Gündəm / Təhsil

Lisenziyasız universitetlər necə fəaliyyət göstərir? - VACİB SUAL!

Lisenziyasız universitetlər necə fəaliyyət göstərir?
Kanal14.az: - Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət edən vətəndaşlar arasında xarici ali təhsil müəssisələrinin lisenziyasız fəaliyyət göstərən Bakı filiallarında təhsil almış 385 müraciətçinin diplomları üzrə əldə olunan ixtisaslar ölkə ərazisində tanınmayıb. Bu müraciətlərin əhəmiyyətli hissəsi adları aşağıda qeyd olunan Rusiya ali təhsil müəssisələrinin Azərbaycandakı filiallarının məzunlarına məxsusdur:

Dağıstan Dövlət Universiteti;

Cənubi Rusiya Humanitar İnstitutu;

Sankt Peterburq Xarici İqtisadi Əlaqələr və Hüquq İnstitutu;

Rusiya Dövlət Sosial Universiteti.

Yalnız aşağıda adları qeyd edilən və Azərbaycan Respublikası ərazisində filialları lisenziyalı fəaliyyət göstərən xarici ali təhsil müəssisələri tərəfindən verilən diplomlar üzrə əldə edilən ixtisaslar ölkəmizdə tanınır:

Moskva Dövlət Açıq Universiteti (19.11.2007-ci il – 01.09.2010-cu illər ərzində);

Moskva Əmək və Sosial Münasibətlər Akademiyası (1999-2005-ci illər ərzində);

Lomonosov adına Moskva Dövlət Universiteti (27.02.2009-cu ildən etibarən);

Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti (15.05.2015-ci ildən etibarən).

Belə məlum olur ki, Rusiyanın bəzi ali məktəblərinin ölkəmizdəki filialları əslində lisenziyasız fəaliyyət göstərib. Bəs, lisenziyası olmayan univeristetlərin fəaliyyətinə necə icazə verilir? Həmin universitetlərə nəzarət hansı şəkildə aparılır?

Təhsil eksperti Elçin Əfəndi "Press Klub”a açıqlamasında bildirdi ki, lisenziyası olmayan univerisitetlərə Təhsil Nazirliyi tərəfindən nəzarət olunması mümkün deyil:

"Gələcəkdə bu cür univeristetlərin diplomlarının ölkəmizdə tanınması ilə bağlı problemlər yaranır. Həmin universitetlərin fəaliyyət dönəmində lisenziya verilməyibsə, artıq diplom tanınmır. Bu da o deməkdir ki, məzunların dörd il ərzində çəkdiyi əziyyət heç olur”.

Eksperin sözlərinə görə, bununla bağlı məsuliyyət birbaşa universitetin və onun rəhbərliyinin üzərinə düşür:

"Çünki universitet vaxtlı-vaxtında lisenziyalaşdırılmadan keçsəydi və həmin dövrdə Təhsil Nazirliyinin sistemində lisenziyalaşdırılmış univeristetlər sırasında olsaydı, diplomların tanınmasında problemlər yaşanmazdı. Sizin qeyd etdiyiniz univeristetlərin həmin dövr ərzində lisenziyaları olmadığından, məzunların diplomlarının tanınması ilə bağlı problemlər ortaya çıxıb. O zaman həmin şəxslər birbaşa qeyd olunan univeristetləri məhkəməyə verə bilərlər. Bu, onların haqqıdır. Universitetlərin lisenziyasız fəaliyyət göstərməsi məzunların günahı deyil”.

E.Əfəndi bu cür univeristetlərə birbaşa nəzarətin həyata keçirilməsinin imkansızlığını da qeyd etdi:

"Təəssüf ki, bu cür univeristetlərə Təhsil Nazirliyi birbaşa nəzarət edə bilmir. Yalnız Vergilər Nazirliyi və yaxud Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən orada işləyən işçi heyəti ilə bağlı müvafiq araşdırmalar aparılan zaman onların lisenziyasız fəaliyyət göstərməsi aşkara çıxa bilər. Nəzarət o zaman mümkün ola bilər, amma bu iş birbaşa Təhsil Nazirliyi tərəfindən həyata keçirilmir. Təhsil Nazirliyi yalnız lisenziyalaşdırma zamanı prosesə cəlb olunur. Lisenziyalaşdırma ilə bağlı müvafiq şərtlər – universitetin nə qədər kontingent tutması, maddi-texniki vəziyyətinin hansı səviyyədə olması kimi amillər burada əsas rol oynayır. Univeristet bunları təqdim etdiyi zaman Təhsil Nazirliyi tərəfindən həmin universitetə lisenziya verilir. Bunlar olmadığı təqdirdə, lisenziya verilmir”.

Ekspert abutiriyent və tələbələri diqqətli olmağa çağırır:

"Həm valideynlər, həm də abituriyentlər oxuyacaqları univeristetin lisenziyasının olub-olmaması barədə araşdırma aparsınlar. Buraya yalnız universitetlər deyil, orta ixtisas təhsili müəssisələri, kolleclər, özəl məktəblər, özəl liseylər də aiddir. Bunların hamısının lisenziyası olmalıdır ki, gələcəkdə problemlər yaşanmasın. Tələbələrin də ayıq-sayıq olması vacibdir. Əgər onlar universitetin lisenziyalaşdırma ilə bağlı probleminin olduğunu aşkar edərlərsə, bu barədə Təhsil Nazirliyinə müraciət edib, digər universitetlərə transfer oluna bilərlər”.