Gündəm / Siyasət

Xankəndidə ofis axtaran deputatla bağlı açıqlama: - “Qarabağda icmalar ola bilməz, amma...”

Xankəndidə ofis axtaran deputatla bağlı açıqlama:
"Xankəndində deputatın ofisi açıla bilər, icmanın deyil”.

Sfera.az xəbər verir ki, bunu politoloq Zaur Məmmədov Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri, Milli Məclisin deputatı Tural Gəncəliyevin Xankəndində ofis axtarmaqla bağlı paylaşımına münasibət bildirərkən deyib.

Politoloq vurğulayıb ki, Dağlıq Qarabağ olmadığı kimi, onun icmaları da olmamalıdır: "Azərbaycan bütövdür və azərbaycanlılar unitar dövlətin heç bir güşəsində icma deyillər. Amma Xankəndini, Hadrutu təmsil edən deputatın digər rayonları təmsil edən millət vəkilləri kimi ofisi olmalıdır. Ermənilər bilsinlər ki, unitar Azərbaycanda azlıq onlardırlar”.

Qeyd edək ki, ötən gün Tural Gəncəliyev hazırda Xankəndində yeni ofis binası üçün mümkün yerlər nəzərdən keçirdiyini bildirib. Onun sözlərinə görə, deputat kimi Xankəndinin bütün sakinlərini təmsil edir:"Etnik mənşəyindən asılı olmayaraq, hər kəsə yaxşı xidmət etmək üçün əlimdən gələni edəcəyəm!”.