Gündəm / Siyasət

Hakimiyyətə qarşı Şuşa “hücumu” - NƏ BAŞ VERİR?

Hakimiyyətə qarşı Şuşa
Azərbaycanın Qarabağ qələbəsinə kölgə salmaq istəyən qüvvələr son günlərdə yenidən fəallaşıblar. Onlar qədim, tarixi şəhərimizdə sovet dönəmindən qalma binaların sökülməsini bəhanə edərək, iqtidara qarşı kampaniya başladıblar.

Bu prosesdə AXCP sədri Əli Kərimli və çevrəsi, onun təsirində olanlar daha çox canfəşanlıq edirlər. Onlar hətta bəzi hallarda Şuşa qələbəsini kiçiltməyə çalışır, bunu Azərbaycanın uğursuzluğu (?) kimi təqdim edirlər.

Hansı ki, Şuşanın azadlığı bir möcüzə sayılır. Çünki hətta müxalifətin özünün də zaman-zaman razılaşdığı sülh razılaşmalarında Şuşanın təhvil verilməsi əksini tapmırdı. Mədəniyyət paytaxtımızı Azərbaycan Ordusu şücaətlər göstərərək azad edib. Bu, bir şərəf məsələsidir. Üstəlik, bu şəhərin işğalının məsuliyyəti AXC-nin, onun təşkil etdiyi hərəkatın və hakimiyyətin ayağına yazılırdı. İndi oranın azad edilməsi həm də AXC liderlərinin, AXC hakimiyyətinin tarixi məsuliyyətdən xilas olmaları deməkdir.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı məsələ ilə bağlı sərt danışdı: "Çox təəssüflər olsun ki, adını azərbaycanlı qoyanlar, türkün adı ilə cibində vəsiqə gəzdirən bəziləri sona qədər düşmən mövqeyində dayandılar, ermənipərəst mövqedən çıxış etdilər. Hazırda da onlar dünya erməniliyi tərəfindən çıxış etməkdədirlər, erməni lobbisi ilə onların əlaqələrinin olmasına heç bir şübhə yeri artıq qalmamaqdadır. Şuşa Azərbaycanın incisidir, qədim mədəniyyət mərkəzidir. Burada ciddi, tarixi abidələr var. Bu abidələrin hamısı qorunub-saxlanılır. Onların düşüncələri, baxışlar sistemi, xarakteri bu etirafı etmək üçün əsaslar vermir. Sovet dövründə qoyulan məhdudiyyətlər, yuxarıdan, yəni Kremldən gələn layihələr əsasında yöndəmsiz binalar tikilib. Vaxtilə buna ”xuşşovkalar" deyilirdi.

Bu, əslində Şuşanın memarlıq üstünlüyünü tamamlamır. Bir sözlə, yamaq kimi binalardır. Bunlara ehtiyac yoxdur. Yanaşmam belədir. Düşünürəm ki, onlar sökülməli və yerində qədim Azərbaycan və müasir dünya memarlığının üstünlüyünü özündə əks etdirən binalar tikmək lazımdır. Erməni vandalizmi nəticəsində çoxsaylı tarixi abidələrimiz, məscidlər yerlə yeksan olunub. Onlar arxivlərdən götürülür, bərpa olunur, yenilənir. Şuşanın siması özünə qaytarılır. Aparılan işlər alqışa layiqdir. Bunlar görülən işlərə qara yaxmaqla ömürlərini başa vurub, çürüyüb gedəcəklər. Çünki onlar üçün Azərbaycanın uğurları qəbul edilən deyil. Onları ən çox məyus edən, yuxularını qaçırdan, həyatlarını zəhər edən 44 günlük müharibənin sonunda əldə etdiyimiz zəfərimiz oldu. Ermənilər kimi onlar da məyus olublar. Onlar hər zaman erməniliyin yanında olublar. Erməni lobbisi tərəfindən maliyyələşən, həyatlarını yüksək səviyyədə quran, bu pullarla övladlarını ən aparıcı xarici universitetlərdə oxudub, onlara orada yüksək həyat təmin edən şarlatanlardır, antimilli qüvvələrdir".

Deputat deyir ki, bu qüvvələr Azərbaycan xalqı tərəfindən lənətlənib: "Hətta öz qohumları, yaxınları tərəfindən belə lənətləniblər. Barmaqla sayılacaq insanlardır. Onlar bu gün qələbəmizin sevincini yaşayan, Şuşanın yeni mənzərəsini yaratmaq istəyən dövlətimizin addımlarından, sadəcə, içlərində çürüyəcəklər. Onların Azərbaycanın xalqının şərəfli, uğurlu tarixində heç bir yeri yoxdur”.
"Yeni Müsavat”