Gündəm / İqtisadiyyat

Azərbaycanda sahibkarların ictimai birliklərlə qurulacaq işlərin prioritetləri açıqlanıb

Azərbaycanda sahibkarların ictimai birliklərlə qurulacaq işlərin prioritetləri açıqlanıb
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Azərbaycanda əlverişli biznes mühitinin formalaşdırılması məqsədilə sahibkarlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın inkişaf etdirilməsi üzrə yeni istiqamətlər müəyyənləşdirilib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən "APA-Economics”ə verilən məlumata görə, əməkdaşlığın mahiyyəti və məqsədləri barədə məlumatların sahibkar birlikləri və assosiasiyalarına çatdırılması, birgə planlaşdırılan işlərin müzakirəsi məqsədilə həmin qurumlarla onlayn formatda görüş keçirilib.

Görüşdə Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva sahibkarların ictimai birlikləri ilə qurulacaq işlərin əsas prioritetlərini açıqlayıb.

 

Bu prioritetlərə sahibkarların qarşılaşdığı problemlərin çevik şəkildə öyrənilməsi, onların qanunvericiliyə dəyişiklik və inzibatçılığın təkmilləşdirilməsi yolu ilə aradan qaldırılması, orta və uzunmüddətli dövrdə iqtisadi aktivliyin, habelə dövlət büdcəsinə daxilolmaların artırılması daxildir.

Görüş zamanı sahibkar birlikləri və assosiasiyalar tərəfindən Dövlət Vergi Xidmətinə təmsil etdikləri sahələr üzrə problem və təkliflərin təqdim edilməsi, bu istiqamətdə müzakirələrin, sahələr üzrə görüşlərin keçirilməsi, qanunvericiliyə dəyişiklik layihələrinin hazırlanmasında aidiyyəti birliklərin iştirakının təmin edilməsi qərara alınıb. Eyni zamanda, dövlət, ictimai təşkilatlar və sahibkarlar arasında münasibətləri dialoq platformasında inkişaf etdirmək üçün xarici ölkələrin müsbət təcrübəsi nəzərə alınmaqla, sahibkar birlikləri və assosiasiyalarının iştirakı ilə onların fəaliyyətini tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilməsinə dair təkliflər hazırlanması barədə razılıq əldə edilib.