kanal14.az
kanal14.az

Distant tədrisə qayıdış: Çox yanlış qərardır... - NƏ ETMƏLİ?

Distant tədrisə qayıdış: Çox yanlış qərardır... - NƏ ETMƏLİ?
2-04-2021, 10:31 23 dəfə baxılıb

Distant tədrisə qayıdış: Çox yanlış qərardır...
Aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili nəzərdə tutulur. Digər şəhər və rayonlarda isə tədris sanitar-gigiyenik tələblərə əməl edilməklə qismən əyani formada davam etdiriləcək.

Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Distant tədris zamanı dərslər "Virtual məktəb”, eləcə də digər onlayn platformalar üzərindən keçirilə bilər. Həmçinin, şagirdlərə "Dərs vaxtı” teledərslərini izləmək tövsiyə olunur.

Qərarın verilməsində nazir Emin Əmrullayevin keçirdiyi sorğunun nəticələri də rol oynayıb. Pandemiyanın hazırkı mərhələsində ümumi təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair 30 mart tarixində elan edilən sorğu çərçivəsində 50 mindən çox rəy qəbul edilib. Nazir bildirib ki, yoluxmanın üstünlük təşkil etdiyi ərazilərdə (Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonu) tədrisin distant formaya keçirilməsi ilə bağlı qərar qəbul edilib:

"Təhlillər göstərir ki, son həftə ərzində olan yoluxmaların 80%-dən çoxu bu bölgələrin payına düşür. Yoluxma hallarının daha az baş verdiyi yerlərdə tədris əyani formada həyata keçiriləcək, lakin yoluxma halları artdığı təqdirdə, həmin ərazilərdə də tədrisin distant formaya keçirilməsi nəzərdə tutulur”.

Təhsil üzrə ekspert Kamran Əsədov "Press Klub”a açıqlamasında qərarın yanlış olduğunu söylədi:

"Belə bir qərarın veriləcəyi gözlənilirdi. Çünki Norvuz bayramından sonra yoluxma sayındakı artım müəyyən sahələrdə qapanmanın olacağına əsas verirdi. Yoluxanların çox az faizi məktəbliləri əhatə edir. Buna baxmayaraq, qapanma qərarı birbaşa təhsil müəssisələrinə aid edildi. Bu, çox yanlış qərardır. Çünki Təhsil Nazirliyinin distant təhsilə keçmək üçün heç bir resursu və avadanlığı yoxdur. Bütün təhsil sistemi "Microsoft TEAMS”, Virtual Məktəb layihəsi və Teledərslər vasitəsilə həyata keçirilməlidir. Bu, bir əvvəl üçün keçərli metod idi. Amma artıq bu resurslar vasitəsilə şagirdlərə zəruri biliklərin verilməsi mümkün deyil”.

Əsədov tədrisin onlayn qaydada təşkilinin şagirdlər üçün çoxlu problemlər ortaya çıxardığını vurğuladı:

"Bu, şagirdlər arasında görmə pozuqluğu, kökəlmə, onurğa sütununun əyriliyi kimi fəsadlar yaradır. Digər tərəfdən isə onlayn qaydada riyaziyyat, fizika, kimya, biologiya fənlərini keçmək mümkün deyil. Bu fənləri onlayn keçmək olmaz. Çünki resurs yoxdur. Təhsil Nazirliyi elektron qaydada qiymətləndirmə həyata keçirə bilmir. Bütün bunların hər biri qərarın yanlış olduğunu göstərir”.

Burada ikili yanaşmanın olduğuna toxunan ekspert bildirdi ki, Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunda məktəblər bağlanır, digər məktəblərdə isə davam edir:

"Bir daha deyim ki, onlayn dərslərdə şagirlər keyfiyyətli dərslər ala bilmirlər, heç nə öyrənmirlər. Bəzi müəllim və şagirdlər bundan sui-istifadə edir. Biz gələcək üçün zəruri bilik və bacarıqlara malik olmayan şəxsləri görəcəyik. Belə bir addım atılmamalı idi. Hansı ərazilərdə yoluxma var idisə, yalnız həmin məktəblər bağlansaydı, daha doğru qərar olardı”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA