Gündəm / Sosial

Karantin partiyaların təkcə işini yox, büdcəsini də “dondurub” - İş olmadığına görə pul da yoxdur

Karantin partiyaların təkcə işini yox, büdcəsini də
Pandemiya ölkədə bir çox sahələrə olduğu kimi, siyasi proseslərə də təsirini göstərib.

Hazırda ölkəmizdə 62 siyasi partiya rəsmi olaraq fəaliyyət göstərir.

Bu partiyaların maliyyə imkanları hər zaman ictimaiyyətin maraq dairəsində olub. Bir sıra partiyaların maliyyə hesabatlarında üzvlük haqqının yığıldığı qeyd olunur.

Maraqlıdır ki, hazırda siyasi partiyaların nə qədər üzvü var və üzvlük haqqı nə qədərdir?

Cebhe.info mövzu ilə bağlı partiyalar arasında sorğu keçirib.

Milli Cəbhə Partiyasından (MCP) verilən məlumata görə, hazırda Ədliyyə Nazirliyindəki qeydiyyat sənədlərində 2000 nəfər partiya üzvünün olduğu qeyd olunub.

Partiyaya üzvlük haqqı 1 manat təşkil edir. MCP-nın mətbuat katibi Vüsal Qarayev açıqlamasında bildirib ki, pandemiya dövründə üzvlərin əksəriyyəti çalışmadığı üçün üzvlük haqqının yığılması dayandırılıb.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib ki, hazırda 10 mindən artıq partiya üzvü var:

"Partiya üzvlərinin bir çoxu tam aktiv deyil. Bizdə üzvlük haqqı çalışanların əmək haqlarının 1 faizini təşkil edir. Pandemiya dönəmində isə ödəniş olunmadı. Həmin vaxtı ümumi fəaliyyətimizin tempini də demək olar ki, sıfırladıq”.

Müsavat Partiyasında da vəziyyət eynidir.

Partiyada üzvlük haqqı şəxsin gəlirinin 1 faizini təşkil edir. "Üzvlük haqqının verilməsi könüllülük əsasındadır. Hər hansı inzibati metod tətbiq olunmur. Sadəcə, çalışırıq ki, üzvlük haqqını ödəsinlər”, -deyə partiyanın açıqlamasında qeyd olunur.

Bəzi partiyalar isə açıqlamalarında qeyd edir ki, üzvlük haqqı ya alınmır, ya da könüllülük prinsipi ilə yığılır. Məsələn, Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) ümumiyyətlə, üzvlük haqqı toplamır.

Ən çox üzvə sahib olan partiya isə Yeni Azərbaycan Partiyasıdır (YAP). Hazırda partiyanın 760.580 nəfər üzvü var. Üzvlük haqqı aylıq 6 manat təşkil edir.