Gündəm / Dünya

“İsgəndər”lər işə düşsə idi, Ermənistan...” - Əmin olun...

 “İsgəndər”lər işə düşsə idi, Ermənistan...” - Əmin olun...
 
 
 
 
 
 
 
 
 
 
Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan "Armnews” telekanalına verdiyi müsahibədə Paşinyan hökumətindən "İsgəndər” raketlərindən nə üçün istifadə edilməməsinin səbəbini soruşub. O, müharibənin əsas mərhələsində operativ-taktiki "İsgəndər” raketlərindən istifadə edilməməsini indiki hakimiyyətin cavab zərbəsindən qorxması ilə əlaqələndirib. Bildirib ki, aldığı etibarlı informasiyaya görə "İsgəndər” raketi yalnız müharibənin sonunda Şuşaya atılıb.

Burada diqqəti cəlb edən Sarkisyanın "İsgəndər” raketlərinin konkret hədəflərini göstərməsidir:

"Bəs niyə zərbələr Azərbaycanın öz ərazisinə vurulmadı? Onların cavab zərbəsindən qorxduqlarını düşünə bilərəm. Ola bilsin ki, eyni dəqiqlik və uzaqlıq olmasın. Amma "İsgəndər” ləri müharibənin dördüncü-beşinci günü istifadə etmək lazım idi. Azərbaycan Horadizdə və digər bölgələrdə böyük canlı qüvvə toplayanda”.

Onun sözlərinə görə, "İsgəndər"lər bunun üçün nəzərdə tutulub. Sarkisyan əlavə edib ki, neft və qaz infrastrukturunun niyə uzun mənzilli silahlarla vurulmadığını da başa düşmür.

"Mən demirəm ki, ilk hədəf boru kəməri olmalı idi. Amma sonunda bu raketləri niyə aldıq? Onları lazımi vaxtda istifadə etməmək üçün? "İsgəndər”lər bizimdir və müttəfiqimiz (yəni Rusiya) onu yalnız bizə verib və biz də bundan istifadə etmədik”.

Sarkisyanın Paşinyanı ittiham etməsi və məğlubiyyətdə onu günahlandırması əslində başa düşüləndir. Hər halda bir neçə il əvvəl hazırkı baş nazirin keçmiş prezidenti hansı ritorika ilə istefaya çağırması, yəqin, çoxlarının yadındadır. Amma indi Paşinyan elə rəzil duruma düşüb ki, həmin qətiyyətli adamdan nə əsər var, nə əlamət...Bu, bir qırağa. Lakin Sarkisyandan soruşmaq lazımdır: "Kimsə sənə Azərbaycana "İsgəndər” raketi atmağa icazə verib?!”.

BDU-nun hüquq fakültəsinin dekanı, hüquq elmləri doktoru, professor Əmir Əliyev Sarkisyanın iddiası barədə "Sherg.az”a danışarkən keçmiş prezidenti tutarlı faktlarla susdurdu:

"Əlbəttə, o, belə ifadələr səsləndirə bilər. Çünki beynəlxalq cinayətkardır və törətdiyi əməllər cəzasız qalıb. Və həmin cəzasızlıq da, belə demək mümkünsə, onu "şirnikləndirir”.

Yəni məsələnin kökündə dayanan məhz cinayətkarın cəzasız qalmasıdır. Sarkisyan ayağından asılmalı idi ki, belə iddialar səslənməsin. Həm də "İsgəndər” raketləri uzaqmənzilli silahlardır.

Ermənistan onu Bakıya atacaqdı? Niyə? Axı Bakıda müharibə getmir.

Əlbəttə, beynəlxalq cinayətlər, o cümlədən Xocalı soyqırımını törətmiş Sarkisyana belə işlər adi gəlir. Lakin, əmin olun, "İsgəndər”lər işə düşsə idi, Ermənistanın vəziyyəti çox ağır olacaqdı- indikindən qat-qat artıq”.