Gündəm / Mədəniyyət

 "Artıq öyrəşmişəm və boş verirəm"


"Son günlər səhhətimin pis olması ilə bağlı yayılan söz-söhbətlərin hamısı yalandır. Yazıblar ki, səhhətim ağırlaşıb və məni xəstəxanaya yerləşdiriblər. Ağ yalandır! Özümü çox yaxşı hiss edirəm, hətta deyərdim ki, əlayam. Bilmirəm bu şayələri kim yayır, kimə lazımdır? Bir dəfə yalandan yaymışdılar ki, Kübra xanım rəhmətə gedib. Artıq öyrəşmişəm və boş verirəm. Təki mənə heç nə olmasın”

Bunu Moderator.az - a açıqlamasında əməkdar artist Kübra Əliyeva bildirib. Aktrisa ikinci dəfə koronovirus əleyhinə vaksin olunacağını da bildirib.

"Bir dəfə vaksin vurdurdum, mənə bir sənəd verdilər ki, ikinci vaksinə gələrsiz. 15 gündən sonra ikinci dəfə də vaksin olunacaqam. Vaksin olunanda mənə heç nə hiss etdirmədilər. Nə ağrı, nə acı! Həmin ki, Kübrayam. Halbuki mən yüksək risk qrupuna daxiləm. Məni vaksin olunmağa heç kim məcbur etməyib, könüllü getmişəm. Vaksin olunduğum gün özüm instagram səhifəmə yüklədim ki, insanlar bundan qorxmasınlar. Biz sənətçilər bir növ əhali arasında təbliğatçıyıq. Həqiqətən də qorxulu heç nə yoxdur” deyə aktrisa bildirib.

Aktrisa məhz səhhətinə görə bir neçə il əvvəl teatrı tərk etdiyini bildirib.

"Mən ağır əməliyyat keçirdim və həkimlər mənə məsləhət gördülər ki, sənə əsəb, stress olmaz. Bizim sənətimiz çətindir, səhnəyə çıxasan, stress, əsəb yaşamayasan? Ona görə də səhnədən, teatrdan uzaqlaşdım. Vaxtından əvvəl səhnəni tərk etdim. Çünki canım, sağlamlığım mənim üçün daha önəmli idi. Həm də axı mən uzun illər teatrda çalışmışam, bir çox obrazlar oynamışam. İndi o xatirələrlə, köhnə şəkillərlə yaşayıram. Həm də vaxtilə birgə oynadığım, səhnəyə çıxdığım həmkarlarım dünyasını dəyişmişdi. Kimlərlə oynayacaqdım? Bu hal da mənim teatrı tərk etməyimə bir səbəb oldu” deyə aktrisa bildirib.