Gündəm / Siyasət

“Moskva “İsgəndər”lə bağlı dəhşətli etiraf etməli olacaq” - GƏLİŞMƏ


Rusiyalı tarixçi və hərbi ekspert Oleq Kuznetsov Axar.az-a bildirib ki, Moskva "İsgəndər-M” məsələsi ilə bağlı dəhşətli etiraf etməli olacaq. Onun sözlərinə əsasən, Şuşada "İsgəndər” kompleksi raketlərinin qalıqlarının aşkar edilməsi və onların mənşəyi haqqında suallara yalnız iki real cavab variantı mövcuddur:

"Birincisi, əvvəllər səsləndirilən bütün bəyanatlara rəğmən, bu yaxınlarda Qarabağ uğrunda gedən müharibədə bu kompleksin tətbiqində Rusiyanın bilavasitə əli var və bu, onun Cənubi Qafqaz regionundakı nüfuzu və imici baxımından heç də yaxşı deyil. İkincisi, ”İsgəndər" kompleksi bu müharibədə tətbiq olunmayb, qalıqlar isə daha sonra Şuşaya Rusiya ilə Azərbaycanın arasını vurmaq istəyən qüvvələr tərəfindən gətirilib. Bunun kim tərəfindən edildiyi indi o qədər də böyük əhəmiyyət kəsb etmir, çünki daha vacib olanı odur ki, belə raketlərin havaya buraxılmasından sonra dağıntıları yalnız Rusiyada iki və ya üç poliqonda əldə etmək olardı və onlar Qarabağa yalnız oradan gətirilə bilərdi. Əgər bu, ölkənin ali hərbi-siyasi rəhbərliyinin icazəsi olmadan baş veribsə, deməli, Rusiya hakimiyyəti onun ərazisində baş verənlərə nəzarət etmir. İndi Moskva ya raketlərdən istifadədə əli olduğunu, ya da öz zəifliyini etiraf etməlidir".

Kuznetsovun dediyi iki variantdan hansı daha inandıdrıcıdır? Rusiya səfirliyi azərbaycanlı jurnalistlərin "İsgəndər” sistemləri ilə bağlı müraciətini cavablandıracaqmı? Reaksiya necə olacaq? Susmaq faktlarla razılaşmaq deməkdirmi? Ümumiyyətlə, cavab olmaya bilərmi?

Politoloq Əhəd Məmmədli "Yeni Müsavat”a bildirdi ki, Rusiya səfirliyi azərbaycanlı jurnalistlərin "İsgəndər-M” sistemləri ilə bağlı müraciətini cavablandırmayacaq və Kremldən təlimat gəlməyənə qədər səfirlik də susacaq: "Bir deyim var susmaq razılıq əlamətidir. Düzdür, Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Peskov ”İsgəndər-M"lə bağlı məlumatı dolayısı ilə təkzib etdi, amma təkzib etməkdən də başqa yolları yox idi. Yəqin, daha ağıllı təkzib tapana qədər ruslar susmağı üstün tutacaqlar. Fikrimcə, Kuznetsovun ikinci variantına oxşar açıqlama veriləcək. Moskva təxminən belə və ya buna oxşar açıqlama verəcək ki, "bu, original deyil sınaq üçün tətbiq edilən ”İsgəndər" raketlərini ordudan kimlərsə tərəfindən oğurlanıb erməni tərəfə satılıb onlar da bu sınaq variantını istifadə ediblər". Buna görə də bir-iki rus zabiti həbs edilə də bilər. Bununla Rusiya həm öz sifətini, həm də "İsgəndər”lərinin sifətini qorumağa cəhd edəcək. Yəni bu işdə cinayət edənlər cəzalandırıldı, həm də İsgəndərlərin partlamama səbəbi də göstərildi kimi görüntü yaradılacaq. Partlamama səbəbini də orijinal deyil, sınaq variantı olması ilə əsaslandırmağa cəhd ediləcək".

Ancaq politoloqa görə, rusların bu cür açıqlamasına ağlı başında olan heç kəs inanmayacaq: "Lakin dövlətlərarası münasibətlərin qorunub saxlanılması naminə hər kəs özünü inanırmış kimi göstərəcək. İstənilən halda Rusiyanın silah istehsalçısı kimi imicinə növbəti dəfə ciddi zərər dəydi. Üstəlik, Rusiya-Azərbaycan münasibətləri də ziyan gördü. Həmçinin bu faktdan istifadə edib Azərbaycan Türkiyənin də dəstəyi ilə aprel - may aylarında keçmiş Dağlıq Qarabağ ərazisinin hazırda erməni separatçılarının yerləşdiyi hissəsində antiterror əməliyyatı keçirməlidir”.