Gündəm / Siyasət / Sosial

Baş redaktor işdən çıxarılan məmuru müdafiə etdi... - "Əhmədzadə o kadrdır ki..."

Baş redaktor işdən çıxarılan məmuru müdafiə etdi...
...Əhməd Əhmədzadə 02.04.2021-ci il tarixdə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri vəzifəsindən azad edildi... Sərəncamın, necə deyərlər, mürəkkəbi qururmamış sosial mediada sabiq sədrin əleyhinə nələr yazılmadı. Adını yalnız mətbuatdan eşidən də, ümumiyyətlə, tanımayan da yazdı və hələ də yazırlar... Və ikinci gündür bu yazışma və yarışma davam edir.
Bu yazışmaların müəlliflərini qınamağa əsas görmürəm. O mənada ki, onlar məmur adı eşidəndə gözlərinin qarşısına Azərbaycanın büdcə pullarını tarimar edib xaricə daşıyanları, İnterpol xətti ilə beynəlxalq axtarışa verilənləri, yaxud oğurladığı yüz milyonların davasını və cəzasını məhbəs həyatında yaşayanları, başının üstündən rəhmətlik Heydər Əliyevin və prezident İlham Əliyevin iri portretlərini asıb masasının üstünə-gözünün qabağına Quran kitabını qoyub rüşvət alan və nəhayət, bunları gizli kamera ilə lentə alan DTX tərəfindən qolları qandallalanları... gətirirlər.
Yaxşı, bəs ölkədə uzun illər, necə deyərlər, su işinə baxan Əhməd Əhmədzadənin kabinetini su yolu edənlər... niyə susur və demirlər, yazmırlar ki, ay balam, tənqidləriniz varsa, buyurun... Bəs bu təhqirlər, ironiyalar, ələsalmalar, aşağılamalar... kimə nə nəyə lazımdır?
Demirlər və yazmırlar. Susurlar. Susmaq razılıq əlamətidirsə, deməli, bu bəlli yazışma və yarışma müəllifləri ilə razıdırlar...
***
...Keçirəm mətləbə: Əhmədzanənin kabinetində cəmi iki dəfə olmuşam. Birinin tarixcəsi belədir: səhv etmirəmsə, 1997-ci ildə "Təzadlar”da bir siyasi aforizm dərc olunmuşdu: qısa məzmunu belə idi ki, "Deyirlər, Azərbaycanın çörəyinin duzu yoxdur. Niyə? Əksinə, Azərbaycanın nəinki çörəyinin, həm də torpağının duzu var. Kim görmək istəyirsə, buyursun, Bakı-Ucar-Yevlax avtomagistralının sağ və sol ərazilərini seyr etsin. Torpağımızın duzu dizə çıxır...”.
Həmin illərdə qeyd olunan ərazilərdə şoranlaşma atmaqda idi və əkinə yararlı ərazilərdə (həm də dəniz suyunun səviyyəsi qalxdığından) şoranlaşma səngimirdi.
Bu replikanın dərc olunduğu gün mobil telefonuma 050211...- lə başlayan telefondan zəng gəldi... Salamlaşandan sonra gülə-gülə "Əhməd Əhmədzadədir... Vaxtınız varsa, bu gün, ya da sabah sizi görmək istəyirəm...”.
Getdim. Daha çox ona görə ki, başqa məmurlar kimi məhkəmə ilə hədələmədi, "Bu nədir yazmısınız? Siz heç bilirsiniz kimə ilişirsiniz???”- demədi Əhmədzadə.
Və görüşdük. İlk dəfə idi. Əhməd Əhmədzadə sahə mütəxəssislərinin bir neçəsini dəvət etmişdi. Mənə qeyd olunan ərazinin şoranlaşmasının səbəblərini elmi-meliorativ qaydalara uyğun izah etdilər. Özüm Neft Akademiyasını bitirdiyimdən, bəzi izahlarımı və təkliflərimi verdim, fizikanın birləşmiş qablar qanununu misal da çəkdim... Əhməd müəllim söhbəti elə burda da dayandırdı. Dedi, o (yəni mən) təkcə jurnalist deyil, həm də mühəndisdir, iqtisadçıdır... Və dərhal da göstəriş verdi ki, əraziyə baxan idarə rəisi bu dəqiqədən drenaj kanallarının təmizlənməsinə başlasın, bir həftə vaxt verirəm və sair.
Qeyd edim ki, şoranlaşma daha çox drenaj kanalların təmizlənməməsi səbəbindən baş verir...
Təxminən bir mövsüm keçəndən sonra yolum o ərazilərdən keçəndə şoranlaşmaya məruz ərazilərə baxdım, demək olar gözə dəymirdi...
