Gündəm / Siyasət

Türklər gəlməsəydi, məhv olardıq? – Sadıkovlara cavab

Türklər gəlməsəydi, məhv olardıq?
44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm zəfərin müxtəlif istiqamətlərdə müzakirəsi normaldır: kimi sevdiyi, kimi qısqandığı, kimi Azərbaycan hakimiyyətinə guya rəqib olduğunu göstərmək, kimi də erməni dəyirmanına su tökmək üçün danışır.

Bu müzakirələrin illərlə davam edəcəyi başadüşüləndir, çünki böyük bir nəticə ortadadır, Azərbaycan Rusiyanın birbaşa təsir dairəsində olan və Moskvanın onillərdir "dondurduğu” münaqişəni birtərəfli qaydada həllə etdi – indi qalır onu çoxtərəfli qaydada qəbul etdirmək.

Əlbəttə, hər kəsin münasibətinə normal yanaşmaq, müzakirəyə açıq və tolerant olmaq da bizim borcumuz - "düşüncə tərzinin demokratikliyi” məsələsi deyil bu, Qalibin ədasıdır! Biz özümüzü qalib kimi aparmağı öyrənməliyik. Qalib – vuran, dağıdan, məhv edən və torpaqlarını azad edən bizik – qoy kim nə müzakirə aparırsa, aparsın!

Ancaq əlbəttə ki, peşəkarların münasibəti diqqət çəkməyə bilməz – necə ki, hazırda mühacir həyatı yaşayan İsa Sadıkov/Sadıqovun! Ona görə "drobla” yazdıq ki, adam öz soyadının milli düşüncəyə uyğun yazılmasında maraqlı olmalıdır – Nəcməddin SadıKovçuluqdan qurtarmaq lazımdır.

İsa Sadıqovun bir neçə gün öncə İkinci Qarabağ müharibəsi haqda dediyi sözlər bu baxımdan diqqət çəkdi və əslində, uzun müddətdir demək istədiklərimizi ifadə etmək vaxtının çatması ilə bağlı siqnal oldu.

İsa Sadıqovun bir saatlıq çıxışını belə ümumiləşdirmək olar: adam deyir ki, Türkiyə yanımızda olmasa, türklər gəlməsə, Azərbaycan məğlub olacaqdı.

İsa Sadıqov – peşəkar hərbçidir, gəncliyində Almaniyadan üzü belə, Sovet ordusunun ən mühüm birliklərində xidmət edib. Nəhayət, 1992-ci ildən 1995-ci ilə qədər Azərbaycanda müdafiə nazirinin müavini, korpus komandiri, qərb bölgəsində döyüş əməliyyatlarının rəhbəri olub. Niyə xatırlatdıq? Çünki Azərbaycan ordusunun qurulmağa başladığı ilk illərdə korpus komandiri olan, Azərbaycan əsgərini yaxşı tanıyan birinin sözlərinə "cəhənnəmə çərənləsin” ifadəsi ilə reaksiya vermək olmaz!

Başlayaq "Türkiyənin, türklərin gəlməsi” məsələsindən!

Türkiyə niyə "gəlməməli”, Azərbaycanın yanında olmamalıdır? Türkiyə və Azərbaycan strateji müttəfiq, qardaş ölkələrdir, regional maraqlarını birgə ifadə edirlər, dünya miqyasında bir çox siyasətlərini koordinasiyalı şəkildə həyata keçirirlər, Türkiyənin beynəlxalq güc olması yolunda ən möhtəşəm dəstəyi verən Azərbaycandır! Azərbaycanın ən böyük şirkətləri Türkiyəyə milyardlarla investisiya qoyur, beynəlxalq platformalarda çiyin-çiyinəyik!

Azərbaycan Prezidenti hələ 16 il öncə demişdi ki, Türkiyə nə qədər çox güclənsə, Azərbaycan bir o qədər güclü olar və Azərbaycan Türkiyənin məhz O BOYDA güclənməsi üçün nə mümkündürsə, edir! Çünki özü güclənmək istəyir!

