Gündəm / Cəmiyyət

“80 yaşdan sonra yaşamaq mənasızdır” - deputat


Bu gün millət vəkili Aqil Abbasın doğum günüdür. 68 yaşını qeyd edən yazıçı ad günü ilə bağlı təəssüratlarını Azvision.az -la bölüşüb.
- Aqil bəy, deyirlər, yaş kişinin var-dövlətidir. Sizcə, yaşdan var-dövlət olarmı?

- Niyə olmur ki, xanım. İnsan yaşlandıqca müdrikləşir, tanınır, sevilir, gözəl əməllər edir. Bu da var-dövlətdir. İnsan 70-80 il yaşayırsa yaxşıdır, ondan sonra mənasızdır.

- Bu baxımdan sizi zəngin kişi hesab etmək olar?

- Mənəviyyatca olar, amma pul baxımdan yox. Mən də sizin kimi jurnalistəm. Deputat maaşım sizinkindən bir az artıqdır. Başqa gəlir yerim yoxdur.

- 68 yaşdan geri boylansanız və həyatınızı kitab kimi vərəqləsəniz, hansı səhifədə əl saxlayarsınız?

- Ağdamda orta məktəbdə oxuduğum, birinci sinifə getdiyim, uşaqlıq illərimdə əl saxlayaram.

- Müsahibələrinizdən birində demişdiniz ki, sizin üçün ən gözəl ad günü Ağdamda keçirdiyiniz gün olacaq. Ağdam artıq azaddır. Bu baxımdan builki doğum günü digərlərindən fərqlənir?

- Bəli, var. Ağdam, Şuşa, Kəlbəcər, Qarabağ azad olunub. Necə fərqli olmasın?! Qismət olsa, növbəti ad günümü Ağdamda keçirəcəyəm. Artıq özəl günlərimizi yurdumuzda keçirmək şansımız var.

- Bu gün sizə hansı sözü desələr və ya necə təbrik etsələr ürəyinizin sarı simi tərpənər?

- Adi bir telefon zəngi ilə təbrik də məni sevindirir. Bir dost zəngi hər şeydən qiymətlidir. Bu gün Azərbaycanın müxtəlif guşələrindən tanımadığım xeyli adam zəng edib, doğum günümü təbrik edib.

- Nəvələriniz sizi necə təbrik etdilər?

- Tansu, Aylin, Sara və Fərəh adlı nəvələrim var. Nəvələr qucaqlayıb öpdülər, hətta mənə qəşəng köynək də bağışladılar. Axşama anaları və nənələri ilə birlikdə şirniyyat da hazırlayırlar.