Gündəm / Dünya

Qarabağda ermənilərin “çağırış” oyunu: - info-savaş, yoxsa?..

Qarabağda ermənilərin
Qarabağ ərazisində olan hərbi və digər silahlı birləşmələrin fəaliyyəti yalnız rəsmi Moskva, Bakı və İrəvan arasında imzalanan üçtərəfli saziş əsasında aparılmalıdır.

Bu sözləri Axar.az-a açıqlamasında Plexanov adına Rusiya İqtisad Universitetinin politologiya və sosiologiya kafedrasının dosenti, "Rusiya zabitləri" ekspert şurasının üzvü Aleksandr Perenciyev deyib.

O bildirib ki, Qarabağdakı separatçılar "ordu”larına çağırış həyata keçirirsə, o zaman həmin "ordu”nun statusu və formalaşması qaydası məhz üçtərəfli sazişlə müəyyən edilməlidir:

"Sazişə zidd olan məsələlər tam olaraq qanunsuzdur. Buna görə də əgər "qarabağ ordusu”na çağırış keçirilirsə, rəsmi Bakı razılaşmaların tələblərini, Azərbaycan Respublikasının qanunvericiliyini, suverenliyini və bütövlüyünü pozan faktlar barədə vasitəçi olan rəsmi Moskvaya məlumat verməlidir. Çağırışın səbəblərinə gəlincə, şübhəsiz ki, burada söhbət Qarabağdakı bəzi ərazilərin mümkün qədər uzun müddət ərzində rəsmi İrəvanın nəzarəti altında saxlanılmasından gedir, başqa məqsədləri görmürəm”.

Qeyd edək ki, erməni mediası keçmiş və qondarma "dqr”in "orduya” çağırış elan etdiyi haqda məlumat yayıb. Hazırda Qarabağa qaytarılan ermənilərin sosial-psixoloji durumunu və yaş senzini nəzərə alan ekspertlər isə bu xəbərlərin informasiya manipulyasiyası olduğunu, erməni separatçıların bununla mövcudluqlarını göstərmək və psixoloji travmadan xilas olmaq niyyəti güddüklərini bildiriblər.