdir. Portal elektron müraciətlərin ünvanlanması, müraciət sənədlərinin təqdim edilməsi, müsabiqə və müsahibə mərhələlərinə dəvət və nəticələr barəsində məlumatlandırma üçün nəzərdə tutulub.

Müsabiqə elektron әrizәlәrin qәbulu, test imtahanı və müsahibә mәrhәləsindən ibarətdir. Seçim zamanı müvafiq vəzifə üzrə iş təcrübəsi və idarəçilik bacarıqlarının olması ümumi meyar olaraq qiymətləndiriləcək.

Aşağıda göstərilən meyarlar üzrə tələblərə cavab verən şəxslər vakant olan vəzifələrə müraciət edə bilərlər:

- Tədris-istehsalat üzrə direktor müavini vəzifəsi üzrə: ali pedaqoji və yaxud müəssisənin profilinə uyğun ixtisas və idarəetmə sahəsi üzrə ali təhsil, 3 ildәn az olmayaraq ixtisasına uyğun sahədə əmək stajı və ya pedaqoji stajı;

- Tərbiyə işləri üzrə direktor müavini vəzifəsi üzrə: ali təhsil, pedaqoji sahədə 3 ildən az olmayaraq əmək stajı;

- İnzibati-təsərrüfat işləri üzrə direktor müavini vəzifəsi üzrə: ali və ya orta ixtisas təhsili, inzibati-təsərrüfat işlərində təcrübə.