Gündəm / Sosial

“Ölkəmizdə 7 bal gücündə zəlzələlər yalnız 100-150 ildən bir müşahidə olunur” - Ekspert danışır

“Ölkəmizdə 7 bal gücündə zəlzələlər yalnız 100-150 ildən bir müşahidə olunur” - Ekspert danışır
 
 
 
 
 
 
 
 
 
Son günlər regionda bir-birinin ardınca zəlzələlər baş verir. Belə ki, bir həftədə Ermənistanda bir neçə dəfə zəlzələ baş verdi və zəlzələ Azərbaycanın qərb bölgəsində hiss olundu. Sonra isə qonşu İranda da 5,6 bal gücündə zəlzələ baş verdi.

Bəs regionda bu cür tektonik aktivliyin səbəbi nədir? Azərbaycanı, paytaxt Bakını hansısa ciddi təkanlar təhdid edirmi?

Mövzu ilə bağlı Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru, professor Qurban Yetirmişli "Yeni Müsavat”a danışıb. Professor qeyd edib ki, regionda baş verən tektonik aktivliyin ölkəmizdəki ocaqlara o qədər də təsiri yoxdur: "Bizə region baxımından ən yaxın olan Ermənistanda bir neçə dəfə zəlzələ qeydə alındı. Bu zəlzələlər bizim ərazilərdə də, o cümlədən Gəncədə, Daşkəsəndə, Qazaxda, Tovuzda, Yevlaxda, Naxçıvanda da hiss olundu. Lakin deyə bilərəm ki, bu aktivlik Azərbaycandakı ocaqlara o qədər də təsir edə bilməz.

Regionda ən böyük zəlzələ əvvəl Türkiyədə, daha sonra isə İranda baş verdi. Bu onu göstərdi ki, həmin bölgələrdə Yerin təkində gedən hərəkətlilik daha aktivdir, tektonik qırılmalar, parçalanmalar var. Lakin bu bölgələrdə də baş verən zəlzələ bizim zəlzələ ocaqlarına təsir edə bilməz. Bəli, ola bilsin ki, bizdə də xırda təkanlar olsun. Lakin ümumilikdə Azərbaycanda güclü, dağıdıcı zəlzələ olması ehtimalı yoxdur. Ölkəmizdə 7 bal gücündə zəlzələlər yalnız 100-150 ildən bir müşahidə oluna bilir".

Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri, ekoloq alim Telman Zeynalov isə bunları qeyd etdi: "Ümumiyyətlə, Ermənistan, Gürcüstan, Türkiyə aktiv zəlzələ zonasında yerləşir. Ona görə də əgər bizə yaxın bu bölgələrdə zəlzələ aktivləşibsə, Azərbaycanda da zəlzələ baş verə bilər. Lakin bunun nə qədər güclü ola biləcəyini heç kəs əvvəlcədən proqnozlaşdıra bilməz. Beləliklə, əgər indi regionda tektonik aktivlik müşahidə olunursa, deməli, Yerin təkində hansısa proses gedir, nəticədə zəlzələ kimi hadisələr baş verir. Xatırlayırsınızsa, Sabit Bağırov demişdi ki, 2013-cü ildə neft tükənəcək. Lakin neft tükənmədi. Çünki zəlzələlər, yeraltı təkanlar neftin, qazın yaranmasına şərait yaradır. Bu onu göstərir ki, bizdə Yer kürəsi hələ dəqiq öyrənilməyib. Akademiyada bununla bağlı heç kəs elmi işlər aparmır”.
"Yeni Müsavat”