Türkiyənin dünyaya meydan oxuyan möhtəşəm lideri Ərdoğan da bu cür düşünür və Azərbaycanın, digər türk ölkələrinin hər zaman yanında olduğunu nümayiş etdirir. Sadəcə, Azərbaycan daha müstəqildir, daha suverendir, öz siyasətini özü müəyyənləşdirir və ona görə də Türkiyə ilə əlaqələri bu səviyyəyə qaldırmaq mümkün olub. Digər türk respublikaları da imperialist dövlətlərin təsirindən qurtulduqca altıdövlətli müttəfiqlik görəcəyik – elə bütün siyasi-ideoloji istiqamət də bu yöndədir və bu siyasətin aparıcıları da Bakı ilə Ankaradır!

İkincisi, Türkiyə nə vaxt bizim yanımızda olmayıb ki? 2020-ci il Vətən müharibəsində dünya güclərinin qarşısına sinəsini verən, gündə 3 bəyanat verməyəndə dincəlməyən, hamıya barmaq silkələyib, müharibənin nəticəsinə təsir göstərmələrinə imkan verməyən Ərdoğanın dəstəyi misilsiz idi. Ancaq 1991-93-cü illərdə Türkiyənin göstərdiyi dəstək də əvəzedilməz idi.

İsa Sadıqov yaxşı xatırlayar həmin illəri. 2020-ci ildə düşmənlə üzbəüz heç bir mehmetcik yox idi, ancaq Birinci Qarabağ savaşında birbaşa döyüşmək üçün Azərbaycana gəlib, burda şəhid və qazi olan Türkiyə türkləri vardı. Bir halda ki, yalnız silahla deyil, həm də canları ilə Qarabağda vuruşmağa gəlirdilər, onda niyə Birinci Qarabağ savaşında uduzmağımızın məsuliyyətini onlarla bölüşmürsünüz?

Başa düşürəm, qələbənin atası çox olur, məğlubiyyətsə yetimdir. Ancaq Çanaqqalada da 5 min azərbaycanlı şəhid olmuşdu, Nərimanov "qardaş qardaşa borc verməz” deyib, Atatürkə qızılla yardım etmişdi: siyasi, iqtisadi dəstək verirdik gücümüz çatdığı qədər. Amma Çanaqqala zəfərinin memarı Atatürkdür, Türkiyədir!

"Türklər gəlməsəydi, məğlub olacaqdıq” deyən sabiq komandan, vallah, ermənilər də deyir ki, Türkiyə ilə vuruşurduq, Azərbaycanla deyil! Gücləri çatdıqca Azərbaycan Ordusunun adını çəkməməyə, Azərbaycan Ordusunun erməni cəmiyyətində yaratdığı dəhşətli xofu unutdurmağa çalışırlar. Siz bu sözlərinizlə kimə işlədiyinizin fərqindəsinizmi?

Ermənilərə ruslar yardım etmirdimi? Türkiyədən Azərbaycana 44 günlük savaş ərzində silah daşınmasını əks etdirən peyk görüntüsü, fakt-sübut yoxdur – hətta olsa da, bu faktlar qeydə alınmayıb da. Necə etmişik, əcəb etmişik, təmiz işləmişik!

Ancaq Rusiyadan Ermənistana 44 günlük Vətən müharibəsində nə qədər silah daşınıb? Hələ təyyarə ilə daşınanlar yüz tonlarladır!

Qarabağda tətbiq edilən bütün silahlar – həm İsrail, həm Türkiyə istehsalı hər nə varsa, hamısı Azərbaycan Ordusunun arsenalına daxildir. Biz onları pulumuzu verib almışıq. Əlbəttə, qardaşlarımız, o cümlədən dostumuz İsrail o möhtəşəm silahları bizə satmamaq üçün təzyiqləri veclərinə də almayıb – bu ayrı məsələdir. Ancaq fakt odur ki, o silahlar bizə pay verilməyib!

Ancaq Ermənistana silahların hamısı pay verilib, hədiyyə edilib və bu hədiyyələr müharibə vaxtı da davam etdirilirdi.

