Gündəm / Siyasət

 Ermənilərin Kremlə hesablanan “dil oyunu” da pozulacaq: - “Rəsmi dil Azərbaycan dili olacaq, manat işləyəcək, bayrağımız dalğalanacaq”

  Ermənilərin Kremlə hesablanan “dil oyunu” da pozulacaq: - “Rəsmi dil Azərbaycan dili olacaq, manat işləyəcək, bayrağımız dalğalanacaq”
 
 
 
 
 
 
 
 
 
 
 
 Qarabağ erməniləri növbəti hiyləgər gedişə əl atıb.

Belə ki, terrorçuların başçısı Arayik Arutunyanın rus dilini "ikinci dövlət dili” elan etmək niyyəti ortaya çıxıb. Bu barədə qanun layihəsi qondarma qurumun "Milli Məclis" adlı quruma təqdim olunub.

Görünən odur ki, Qarabağdakı terrorçu rejim öz varlığını qorumaq üçün Rusiyaya yaxınlaşmağın bu dəfə də bu yolunu seçib.

Qarabağda fəaliyyətini davam etdirməyə çalışan terrorçu qrupun rus dilini "ikinci dövlət dili” elan etmək niyyətinin arxasındakı əsl niyyət nədir?

"Onların verdiyi qərarın heç bir önəmi yoxdur”

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, politoloq Emin Həsənli Cebhe.info-ya açıqlamasında bildirib ki, terrorçu dəstənin heç bir hüquq və səlahiyyətləri yoxdur, o rejimi heç kim tanımır:

"Bunlar könülbulandıran məsələlər olsa da, heç bir önəmi yoxdur. Həmin o terrorçuların hamısı Azərbaycan məhkəmələri qarşısında cavab verəcəklər. Əsas odur ki, torpaqlarımız geri alınıb. Sərhədlər də tam müəyyənləşdiriləndən, Qazaxın kəndləri qaytarıldıqdan sonra terrorçuların hamısını bir gün Azərbaycanın Daxili İşlər Nazirliyi pasport qeydiyyatı keçirəcək. O zaman məlum olacaq ki, kim Azərbaycana qarşı cinayət törədib, kim yox. Cinayətdə, terror hadisələrində iştirak edənlərin hamısı həbs olunmalıdır. Bunu necə ki, Amerika, Rusiya, Fransa edirsə, biz də edəcəyik. Bu kimi proseslər davam edəcək. Necə ki, vaxtında Şuşa, Qarabağla bağlı narahatlıq var idi, Azərbaycan dövləti bu məsələni İlham Əliyevin başçılığı və Müzəffər Ordumuzun gücü ilə həll etdi, bu məsələni də həll edəcək. Artıq bu, bizim daxili məsələmizdir”.

Emin Həsənli deyib ki, Azərbaycanın hansısa bir ərazisində, hansısa bir dövlətin dili ikinci və ya üçüncü bir ola bilməz:

"Azərbaycanın öz dövlət dili, öz konstitusiyası var. O konstitusiyaya əsasən, rəsmi dili Azərbaycan dilidir. Qarabağda da Azərbaycan dili rəsmi dil olacaq, Azərbaycan manatı istifadə olunacaq, Azərbaycan bayrağı dalğalanacaq və Azərbaycan qanunları olacaq. Xankəndidə, Xocavənddə də rayon-şəhər statusu olacaq. Orada da yaşayanlar Azərbaycan qanunlarına tabe olacaqlarsa, yaşayacaqlar, olmayacaqlarsa, 40 km o tərəfə Ermənistandır, gedib orada yaşaya bilərlər. Bütün dünya gördü ki, Azərbaycan böyük humanistlik göstərərək illərlə sülh danışıqları apardı. Lakin onlar dəfələrlə atəşkəsi pozduqlarına görə Azərbaycan əks-həmlə hücumu ilə torpaqlarını azad etdi. Azərbaycan dövləti imkan verdi ki, Qarabağdan getmiş erməni mülki əhalisi rus sülhməramlılarının iştirakı ilə Qarabağa-Azərbaycan torpaqlarına qayıtsın. Bütün dünya Azərbaycan dövlətinin humanizmini, beynəlxalq qaydalara necə əməl etdiyini gördü. Qarabağdan Laçına gedən dəhlizdə bir nəfər mülki erməni vətəndaşının burnu belə qanamadı. Sosial şəbəkələrdə videolar da var. Azərbaycan hərbçisinin bir dənə yüngül silahı kifayət idi ki, gedən erməni mülki şəxslərinin maşınlarını vursun. Lakin ermənilərin müharibə gedə-gedə Gəncədə, Bərdədə törətdikləri soyqırım göz önündədir. İndi terrorçu qrupun rus dilini "ikinci dövlət dili kimi" təsdiqlətmək niyyəti haqqında olan narahatlıqlar başadüşüləndir. Lakin Azərbaycan dövləti bu məsələni də həll edəcək”.

"Hər vəchlə öz mövcudluqlarını saxlamağa çalışırlar”

"Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal isə bildirib ki, terrorçu qrup Dağlıq Qarabağda 44 günlük müharibədən sonra həmin ərazidə özlərinin yaratmaq istədikləri "dövlət”i də itirdiklərinə görə indi hər vasitə ilə həmin ərazidə öz mövcudluğunu saxlamağa çalışır:

"Rus dilini "ikinci dövlət dili kimi” təsdiqlətmək də həmin məsələlərdən biridir. Burada məqsəd həmin ərazidə dövlət subyekti kimi qalmaqlarını təsdiqlətmək üçündür. Sözügedən dəstə əvvəllər daha çox Ermənistana inteqrasiya, Ermənistanla birlikdə hərəkət etmək xəttini tutmuşdular. Lakin artıq gördülər ki, Ermənistan hakimiyyətindən, Ermənistan cəmiyyətindən Dağlıq Qarabağda yaşayan terrorçulara artıq dəstək vermək limiti və həvəsi tükənib. Bu baxımdan, Rusiyanın qoltuğuna sığınmaq üçün bu cür jestlər edirlər. Amma beynəlxalq hüquqi subyektiv kimi həmin bölgədə tanınan dövlət yoxdur ki, hər hansı bir qərar çıxarsın. İkincisi, orada rus dilində danışacaq əhali kütləsi də, dövlət qurumu da yoxdur”.

Aqil Camal hesab edir ki, hazırda sözügedən terrorçu dəstələr Rusiya hərbçilərinin kürəyi arxasında gizləniblər:

"Hesab edirəm ki, zaman-zaman onların bu cür təşəbbüsləri də ortadan qalxacaq. Sadəcə, onlar hələ də həmin ərazidə olan vətəndaşlarını ovundurmağa çalışırlar ki, biz hələ də burada "dövlət” yaratmaq addımlarımızı davam etdiririk. Belə hadisələrin ciddi nəticəsi olacağını da düşünmürəm”.  / Dia.az