***
...Aradan bir neçə ay keçmişdi, vaxtilə AXC hakimiyyətində yüksək vəzifə tutan şəxslərdən biri ilə təsadüfən o vaxtkı kadr siyasəti barədə danışırdıq. O, mənə bir hadisəni danışanda, Əhməd Əhmədzadə barədə təsəvvürüm bir az da zənginləşdi. Həmsöhbətimin sözlərini onun dilindən təxmini olaraq təqdim edirəm: "...Cəbhə hakimiyyətə gələn ərəfədə keçmiş kommunist birinci katiblərin şələ-küləsini qırağa atıb kreslosunda yeni kadrlar-cəbhəçiləri yerləşdirirdilər... Öz xoşu ilə getməyənlərlə isə gələcək baş nazir Pənah Hüseynov danışığa gedirdi... Növbə çatdı Şəmkirin birinci katibi Əhməd Əhmədzadəyə. Pənah bəy bir neçə cəbhəçi ilə Əhmədzadənin kabinetinə daxil olur. "Əhməd bəy, siz bilirsiniz ki, biz hakimiyyətə gəlirik, bu gündən vəzifədən azadsınız...”. Əhməd Əhmədzadə etirazını bildirir: "Bunun üçün əvvəlcə mənə tutduğum bu vəzifədən niyə azad edilməyimin səbəbi izah olunmalıdır. İkincisi, bunun üçün Prezidentin sərəncamı verilməlidir... Üçüncüsü, əvvəlcə komissiya göndərin, mənim fəaliyyətimi təftiş etsin, sonra mən təhvil-təslim edim. Bəlkə ayağımda milyonlarla yeyinti, əskikliklər var...”.
Pənah bəy qarşıdurmaya getmədən təcili Bakıya qayıdır və bu barədə gələcək Prezident Əbülfəz Elçibəyə məruzə edir. Əbülfəz bəy deyir: "Pənah bəy, biz ucdantutma hamını çıxarıb təcrübəsiz kadrları yerləşdirə bilmərik. İlk növbədə rayon ictimaiyyətinin rəyini öyrənib rüşvətxorları aşkar edin, onları vəzifədən çıxaraq. Əhmədzadəyə gəlincə, deməli, o, özünə nədəsə arxayındır. Şəmkirdə cəbhəçi fəallardan kim var?”
Gələcək Prezidentə AXC İdarə Heyətinin tanınmış üzvlərindən birinin (adını qəsdən yazmıram.Red.) qardaşı həmin vaxt Şəmkirdə ticarət idarəsində müdir idi. Bəy tapşırır ki, təcili onu yanıma göndərin... Səhəri gün həmin idarə müdiri Əbülfəz bəyin qəbuluna gəlir. Bəy soruşur:
-Əhmədzadə necə adamdır? Deyirlər rüşvətxordur...
-Bəy, mən bu idarəyə təyin olunanda bir neçə gün sonra bir az pul götürüb Əhmədzadənin qəbuluna getdim. Söhbət etdik, mənə tapşırıqlarını verdi, sonra çıxanda banderolu masasının üstünə qoydum. Soruşdu ki, o nədir? Dedim, halallıq üçün hədiyyədir, qonaq-qaranız olur... Əhmədzadə mənə dedi ki, o pulu götür, hər yerdə qıtlıqdır, Bakıdan, Gürcüstandan daha çox ərzaq alıb gətir, qiyməti də qaldırma, qaldırmaq istəyəndə bu puldan çıxarsan...
Əbülfəz bəy bunları eşidəndə üzünü Pənah bəyə tutaraq deyir: "Bəy, biz rüşvətxorları vəzifədən çıxarırıq. Bu Əhmədzadə rüşvətxor deyil, onu niyə çıxarmalıyıq? Qoyun işləsin...””
Həmsöhbətim əlavə edir: "...Bildiyim qədər, Əhməd Əhmədzadə AXC hakimiyyəti dövründə də işlədi, amma bir müddət keçmiş öz ərizəsi ilə vəzifədən getdi... Sonradan Heydər Əliyev hakimiyyətə gələndən sonra onu yenidən hansısa vəzifəyə təyin etdilər...”.
Bu söhbəti təkmil etmək üçün Ə.Əhmədzadənin vikipediyadakı tərcümeyi-halından bir neçə faktı təqdim edirəm: "Ə.Əhmədzadə- Əmək fəaliyyətinə 1961-ci ildə 11 saylı Bakı şəhər Tikinti İdarəsində fəhlə kimi başlamış, 1966- cı ildə Azərbaycan Elmi-Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutu nda böyük mühəndis, 1967- 1975-ci illərdə Qax Suvarma Sistemləri İdarəsində böyük mühəndis, idarənin rəisi vəzifələrində işləmişdir. 1975- 1976-cı illərdə Qax rayonu Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri olmuş, 1976- 1978-ci illərdə keçmiş Sov.İKP yanında İctimai Elmlər Akademiyasında ali partiya- siyasi təhsili almış, 1978- 1980-ci illərdə Abşeron rayonu Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, 1980- 1987-ci illərdə Azərbaycan KP Füzuli rayonu RK- nın birinci katibi, 1987- 1991-ci illərdə Azərbaycan KP Şəmkir rayonu RK- nın birinci katibi, 1991- ci ildə Şəki şəhər Partiya Komitəsinin birinci katibi, Şəki rayonu Xalq Deputatları Sovetinin sədri, 1991-1992-ci illərdə Quba rayonu İcra Hakimiyyətinin başçısı vəzifələrində işləmişdir.
1981- 1995-cı illərdə Azərbaycan Respublikası Ali Soveti nin deputatı seçilmişdir. 1993-2004-cü illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri, 2004- 2006-cı illərdə Kənd Təsərrüfatı Nazirinin birinci müavini, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin baş direktoru, 2006-cı ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Sədri olmuşdur... Respublikanın meliorasiya və su təsərrüfatının inkişafı sahəsindəki xidmətlərinə görə 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Şöhrət" ordeni, "Əməkdar mühəndis" fəxri adına, 2019-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə "Cümhuriyyət medalı"na və 2020-ci ildə meliorasiya və su təsərrüfatı sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli "Əmək" ordeninə layiq görülmüşdür...”.
Sitatın sonu...
Asif MƏRZİLİ //tezadlar.az//