Gündəm / Siyasət

“Aqrar Sığorta" şirkətinin rəhbərliyinə müvəqqəti təyinat olub - Elvin Əliyevə etimad


"Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-nin İdarə Heyətinin (İH) bu aydan "Azercell Telecom" MMC-də işə başlamış keçmiş sədri Azər Kərimovun yerinə müvəqqəti təyinat olub.

"Report” xəbər verir ki, şirkətə rəhbərlik İH-nin üzvü Elvin Əliyevə həvalə edilib.

Xatırladaq ki, "Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ötən ilin avqust ayında yaradılıb. Onun nizamnamə kapitalı 2 187 500 manatdır. Şirkətin səhmdarları hər biri 14,3% payla 7 yerli sığorta şirkəti - "PAŞA Sığorta", "Qala Sığorta", "Meqa Sığorta", "Azərbaycan Sənaye Sığorta", "Xalq Sığorta", "Azsığorta" və "Bakı Sığorta" ASC-lərdir.

"Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” Aqrar Sığorta Fondunun idarəedici təşkilatıdır. Maliyyə qurumu sığortalılarla müqavilələrin bağlanması, hadisə ilə bağlı müraciətlərinin qəbul edilməsi və sistemin ümumi idarə edilməsini həyata keçirir. Onun təsisçiləri isə aqrar sığorta sistemində vasitəçi kimi fəaliyyət göstərir.