Gündəm / Sosial

Elman Rüstəmov 450 milyonluq binaya görə dövlətin “cib”inə girir? - “Mərkəzi Bankın öz vəsaiti yoxdur”

 Elman Rüstəmov 450 milyonluq binaya görə dövlətin
Azərbaycan Mərkəzi Bankının yeni və bahalı inzinati bina tikdirmək qərarı cəmiyyətimizdə geniş müzakirələrə, narazılıqlara səbəb olub. Bu məsələ ilə bağlı narazılıq yaradan əsas məqamlar yeni inzibati binanın 450 milyon manata başa gəlməsi və həmin vəsaitin necə maliyyələşdiriləcəyidir.

Yanvarın 29-da faiz dəhlizinin parametrlərinə dair keçirdiyi onlayn mətbuat konfransında bununla bağlı sualı cavablandıran Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib ki, bahalı binanın inşaası bankın öz vəsaitləri hesabına maliyyələşdiriləcək.

Qeyd edək ki, Mərkəzi Bankın nizamnamə kapitalı 500 milyon manatdır. Mərkəzi Bank mənfətindən yalnız nizamnamə kapitalı qədər kapital ehtiyat yaratmaqda sərbəstdir. Qalan mənfəəti büdcəyə köçürülməlidir.

Burada Mərkəzi Bankın öz vəsaiti dedikdə nə nəzərdə tutulur? Bu vəsaitlər dövlətə aid olmayan vəsaitlərdir?

Yaranan suallarla bağlı Sfera.az saytına danışan bank sahəsi üzrə ekspert Əkrəm Həsənov bildirdi ki, Mərkəzi Bankın sahib olduğu vəsait dövlətə məxsusdur və bu qurum xərclərini əsaslandırmalıdır:

"Mərkəzi Bankın sədri yeni ofislərini "öz hesabımıza tikəcəyik” dedikdə vəsaitin dövlət büdcəsindən deyil, öz fəaliyyəti nəticəsində əldə edilən vəsait hesabına tikiləcəyini nəzərdə tutur. Baş bankın əldə etdiyi gəlirlər bu qədər vəsaiti maliyyələşdirməyə imkan verir. Amma bu ifadənin işlədilməsi özü bir fəndgirlikdir.

Sadə şəkildə ifadə etsək, Azərbaycan dövlətinin bir neçə "cib”i var. Bu "cib”lərin ən böyüyü dövlət büdcəsidir. Dövlət büdcəsinin gəlirləri vergi, rüsum, dövlət şirkətlərinin gəlirləri hesabına formalaşır.

Dövlətin ikinci "cib”i Dövlət Neft Fondudur. Azərbaycanın neftdən gələn gəliri Fondda toplayır. Neft gəlirləri gələcək nəsillərə qalması üçün Fonnda ayrıca saxlanılır.

Mərkəzi Bank bu "cib”lərin üçüncüsüdür. Xalq Konstitusiya qəbul edib və qanunla ölkədə pul buraxmaq səlahiyyətini Mərkəzi Banka verib. Xalq bununla Mərkəzi Banka deyir ki, pul burax və bundan gəlir əldə et. Həmin pul son nəticədə xalqın puludur, o pul, xalqa aiddir. Mərkəzi Bankın öz vəsaiti yoxdur. Oradakı pul xalqın, dövlətin puludur.

"Dövlət Satınalmaları Haqqında” Qanun var. Həmin Qanun bütün dövlət qurumlarına aiddir. Mərkəzi Bank dövlətin mülkiyyətindədir və xalq ondan xərcləri ilə bağlı məlumat açıqlamağı tələb edə bilər. Mərkəzi Bank əsaslandırmalıdır ki, niyə belə bahalı bina tikir, başqa və daha ucuz bina tikilə bilməzmi? Əsas sual bunlardır”.

Ə.Həsənov söylədi ki, Mərkəzi Bankın vəsaiti bir neçə mənbə hesabına formalaşır:

"Əsas qazancı kommersiya banklarına verilən kreditlərdən gəlir. Burada Mərkəzi Bank faiz gəliri əldə edir. İkinci əsas gəliri valyuta ehtiyatlarıdır. Mərkəzi Bank manatı satıb dollar və digər xarici valyuta almaqla valyuta ehtiyatı yaradır”.