kanal14.az
kanal14.az

Qarabağ qazilərinin əlillik təyinatı düzgün aparılmır? - Nazirlik iddialarla razılaşmır

Qarabağ qazilərinin əlillik təyinatı düzgün aparılmır? - Nazirlik iddialarla razılaşmır
23-02-2021, 09:00 36 dəfə baxılıb

Qarabağ qazilərinin əlillik təyinatı düzgün aparılmır?
I Qarabağ müharibəsi bəzi qazilərinə əlillik təyinatından imtina edilir, onlar əlavə müayinəyə cəlb olunur.

Eləcə də II Qarabağ müharibəsi qazilərinin əlillik dərəcəsi düzgün təyin olunmur. Son zamanlar kütləvi informasiya vasitələrində bu cür şikayət və iddialar çoxalıb.

Məsələn, İmişli sakini, Qarabağ əlili Habil Şirinov bildirib ki, əlavə müalicəyə ehtiyacı olduğu bildirilərək ona əlillik təyinatından imtina edilib:

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bu məzmunda məktub almışam. Artıq bir çox əlillərə belə imtina məktubu gəlir”.

O bildirib ki, artıq 63 yaşı var:

"Döyüşlərdə iki dəfə kəllə-beyin travması almışam, yüksək şəkər, sol qulağımın eşiməməsi, aşağı ətraflarda damar çatmazlığı, səngər xəstəliyi olan kəmərvarı dəmrov (sinir xəstəliyidir) var. Məgər müalicə ilə məndən 20 yaşlı oğlanmı düzəltmək istəyirlər?”

Habil Şirinov bildirib ki, 1989-cu ildən Qarabağda düşmənə qarşı döyüşəndə sağ qalıb nə vaxtsa qazi olacağını düşünməyib:

"Düşünmürdüm ki, əlil kimi müavinət alacağam. Çünki davam qarın davası deyil, torpaq, millət davası idi. Biz torpaq davası edəndə indiki korrupsioner məmurlar harada idi? Onlar indi milyardlara sahib olduğu halda mənə və mənimkimilərin nəvələrinə çatan qəpik-quruş da kəsilir, ona da göz dikiblər”.

Qeyd edək ki, Vətən Müharibəsində bir ayağını itirmiş qazi Vasif Nəbiyev də İTV-yə açıqlamasında ona əlillik dərəcəsinin düzgün təyin edilməməsindən narazı olduğunu bildirib.

Füzulinin Seyidəhmədli kəndi istiqamətində döyüşən Vasif Nəbiyev minaya düşüb. 8 saat sonra xilas edilən Vasif hərbi hospitala gətirilib. Burada onun sağ ayağının dizdən aşağı hissəsi amputasiya olunub.

"Mən qəzaya düşməmişəm, yıxılmamışam, ayağımı qırmamışam. Vətən uğrunda döyüşmüşəm, ayağımı itirmişəm. Borcumuzdur. Amma bizim haqqımız olan 3-cü qrup əlillik deyil, 2-ci qrupdur”, - deyə V.Nəbiyev bildirib.

Onun sözlərinə görə, 3-cü qrup əlillik təyin olunacağı halda hərbi xidmətdəki maaşının cəmi 55%-ni alacaq.

Şikayətlərlə bağlı Cebhe.info-ya açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov bildirib ki, əsasən ampulitasiya hallarında və sağalmaz xəstəliklər nəticəsində əlillik ömürlük verilir:

"Reablitasiya olunmaqla sağalan xəstəliklərlə bağlı əlillik isə müddətli verilir. Ola bilər ki, hansısa qazimizin və ya vətəndaşımızın əlillik müddəti bitib və o, yenidən təkrar müayinədən keçib, müvafiq sənədləri elektron sistemə göndərməlidir”.

Əlillik dərəcəsinin düzgün təyin edilməməsinə gəlincə, nazirlik sözcüsü bildirib ki, hər hansı əlillik təyinatı vətəndaş – məmur təması olmadan baş verir:

"Elektron sistem üzərində yazılanlar – həkimlərin diaqnozu sənədlərə uyğun olaraq həyata keçirilir. Qanunvericilikdə əgər həmin xəstəliyin, əlillik üçün əsas verən halın təynatının hansı qrupla müəyyən edilibsə, bizim tərəfdən o da icra edilir. Ona görə də bu sahədə də problemimiz yoxdur. İndiyədək bununla bağlı sosial mediada iki və ya üç müraciət müşahidə etmişik. Həmin qazilərimiz təyinatında hansısa yanlışlığın olmadığını müəyyən etmişik”.

Fazil Talıbov bildirib ki, müharibə ilə əlaqədar olaraq əlillik təyin olunan qazilərin sosial ödənişləri ümumi səbəblərdən əlillik təyin olunanlardan kifayət qədər fərqlidir:

"Bu, belə də olmalıdır, çünki vətənimizin işğaldan azad olunması yolunda onlar öz sağlamlıqlarını itiriblər. Hətta dekabr ayında Prezidentin fərmanları oldu və onların Prezident təqaüdləri artırıldı. I Qrupda – 400 manat, II qrupda 370, III qrupda 350 manata çatdıldı”.

Nazirliyin Məbuat katibi xatırladıb ki, ümumi səbəbdən əlilliyi olan şəxslərdən yalnız I qrup əlilliyi olan şəxslərə Prezident təqüdü var:

"Digərləri isə müavinət və pensiya ilə təmin edilirlər. Müharibə əlilləri həm təqaüd, həm müavinət və ya pensiya ilə təmin edilirlər. Qazilərimizə dövlətin diqqəti, qayğısı həm də onlara ödənilən sosial ödənişlərin məbləğində əks olunub. Bununla yanaşı, onlar dövlət tərədindən pulsuz avtomobillərlə, pulsuz mənzillərlə təmin edilir, eyni zamanda məşğulluq, özünüməşğulluq proqramlarında digər güzəştlər edilir. Çox təəssüf ki, bəzən sosial şəbəkələrdə bunlardan xəbərsiz olanlar cəmiyyəti düzgün məlumatlandırmırlar”. //cebhe.info//






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA