Gündəm / Siyasət

“Azərbaycan Türkiyə ilə hərbi ittifaqı rəmiləşdirməlidir" - Kremlə cavab olaraq


"ATƏT-in sədrinin Cənubi Qafqaz turu çərçivəsində Ermənistanda rəsmilərlə görüşdə Qarabağ məsələsində vacib problemlərin qaldığını qeyd etməsi və ermənilərin statusu ilə bağlı mövqeyi göstərir ki, bu təşkilat iki ölkə arasında sülhün, təhlükəsizliyin əldə edilməsində maraqlı deyil".

Cebhe.info xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.

O qeyd edib ki, bu görüşdə Ermənistan Xarici İşlər naziri Ara Ayvazyanın Minsk qrupunun yenidən prosesə cəlb edilməsini, status məsələsini qaldırması 10 noyabr və 11 yanvar razılaşmalarının pozulmasına xidmət edir:

"Görünür, Baş nazir Nikol Paşinyanın imza atdığı sənədlərə öz komandası qarşı çıxır. Xüsusilə Xarici İşlər naziri Ara Ayvazyanın tutduğu xətt birbaşa Paşinyanın siyasətinə zidd olaraq mövcud razılaşmalarının əleyhinədir. Ara Ayvazyanın Kremldən asılı olduğu, birbaşa Rusiya XİN rəhbəri Sergey Lavrovun təlimatı ilə danışdığı şübhəsizdir. Baş nazir Nikol Paşinyan mövcud üçtərəfli razılaşmalara qarşı çıxan Xarici İşlər nazirini istefaya göndərməsi mümkündür. Çünki onun siyasəti birbaşa revanşist müxalifətin mövqeyi ilə paralel davam edir. Bu da rəsmi Yerevanın mövqeyi kimi dəyərləndirilir. Azərbaycan XİN erməni Xarici İşlər nazirinin açıqlamlarına sərt mövqe ortaya qoymalı, mövcud razılaşmalar yerinə yetirilməyəcəksə, rəsmi Bakı daha da ciddi tədbirlərə əl atacağını elan etməlidir. Xüsusilə erməni nazir Ara Ayvazyanın Qarabağa ermənilərin kompakt yaşadığı əraziyə girişinə icazə verməməlidir. Ermənistan Xarici İşlər nazirinin Qarabağla bağlı mövqeyi, Minsk qrupunun fəaliyyətini önə çəkməsi, bu ölkədə hökumətdə yekdil siyasi mövqeyin olmamasından irəli gəlir. Bununla da, Ermənistan Azərbaycanla əlaqələrin bərpasından irəli gələn müddəaları yerinə yetirməməklə, blokda vəziyyətində qalmağını tərcih edir”.

Ekspert qeyd edib ki, Rusiyanı Ermənistanın Azərbyacana qarşı hazırkı siyasəti qane edir:

"Kreml çalışır ki, düşmənçilik davam etsin və gələcək perspektivdə yenidən müharibəni gündəmə gətirsin. Məhz hazırda Ermənistanı silahlandırması buna əsaslanır. Həmçinin Laçın dəhlizindən erməni hərbiçilərinin Qarabağa girişinə şərait yaratmaqla, razılaşmaların əlehinə gedir. Təbii ki, Moskvanın bu avantürası baş tutmayacaq. Ermənistanada Nikol Paşinyan hakimiyyətini gücləndirəndən sonra Rusiya ilə növbəti qarşıdurmaya gedəcək. Çalışacaq ki, Moskvanı Ermənistandan çıxarsın. Rusiya Ermənistandan çıxdıqdan sonra bu ölkə normal ölkəyə çevrilə bilər. Ermənistanın Baş nazirinin bu xətti davam etdirib, buna nail olacağı çətin görünür. Ona görə də Azərbaycan öz ordusunu daim gücləndirməli, Türkiyə ilə hərbi ittifaqı rəmiləşdirməlidir".