Gündəm / Siyasət

Korrupsioner məmurların “ovu”: - Kökləri dərindir və kəsilməlidir

Korrupsioner məmurların
Naxçıvan Muxtar Respublikasında iki məmur həbs edilib. Onlardan biri sabiq daxili işlər naziri Əhməd Əhmədovdur. Onun nədə ittiham olunması barədə hələlik məlumat yoxdur. Digər məmur isə Naxçıvan MR-in sabiq Təhsil naziri Məmməd Qəribovdur. Onun külli miqdarda dövlət vəsaitini mənimsəmədə ittiham olunduğu bildirilir.

Barəsində cinayət işi açılan məmurlardan digəri isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Ağcabədi rayon filialında müavinət sektorunun baş məsləhətçisi vəzifəsində işləmiş Fariz Bayramovdur. Aparılmış istintaq zamanı F.Bayramovun xidməti vəzifəsinin icrası ilə əlaqədar 2018-2020-ci illər ərzində ünvanlı dövlət sosial yardımın təyin olunması prosesində vəzifəsindən sui-istifadə etdiyinə dair şübhələr yaranıb.

Məhz Prezidentin iradəsilə keçirilən köklü islahatlar və ölkə başçısının korrupsiya, rüşvətlə məşğul olan məmurlara sərt xəbərdarlıqları hər kəsə məlumdur. Cənab Prezident hər zaman məmurların xalqa xidmət etməli olduqlarını xüsusilə vurğulayıb. Bu günə qədər korrupsiya və digər qanunsuz əməllərdə ifşa olunan çoxsaylı məmurun həbsini görmüşük. Həbslərin ardı-arası kəsilməsə də, məmur özbaşınalıqları bitmək bilmir.

Prosesləri "Sherg.az”a dəyərləndirən Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı söyləyib ki, cəmiyyətdə ayrı-ayrı adamların vəzifədən getməsi ilə ümumi vəziyyət dəyişilmirsə, deməli, məmur özbaşınalıqları və oğurluqlarının daha dərin kökləri var:

"Müəyyən adamların şəxsi keyfiyyətlərindən çox şey asılıdır. Bəzən ən çətin sahəyə istedadlı biri gəlir və həmin sahəni asanlaşdırır, müsbət nəticələr əldə edilir. Lakin məmurlar bir-birinin arxasınca vəzifədən çıxarılırsa, onların yerinə gələnlər də eyni davranışı sərgiləyirsə, deməli, hansısa ənənədən gələn neqativ proseslər var. Ya da ümumiyyətlə, idarəetmə sistemində çatışmazlıqlar mövcuddur”.

S.Rüstəmxanlının fikrincə, kadr islahatı ilə yanaşı icra hakimiyyətlərinin özündə də dəyişikliklər aparılmalıdır:

"Elə islahatlar olmalıdır ki, xüsusilə dövlət mülkiyyətini oğurlamağa imkan qalmasın. Şübhəsiz ki, son illər bir sıra idarələrdə xeyli kadr dəyişikliyi baş verib. Gənc kadrlar əvvəlkilərə nisbətən rüşvətə meyilli deyillər. Ona görə də bir sıra sahələrdə irəliləyiş var. Amma hələ çox iş görülməlidir. Həm kadrlar dəyişilməli, həm də idarəetmə sisteminin özündə müəyyən islahatlar aparılmalıdır. Özünü doğrultmayan icra mexanizmlərindən əl çəkmək lazımdır”.