Gündəm / Siyasət

“Ermənistan Türkiyə ilə əlaqələr yaratmağa çalışacaq”


"1993-cü ildə Türkiyə bir neçə dəfə Ermənistanı təcavüzdən çəkindirməyə çalışdı, İrəvanla əlaqələrin düzəldilməsini istədi. Amma Ermənistan anti-türk siyasətindən əl çəkmədi. Sonrakı illərdə Türkiyə yenidən Ermənistanı reallıqları qəbul etməyə səslədi. Hətta sabiq prezident Abdulla Gül İrəvana gəlib futbol oyununa tamaşa etdi. Yəni Türkiyə onlara əl uzatdı. Bunun qarşılığında ermənilər nə etdi? Yenə də konstitusiyada Türkiyəyə qarşı ərazi iddialarını geri çəkmədilər, Qarabağdan çıxmadılar. Ankara da elan etdi ki, Qarabağdan çıxmayacaqları müddətdə Ermənistanla sərhədləri açmayacaq. Odur ki, indi Nikol Paşinyan Ermənistan-Türkiyə münasibətləri haqqında yalan danışır”.

Bu fikirləri Reyting.az-a keçmiş təhsil naziri, professor Firudin Cəlilov Ermənistanın Baş naziri Nikol Paşinyanın işlətdiyi son fikirləri qiymətləndirərkən deyib.

Xatırladaq ki, Rusiya mətbuatına müsahibəsində Paşinyan deyib ki, Ermənistan 1993-cü ildən bu yana Türkiyə ilə şərt irəli sürmədən münasibətləri normallaşdırmağın tərəfdarı olub. Lakin Türkiyə birtərəfli qaydada 1993-cü ildə sərhədlərini bağlayaraq Azərbaycana dəstək verib.

Paşinyan əlavə edib ki, son Qarabağ müharibəsi zamanı Türkiyə Azərbaycana dəstək verib və indi bölgədə əlaqələrin yaranması üçün Türkiyə Ermənistana qarşı "təcavüzkar” siyasətini dəyişməlidir.

Sabiq deputat Firudin Cəlilov isə deyir ki, Nikol Paşinyan yalan danışır:

"Ermənistan Türkiyəyə qarşı ərazi iddiaları irəli sürür. Qarabağda uzun illər işğalçılıq siyasəti həyata keçirib. Düşünürlər ki, bütün bunlar cavabsız qalmalı idi?

Bəli, Ermənistanın düzəlməyəcəyi ortaya çıxdıqdan sonra Türkiyə sərhədləri bağladı və uzun illər Ermənistana "nəfəscik” vermə rolunda İran çıxış etdi. Reallıqları nəzərə almaq lazımdır. Zamanında Türkiyə əlini uzatmışdı, amma onlar yenə də arxadan öz məkrli oyunlarını oynağa başladılar”.

Bundan sonrakı duruma gəldikdə, professor deyib ki, bundan sonra Cənubi Qafqazda oyun qaydalarını Azərbaycan müəyyən edəcək: "Üstəlik, Azərbaycanın yanında Türkiyə kimi böyük qardaşı var. Gələcəkdə Rusiyanın taleyinin necə olacağını bilmək olmaz. Məncə, yaxın gələcəkdə çox şeylər dəyişə bilər. Ermənistanın da ayrı əlacı yoxdur. Gec-tez Türkiyə ilə əlaqələr yaratmağa çalışacaqlar”.