Gündəm / Siyasət

Araik Hadrutdan çıxmış ermənilər üçün Xocalıda evlər tikiləcəyini bildirdi... - NƏ BAŞ VERİR?

Araik Hadrutdan çıxmış ermənilər üçün Xocalıda evlər tikiləcəyini bildirdi...
Dünən – martın 9-da Azərbaycan dövlətinin birbaşa nəzarətindən kənarda qalmış ərazilərdə Rusiya hərbçilərinin himayəsi altında qanunsuz fəaliyyətini davam etdirən separatçı-terrorçu erməni rejiminin başçısı Araik Arutyunyan son savaş zamanı Hadrut qəsəbəsi və ətraf kəndləri tərk etmiş erməniləri qəbul edib.

Moderator.az xəbər verir ki, bu haqda Xankəndindəki erməni rejimi məlumat yayıb.

Görüşdə Hadrutdan köçmüş ermənilərin Yuxarı Qarabağın ermənilərin yaşadığı digər ərazilərində məskunlaşdırılması məsələsi müzakirə olunub. Araik bildirib ki, artıq "Əsgəran rayonu”nun(hazırda əsasən Xocalı rayonu və Xocavənd rayonunun bir hissəsini əhatə edən qondarma inzibati ərazi) "Noragyux”(Xocalı, Təzəbinə), "Xnatsax”(Xocalı, Xanyurdu) və "İvanyan”(Xocalı şəhəri) ərazilərində layihələndirmə işlərindən sonra Hadrut köçkünləri üçün evlər tikiləcək.

Göründüyü kimi, Hadrutdan köçmüş ermənilər üçün evlər tikilməsi nəzərdə tutulmuş məntəqələr arasında dəhşətli soyqırıma məruz qalmış Xocalı şəhərinin də adı çəkilir...

Onu da xatırladaq ki, Milli Ordumuzun son müzəffər 44 günlük savaşı zamanı işğaldan azad edilmiş digər Azərbaycan torpaqları kimi, Hadrut qəsəbəsi və ətraf kəndlərdən də silahsız mülki ermənilər zorla yox, özləri könüllü şəkildə çıxıblar...