Gündəm / Siyasət

Ac qalan Ermənistan narkoticarəti dirçəldir: - "İrəvana xəbərdarlıq olunub və o da məcbur qalaraq..."

Ac qalan Ermənistan narkoticarəti dirçəldir:
Ermənistan indi də dağılmış və çökmüş iqtisadiyyatını narkotik maddələrin dövriyyəsi ilə dirçəltməyə çalışır. Doğrudur, bu, Ermənistanın ilk dəfə gördüyü iş deyil. Ermənistan Azərbaycanın işğal altında olan ərazilərindən keçirməklə, heç bir maneə olmadan uzun illər narkoticarətlə məşğul olub. İşğal altında olan ərazilərimizdə Ermənistan ordusu nümayəndələrinin narkotik qaçaqmalçılığı ilə məşğul olmaları barədə dəfələrlə məlumatlar yayılıb və bu haqda müxtəlif beynəlxalq təşkilatlar hesabatlar hazırlayıb. Lakin indi situasiya tam fərqlidir. Azərbaycan öz torpaqlarını işğaldan azad edib və İran-Azərbaycan sərhədinə tam nəzarəti altına alıb. Belə olan halda vəziyyət qəlizləşir.

Ermənistan Dövlət Gəlirləri Komitəsinin Qaçaqçılıqla Mübarizə İdarəsi son 7 ildə Ermənistan ərazisindən ən böyük narkotik ticarəti faktını aşkar edib. Bu barədə adıçəkilən Komitənin ictimaiyyətlə əlaqələr şöbəsi açıqlama yayıb. Bildirilib ki, Yerevandakı gömrük anbarlarından birində gömrük nəzarəti nəticəsində xüsusilə böyük miqdarda heroin aşkarlanıb. 33 qutu narkotik vasitə xəmir mayası kimi sənədləşdirilib. Təxminən 365 kiloqram ağırlığında olan heroinin bazar dəyəri təxminən 45 milyon ABŞ dollarıdır. Bu, 2014-cü ildən sonra bütün bölgə miqyasında misli görünməmiş miqdarda narkotiklərin Ermənistan ərazisindən keçirilməsinə ən böyük cəhd olaraq dəyərləndirilib.

İqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya açıqlamasında deyib ki, Azərbaycan ordusunun İran-Azərbaycan sərhədini tam nəzarətə götürməsi Ermənistanın gəlir yerini bağlayıb:

"Ermənistan daha əvvəl narkotik vasitələri "qara dəlik"dən keçirirdi. Yəni Ermənistan İranla Azərbaycan ərazisində yerləşən torpaqlarımızı işğal altında saxlamaqla, buradan narkotik maddələr daşıyırdı. Buna görə Ermənistan formal olaraq məsuliyyət da daşımırdı. Çünki onların qarşısında bu iddianı qaldıranda, deyirdilər ki, o ərazilər "Dağlıq Qarabağ Respublikası"nın nəzarətindədirlər. Yəni məsuliyyətdən yayınmaq üçün özləri işlədikləri cinayətləri qondarma rejimin üzərinə atırdılar.

Azərbaycan ordusu həmin əraziləri nəzarətə götürdüyü üçün indi məcburdurlar ki, 30 kilometrlik Ermənistan-İran sərhədi vasiyəsi ilə narkotik maddə daşısınlar. Bu ərazidə də maraqlar fərqlidir və güclü beynəlxalq nəzarət var. Ona görə də, gələcəkdə Ermənistanın qanunsuz əməlləri ilə bağlı tez-tez faktlar yayımlanacaq.

Narkotik maddələrin dövriyyəsi, beynəlxalq cinayətlər şəbəkəsinə daxildir. Artıq Ermənistan məsuliyyət daşımağa başlayacaq və qaçına bilməyəcəklər. Çox güman ki, beynəlxalq nəzarət mərkəzləri tərəfindən bununla bağlı Ermənistana xəbərdarlıq olunub və o da məcbur qalaraq, narkotik maddələrin daşınması xəttinin bağlanması ilə bağlı tədbirlərə başlayıb. Əgər görməsə, daha ciddi beynəlxalq təpkilərlə üz-üzə qalacaq".