Qarabağda Türkiyə ordusuna aid heç bir silah tətbiq edilməyib, ancaq Şuşada Rusiya ordusunun arsenalına daxil olan İsgəndər-M raketinin qalıqları tapılıb.

Rusiyanın Ermənistana hansı dəstək verdiyi göz önündədir. Bunun qarşılığında "Türklər gəlməsəydi” məntiqi nə deməkdir? Niyə gəlməməli, dəstək verməməli, strateji müttəfiqinin, can qardaşlarının yanında olmamalıdır?

Azərbaycan Ordusuna komandanlıq edən kəs heç bir halda öz zabit şərəfinə görə "Azərbaycan məğlub olacaqdı” sözünü dilinə almamalıydı. Çünki Azərbaycan əsgərinin ruhuna bələddir. Şuşanın sərt qayalarına bıçaqla silahlanıb qalxan, heç bir müasir silahdan istifadə etmədən, yaralılarını çiyninə alıb sıldırım qayalarla Şuşaya girən Azərbaycanın Şanlı Ordusu, Azərbaycan Əsgəri, Azərbaycan Oğludur! Sən bu cür savaşan Ordunun şücaətini hansı cəsarətlə azaltmaq istəyirsən?

Hə, o ayrı məsələ ki, həmən döyüşən oğullar idi, həmən Türkiyə idi, həmən dəstək idi, ancaq "həmən Azərbaycan” deyildi! Sənin gördüyün xaotik, qarmaqarışıq, siyasi baxımdan qeyri-stabil, zəif büdcəli, təşkilatlanmamış Azərbaycan artıq yoxdur! Azərbaycanda qonşularla münasibətləri gərginləşdirib, Surət Hüseynov kimi satqının öhdəsindən gələ bilməyən, Türkiyədə isə Kəlbəcərdən əhalini daşımaq üçün iki mülki təyyarə göndərmək üçün NATO icazəsi gözləyən rəhbərlər yoxdur!

İndi regionda və dünyada sözü olan KİŞİlər var hər iki ölkənin başında!

O KİŞİlərə dil uzada, onların xidmətini azalda, onlardan birinə və yaxud hər ikisinə opponentlik, siyasi rəqiblik edə bilərsən. Ancaq bu möhtəşəm qələbənin üstünə kölgə salmağı zabit şərəfinə sığışdırmamalısan; ancaq 3 min şəhidin, 10 min qazinin haqqına girə bilməzsən! Bunu sabiq komandir kimi etməyə vicdanın yol verməməlidir!

Orda şəhid olanlar da, ermənilərlə üzbəüz döyüşənlər də Azərbaycan Əsgəri idi; naxələf, nadirüst, şərəfsiz, ləyaqətini itirən düşmənin mülki şəhərlərimizi qadağan olunmuş raketlərlə vurması fonunda atasını, anasını, övladını itirənlərin müharibəyə, itkiyə qarşı çıxmaması, TƏKİ ORDUMUZ DAYANMASIN deyə inanılmaz ruhu qarşısında sən necə o sözləri deyə bilərsən?

Siz məğlub komandansınız, aşağılıq kompleksiniz var, özünüzə hörmət etmirsiniz, əsgərinizi, xalqı anlamırsınız - başa düşə bilərik! Ancaq bu möhtəşəm xalq ruhunun qarşısında ayılmalısınız! Dərk etməlisiniz ki, Qələbəni bu xalq dünyaya görk olacaq bir ƏZM, LƏYAQƏT, İNAD və RUHla qazandı!

Hələ onu demirəm ki, az qala hər gün İlham Əliyevin düşməni vahiməyə salan ÇIXIŞları vardı; hələ onu demirəm ki, Komandanın düşmənin ruhunu sındıran, Azərbaycan xalqının döyüş əhvalını ala buluda qaldıran çıxışlarına baxmaması üçün Ermənistan MN hər gün öz xalqına yalvarırdı.

Siz nə zaman əsgərlərinizi bu ruhla döyüşə aparmışdınız, ay qərb bölgəsindəki döyüşlərdən məsul olmuş nazir müavini?.. //axar.az//