Gündəm / Sosial

Ayaqlarını itirən qaziyə 3-cü qrup əlilliyin verilməsi ilə bağlı - AÇIQLAMA

Ayaqlarını itirən qaziyə 3-cü qrup əlilliyin verilməsi ilə bağlı
Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi hər iki ayağını itirən Vətən müharibəsi qazisi Cavadov Ervin Tərxan oğluna 3-cü dərəcə əlillik təyinatı verilməsi ilə bağlı məsələyə aydınlıq gətirib.

Agentlikdən "Qafqazinfo”ya bildirilib ki, Vətən müharibəsində xəsarət almış Cavadov Ervin Tərxan oğluna Hərbi Həkim Komissiyasının Şəhadətnaməsində qeyd edilən sağ baldırın yuxarı 1/3-səviyyəsindən amputasiyası diaqnozuna əsasən qanunvericiliyin tələblərinə uyğun olaraq III dərəcə ömürlük əlillik dərəcəsi təyin edilib.

Qazimizin sol ayağının İlizarov üsulu ilə osteosintezi diaqnozunu təsdiq edən Hərbi Həkim Komissiyasının yekun Şəhadətnaməsi Tibbi-Sosial Ekspert Komissiyasına təqdim edildiyi halda Ervin Cavadovun əlillik dərəcəsinə yenidən baxılacaq. Bildirilir ki, E. Cavadovun sol ayağından ilizarov aparatı çıxarıldıqdan sonra Hərbi Həkim Komissiyası tərəfindən yenidən şəhadətnamə verilməlidir.

Məlumatda həmçinin qeyd olunub ki, qanunvericiliyə əsasən, Vətən müharibəsində xəsarət almış qazimizə əlillik (mülki yox) məhz hərbi səbəblərlə, daha doğrusu Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar təyin edilir: "Bu kateqoriyadan olan əlilliyi olan şəxslərin xüsusi imtiyaz və güzəştləri var və onların hər biri həmin imtiyazlardan yararlanacaqlar. Xüsusi imtiyazlar dərəcəsindən asılı olmayaraq əlillik təyin edilmiş bütün qazilərimizə şamil edilir. 3-cü dərəcə əlillik təyin edilmiş qazilərimizə Prezidentin aylıq təqaüdü olaraq 300 manat təqaüd, əlilliyə görə pensiya və ya pensiya hüququ olmadıqda 110 manat əlilliyə görə aylıq sosial müavinət ödənilir. Yəni pensiya hüququ olmadıqda onlara ümumilikdə 300 yox, 410 manat müavinət ödənilir. Pensiya hüququ olduqda isə onlara aylıq sosial ödənişin məbləği ən azı 550 manat və daha yüksək olur”.

Xatırladaq ki, 27 yaşlı gizir E. Cavadov oktyabrın 6-da Cəbrayıl uğrunda döyüşlərdə hər iki ayağından ağır yaralanıb. 5 dəfə əməliyyat olunan qazinin sağ ayağı dizdən 4 barmaq aşağı kəsilib. İkinci ayağında da sinirlər zədələndiyindən tərpənmir.

Qazi ona verilən 3-cü dərəcə əlillik təyinatının adekvat olmadığını bildirir.