Gündəm / Siyasət / Dünya

Ermənistanda avtoritarizm: Paşinyanın prezidentlik iddiası və sonu görünməyən savaş - TƏHLİL


Ermənistanda avtoritarizm: Paşinyanın prezidentlik iddiası və sonu görünməyən savaş
Ermənistanda Baş nazir və Prezident arasında artan fikir ayrılığı hakimiyyət daxilindən ciddi siyasi çat yaradıb. Prezident Armen Sarkisyan özünü müxalifətin və hərbi elitanın hökumət rəhbəri Nikol Paşinyana qarşı mübarizəsi fonunda bitərəf göstərməyə çalışsa da, getdikcə daha açıq mövqe nümayiş etdirir. Generalların qaldırdığı hərbi qiyamda Prezidentin Baş naziri müdafiə etməməsi bu ziddiyyəti açıq müstəviyə keçirdi. Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanın istefaya göndərilməsinə dair N.Paşinyanın təqdimatını Armen Sarkisyanın imzalamaması hakimiyyət kuluarlarında "soyuq müharibə”nin getdiyini təsdiq etdi.

Lakin bu, Prezident-Baş nazir qarşıdurmasını tətikləyən yeganə amil deyil. Armen Sarkisyan martın 11-də Artak Davtyanın Baş Qərargah rəisi vəzifəsinə təyin edilməsi ilə bağlı N.Paşinyanın təqdimatını da imzalamaqdan imtina edərək geri qaytarıb. Beləliklə, Prezident açıq şəkildə Baş nazirə qarşı çıxanların mövqeyini dəstəkləmiş olub. Ona görə də yaxın perspektivdə hakimiyyət daxilində mübarizənin daha gərgin şəkil alacağı gözlənilir. Çünki Prezident Sarkisyan Paşinyanın istefaya getməsində maraqlıdır. Prezident isə hazırkı böhranlı situasiyadan çıxmaqda Paşinyanın qarşısında maneəyə çevirilib. Əslində, bu mübarizə Onik Qasparyanın işdən çıxarılması ilə başlamayıb. 2018-ci il dekabrın 9-da keçirilmiş növbədənkənar parlament seçkilərindən sonra Paşinyanın çoxluq təşkil edən "Mənim addımım” fraksiyasının Prezidenti istefaya göndərəcəyinə dair məlumatlar yayılırdı. Çünki hazırkı prezidenti bu posta sələfi Serj Sarkisyan gətirib.

O, "Dağlıq Qarabağ klanı”na yaxın şəxs sayılır. Lakin parlamentli respublika olan Ermənistanda əsas hakimiyyət yüksək reytinqə malik Paşinyanın əlində cəmləşdiyindən, Armen Sarkisyanın istefaya göndərilməsi onun gündəliyində əsas məsələ kimi yer almırdı. Eyni zamanda, Armen Sarkisyanın Avropadakı erməni diasporu arasında nüfuzunun olmasını nəzərə alan Paşinyan onunla işləməyə üstünlük verdi. 44 günlük müharibədə baş verən ağır məğlubiyyətdən sonra Prezidentlə Baş nazirin münasibətlərində siyasi kollaps müşahidə olunur. Armen Sarkisyan ötən ilin dekabr ayında Ermənistandakı böhrana son qoymaq üçün Paşinyanı istefa verməyə çağırmaqla faktiki olaraq, müxalifətə dəstək verdi. Bunun ardınca o, Moskvaya səfər edərək hakimiyyəti ələ almaq üçün Kremldən dəstək almağa səy göstərsə də, istəyinə nail ola bilmədi.

