Gündəm / Sosial

Xəstə qadın cəmiyyətin həssas nöqtəsinə toxundu - AKTUAL

Xəstə qadın cəmiyyətin həssas nöqtəsinə toxundu
İki-üç gündür sosial şəbəkələrdə və bəzi media qurumlarında Vətən müharibəsində iki oğlunun itkin düşdüyünü deyən bir ana ilə bağlı reportajlar, müsahibələr yayımlanır, mövzu davamlı müzakirə olunur. Reportajda Rəna Kazımova adlı qadın oğlanları - Valid və Azər Kazımovların müharibədə itkin düşdüyünü və bu günə kimi onlardan xəbər ala bilmədiyini iddia edirdi. Qısa müddətdə gözü yaşlı qadının "fəryadı” ictimaiyyətdə əməlli-başlı rezonans doğurmuşdu.

Çünki şəhid, qazi və itkin söhbəti həssas olduğundan heç kim məsələyə biganə qalmır və dərhal sərt reaksiyasını bildirir. Lakin xəbər yayılandan sonra həm Müdafiə Nazirliyinin, həm Səfərbərlik Xidmətinin araşdırmasından bəlli olub ki, mövcud itkin siyahısında Valid və Azər Kazımov qardaşlarının adı yoxdur. Ümumiyyətlə, Rəna Kazımovanın övladının olmadığı üzə çıxıb. Məlum olub ki, qadın əslən Lənkəranın Osaküçə kəndindəndir və il yarımdır Suraxanı rayonu Hövsan qəsəbəsində kirayədə yaşayırmış. Kəndin bələdiyyə sədri Həkət Cavadova bildirib ki, R.Kazımovanın ruhi problemləri var, onun hərbi xidmətə gedəcək yaşda övladı yoxdur: "Xanımın qardaşı ilə danışdım. Dediyi Valid özünün yox, qardaşının oğludur. İllər əvvəl Rusiyaya gedib və orada yaşayır”. Yayılan dezinformasiyadan sonra Mətbuat Şurası ölkə mediasına müraciət edərək, sosial şəbəkə istifadəçilərini, həmçinin jurnalistləri Vətən müharibəsi, şəhidlər və itkin düşmüş şəxslərlə bağlı mövzulara həssas yanaşmağa çağırıb. Şuradan bildirilib ki, ruhi xəstə olan vətəndaşın düşdüyü durumun nəzərə alınmaması cəmiyyətdə gərginlik effekti yaradıb: "Gərginliyin yaranması peşəkar media adına yolverilməz hərəkətdir. Nəzərə alınmalıdır ki, Vətən müharibəsi kimi Azərbaycan cəmiyyəti üçün kifayət qədər həssas əhəmiyyət daşıyan məsələyə münasibətdə qeyri-peşəkarlığın insanların əsəblərini tarıma çəkmək, 44 günlük müharibədə qazanılmış qələbəyə kölgə salmaq ehtimalı var. Media mövzuya ilk növbədə bunu düşünərək yanaşmalıdır. O da nəzərə alınmalıdır ki, Azərbaycan dövləti şəhid ailələrinə, onların problemlərinə münasibətdə diqqətlidir. Belə durumda jurnalist fəaliyyəti dövlət-vətəndaş münasibətlərinə xələl gətirməməli, manipulyativ xarakter daşımamalıdır. Baş vermiş hadisə isə göstərir ki, bir sıra jurnalistlərimiz bu prinsiplərə əməl etməyiblər”.

"Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu "Şərq”ə bildirib ki, şəhid və itkin məsələsi çox həssas mövzudur. Baş redaktorun sözlərinə görə, əgər hansısa qadın bilərəkdən, ya bilmədən itkinlərlə bağlı məsələ qaldırıbsa və mətbuat bunu işıqlandırıbsa, burada medianın günahı minimumdur:

"Kim düşünər ki, gözü yaşlı bir ana, bir qadın övladı olmadığı halda iki oğlunun müharibədə itkin düşdüyünü xəyal edərək iddia qaldırar. Media onun sağlamlıq kağızına baxmalı deyil ki?! Günah ruhi xəstəni cəmiyyət içərisinə buraxıb, bu cür davranış sərgiləməsinə imkan verən səhiyyə sisteminindir. Qadının problemi varsa, müalicə altında olmalı, xəstəxanada yatmalıdır. Cəmiyyətlə təması məhdudlaşdırılmalıdır ki, insanlar arasında gəzib bu cür həssas mövzuları gündəmə gətirməsin. Media daim şəhid və qazi analarına sayğımızı nümayiş etdirib. Əslində bu fakt bir daha göstərir ki, jurnalistlər şəhid, qazi və əsgər analarına gözüyumulu inanırlar.Yaxşı olar ki, bəzi insanlar bu inamdan, münasibətdən sui-istifadə etməsinlər”.

Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli isə "Şərq”ə deyib ki, sosial şəbəkələrin həqiqəti əks etdirməyən informasiyanı yazması və yayması başadüşüləndir. JUHİ rəhbərinin sözlərinə görə, sosial şəbəkələrdə hər kəs subyektiv bilgilərinə uyğun xəbər yayır. Amma KİV-in bu cür səhvə yol verməsi doğru hal deyil:

"Peşəkar jurnalistikanı sosial şəbəkələrdən fərqləndirən ən mühüm məqam odur ki, KİV-lər aldıqları məlumatları dəqiqləşdirmədən yaymamalıdır. Sosial şəbəkədə yayılan hansısa məsələ mütləq müvafiq dövlət qurumları ilə dəqiqləşdirilməli, yerli inzibati orqanlardan informasiya alınmalıdır. Təəssüf ki, bəzi media qurumlarımız peşəkarlıq prinsiplərini pozur. Media yox, sosial şəbəkə istifadəçisi kimi davranış sərgiləyirlər və eşitdikləri xəbəri dərhal tirajlayırlar. Problemin mahiyyəti bundadır. Qadının hansısa problemi ola bilər, yaxud başqa məqsədlər üçün iddia qaldırar. İstənilən halda jurnalistlər iddianı araşdırmadan yaymamalıdır”.

M.Ələsgərli vurğulayıb ki, Vətən müharibəsindən sonra böyük qələbəmizin üzərinə şübhə toxumu səpməyə çalışanlar peyda olub:

"Bu cür informasiyaların təhlilini apararkən onları iki qrupa bölmək mümkündür. Birincisi, Azərbaycanın qələbəsinə kölgə salmaq istəyən mərkəzlər tez-tez belə dezinformasiya yayırlar. İkincisi isə şəhid və qazi məsələləri olduqca həssas mövzu olduğu üçün ikinci qrup saytlar belə xəbərlərdən sensasiya yaratmaq və oxucu cəlb etmək üçün sui-istifadə edirlər. Başa düşmək lazımdır ki, Qələbə çox çətinliklə əldə olunub, minlərlə şəhid vermişik, itkinlərimiz var. Millət olaraq çalışmalıyıq ki, nailiyyətlərimizi saxlayaq. Əgər uğurlarımıza kölgə düşərsə, cəmiyyət olaraq uduzarıq. Jurnalistlər həssas məqamlardan reytinq xatirinə istifadə etmək cəhdlərini kənara qoymalıdır. Vətən, dövlət, şəhid hamımızındır”.