Gündəm / Cəmiyyət / Sosial / Səhiyyə

Ey TƏBİB, qurduğun sistemin necə işlədiyinə yaxşı bax! - ETİRAZ

Ey TƏBİB, qurduğun sistemin necə işlədiyinə yaxşı bax!
Yanvarın 18-dən ölkəmizdə COVID-19-a qarşı vaksinasiya başlayıb. İlkin mərhələdə səhiyyə işçiləri, 65 yaşdan yaşdan yuxarı şəxslər, hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyətin peyvənd olunması nəzərdə tutulurdu. İkinci mərhələ isə fevral ayının 1-dən başlayıb. Bu mərhələdə tibbi cəhətdən yüksək risk qrupuna aid olanlar (tənəffüs sistemi, hemodializ, şəkərli diabet, piylənmə kimi xroniki xəstəlikləri olanlar), 50 yaş və daha yuxarı, ən azı bir xroniki xəstəliyi olan şəxslər, təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar, ASAN Xidmət və DOST mərkəzləri, ictimai nəqliyyat sektorunun, telekommunikasiya operatorları və provayderlərinin və poçt sahəsində birbaşa əhali ilə təmasda olan işçilərin və bank sektorunun birbaşa əhali ilə təmasda olan hissəsinin peyvənd olunması nəzərdə tutulub.

Səhiyyə Nazirliyinin yaydığı məlumatda bildirilirdi ki, bu kateqoriyadan olan şəxslər randevu.its.gov.az saytından və ya ərazi üzrə poliklinikanın qeydiyyat şöbəsi ilə telefon əlaqəsi saxlayıb öz məlumatlarını verərək qeydiyyatdan keçə bilərlər. Peyvəndə görə qeydiyyatdan keçməli olub, lakin kompüterdən istifadə edə bilməyən vətəndaşlara poliklinikalar yardım edəcək: "Zəng etsinlər, lazım olan məlumatları versinlər, poliklinika özü onları sistemdə qeydiyyata alacaq. Ondan sonra da lazım olan vaxt onlara SMS və ya zənglə bildiriş gələcək, onlar da yaxşınlaşacaqlar peyvəndi vurdurmağa”.

Həmçinin qeyd edilirdi ki, qeydiyyatdan keçdikdən sonra vətəndaşlara SMS-lə məlumat veriləcək və onlar yalnız bundan sonra peyvəndin birinci dozasını vurdura bilərlər. İkinci dozanın vurulma tarixi və digər məlumatlar isə vətəndaşlara tibb məntəqəsində veriləcək "Məlumat forması”nda öz əksini tapacaq, həm də onlara SMS-lə ikinci dozanın vurulma tarixi bildiriləcək.

İnsanların şikayət və narazılıqlarından isə bəlli olur ki, xəstəxanalarda sıxlıq əlindən iynə atsan, yerə düşməz. Sosial şəbəkədə də paylaşılan görüntülərdə xəstəxana dəhlizlərində sıxlığın olduğu, yoluxma hallarının artması üçün potensial vəziyyətin yarandığı müşahidə edilir.

Bu günlərdə iqtisadçı ekspert Samir Əliyev "Facebook” paylaşımında narazılığını belə ifadə edirdi: "Xırdalannın 5 saylı orta məktəbi. Camaat vaksin vurdurmağa gəlib. Ağız deyəni qulaq eşitmir. Başdan-ayağa yoluxma mənbəyi. Hamısı da yoluxmağa həssas insanlar. Deməli, bütün günü reklam olunan randevu.its.gov.az saytında valideynlərim üçün saat 11.00-a vaxt götürmüşəm. Gəlmişik, azı 200 nəfər. 50 nəfər keçib, bizə 221-222-ci sıra verilib. Soruşuram ki, "mənim vaxtım 11.00-dır, niyə mənə yeni nömrə verirsən?” Mənə camaatı göstərib deyir ki, "bunlar da növbə gözləyir, bu qədər camaatı tapdalayıb keçmək istəyirsən?” İzah edə bilmirəm ki, mən növbə tutmuşam, heç kimin növbəsinə girmək fikrim yoxdur. TƏBİB deyir ki, "vaxtı seçib növbə gözləmədən vaksin vurdur”. Ancaq təcrübə göstərir ki, TƏBİB-in camaata yenilik kimi sırıdığı onlayn növbə boş şeydir, işləmir. Hörmətli TƏBİB, yaxşı-yaxşı bax qurduğun sistemin təcrübədə işləməsinə”.