Görünür, Prezident hərbçilərin Paşinyanı devirmək cəhdinə növbəti siyasi revanş imkanı kimi baxır. Öz növbəsində, Paşinyan Prezidentin bu addımını qiyamçılara dəstək kimi qiymətləndirib. Hətta parlamentdə "Mənim addımım” fraksiyasından olan deputatların Prezidentə impiçment məsələsini səsləndirməsi və ardınca Paşinyanın ölkədə yarımprezidentli respublika üsul-idarəsinə keçidi təklif etməsi Baş nazirin Armen Sarkisyanı vəzifəsindən uzaqlaşdırmaq barədə düşündüyündən xəbər verir. Çox güman ki, Paşinyan özünün dediyi kimi, referendum keçirməklə Ermənistanı parlamentli respublikadan yarımprezidentli respublika idarəçilik üsuluna keçirmək istəyir. Bu modelə keçmiş SSRİ respublikalarından Moldovada və Gürcüstanda rast gəlmək olar.

Lakin Paşinyan konstitusiyanın bir sıra maddələrinə əlavə və dəyişiklikliyi ümumxalq səsverməsi ilə deyil, parlamentdə həyata keçirmək istəyir. Son günlər istefa verəcəyini deyən N.Paşinyanın da çox güman ki, növbədənkənar seçkilərə məhz yeni konstitusiya ilə getməyə çalışacaq. Bununla da hazırkı Baş nazir yeni mərhələdə prezident postuna seçilmək, hökumət rəhbəri postuna isə özünə yaxın yeni fiquru gətirməklə ölkədəki narazılığı aradan qaldırmağa nail olmaq istəyir.

Bu, Paşinyana hakimiyyətinin siyasi dayaqlarını möhkəmlətmək imkanı yarada bilər. Rusiyalı politoloq Arkadi Dubnov hesab edir ki, Paşinyanın parlamentar sistemdən imtina etməsi ölkədə davam edən siyasi böhrandan çıxmaq məqsədi daşıyır.

"Ermənistanın Baş naziri Nikol Paşinyanın martın 1-də keçirilən mitinqdə ölkəni yarımprezidentli idarəetmə formasına qaytarmaq məqsədi ilə yaxınlaşan konstitusiya islahatı barədə verilən açıqlamasını kifayət qədər əhəmiyyətli və əlamətdar qiymətləndirirəm. Bu, hakimiyyətin mövcud parlament idarəetmə sistemindən uzaqlaşmaq niyyətini göstərir. Fakt budur ki, mövcud sistemin xarakteri elitalar və cəmiyyət daxilində davamlı kompromis axtarışından ibarətdir. Yarımprezident formasına qayıtmaq niyyəti isə mövcud hökumətin bu kompromis axtarışının öhdəsindən gələ bilməməsi deməkdir”,-deyə Dubnov bildirib.

"Bu səbəbdən də hakim qüvvə olan "Mənim Adımım” və Paşinyan azlığın rəyinə məhəl qoymadan, çoxluğun dəstəklədiyi hakimiyyətin ölkəni idarə etmək imkanı yaratdığı sistemə qayıtmaq niyyətindədir”,-o qeyd edib.

MDB ölkələri üzrə ekspert belə bir sistemi yarı avtoritar kimi xarakterizə edir.

"Ümumiyyətlə, Ermənistandakı hadisələr başqa bir postsovet dövlətində - Qırğızıstandakı referendumun da planlaşdırıldığı indiki hadisələrə çox oxşayır”,-deyən politoloq qeyd edir ki, Ermənistan və Qırğızıstan məsələsində, daxili siyasi vəziyyət Moskvadan əhəmiyyətli dərəcədə asılılıq fonunda inkişaf edir. Dubnovun sözlərinə görə, Kremldəki avtoritar tendensiya nəzərə alınarsa, Nikol Paşinyanın alternativ siyasi sistem yaratmaq şansı azdır.

Bu gün həm Ermənistanda baş verənlər, həm də Dubnovun rəyi göstərir ki, parlamentar sistemin Köçəryan-Sarkisyan klanı kimi avtoritar rejimlərə qarşı səmərəli mübarizə vasitəsi olsa da, böhranlı vəziyyətlərdə siyasi risklərin qarşısını ala bilmir. Cəmiyyətdə ictimai kompromisin tapılmaması və siyasi böhranın dərinləşməsi Ermənistanın demokratiyaya hazır olmadığını təsdiq edir.