Artan narazılıqlara rəsmi qurumlardan reaksiyası isə belə oldu: "Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə yaydığı məlumatda bildirilirdi ki, "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq hazırda 50 yaş və daha yuxarı şəxslərin COVID-19 xəstəliyinə qarşı vaksinasiyası həyata keçirilir. Sözügedən şəxslər https://randevu.its.gov.az/ saytına daxil olaraq, "COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürməlidir. Lakin bəzi vətəndaşlar koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn növbə götürmədən birbaşa olaraq tibb müəssisəsinə müraciət edirlər. Bu da təbii olaraq, tibb müəssisələrində sıxlığa səbəb olur. Tibb müəssisələrinin əməkdaşları növbədənkənar müraciət edən yaşlı nəslin nümayəndələrini hörmət əlaməti olaraq geri qaytarmamaq üçün onlara da xidmət göstərməli olurlar”.

Məlumatda peyvənd məntəqələrində sıxlığın yaranmasına digər bir səbəb kimi də onlayn növbə xidmətindən istifadə edən bəzi şəxslərin qeyd olunan randevu vaxtından tez və ya gec müəssisəyə gəlməsi göstərilirdi.

Problemlə bağlı AYNA-nın suallarını cavablandıran həkim, professor Adil Qeybullanın sözlərinə görə, bizdə peyvəndlənmə prosesi vaxtında start götürsə də, texniki işin təşkilində xeyli yanlışlıqlar var: "Peyvəndlər vaxtında alınsa da, Kiçik Qafqazda peyvəndlənməyə başlayan ilk ölkə olsaq da, texniki işin təşkilində xeyli yanlışlıqlar var. Əvvəlcə gərək sistem qurulardı, insanlar poliklinikalar üzrə sərbəst şəkildə paylanılardı. Kim harada istəsəydi, gedib peyvənd vurdura bilərdi. Sistemə düşəndən sonra sonra ümumi sistem formalaşır”.

Həkimin fikrincə, peyvəndlənmə üçün konkret yerlərin ayrılması, əslində işin ümumi gedişatına mane olur: "Bu iş sistemli şəkildə qurulsa idi, daha yaxşı olardı. Əks halda gördüyümüz kimi sıxlıq yaranır, yoluxmalara da səbəb olur, işin təşkilini də pozur. Çox adam da bu imkandan istifadə edə bilmir”.

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini deputat Rəşad Mahmudov isə AYNA-ya şərhində sıxlığın səbəbini peyvəndlənməyə olan münasibətin dəyişməsi ilə əlaqələndirib: "Hazırda peyvəndləmə ilə bağlı növbədənkənar müraciətlər ehtimal olunan saydan daha çoxdur və bu səbəbdən müəyyən sıxlıq müşahidə olunur. Müraciətlərin artmasının əsas səbəbi kimi insanların peyvəndə əvvəlcə inamsız yanaşmasını, lakin sonradan peyvəndin vacib və lazım olduğunun fərqində olmalarını qeyd edə bilərəm”.

"Artıq cəmiyyətin vaksinasiyaya münasibəti dəyişib və bu da ehtimal olunan və planlanan müraciətlərin artmasına səbəb olur. Bildiyimiz kimi, peyvəndləmə ilk mərhələdə 65 yaşdan yuxarı şəxslər üçün həyata keçirilirdi və vaxtında müraciət etməyib sonradan vaksinasiya mərkəzlərinə üz tutanlar kifayət qədər çoxdur. Müraciət edən şəxslər daha çox yaşlı nəsil olduğundan, eyni zamanda yüksək risk qrupuna daxil olduqlarına görə onlar geri qaytarılmır və peyvənd olunurlar”, - deyə deputat vurğulayıb.

Mahmudov qeyd edib ki, peyvəndləmə prosessində sıxlıq və növbənin azaldılması məqsədi ilə, aidiyyəti qurumlar, o cümlədən Səhiyyə Nazirliyi və TƏBİB proseslərin daha sürətli aparılması və günlük olaraq daha çox vətəndaşın peyvənd edilməsi məqsədi ilə təşkilati işlər həyata keçirir: "Hazırkı peyvəndləmə sayının 3-4 dəfə artırılması hədəflər siyahısındadır və yaxın gələcəkdə peyvənd vurulan mərkəzlərdə görülən işlərin nəticəsini hər bir vətəndaşımız hiss edəcək və görəcək”.

Ey TƏBİB, qurduğun sistemin necə işlədiyinə yaxşı bax!