Gündəm / Sosial

Elnur Allahverdiyevlə bağlı müəmma BÖYÜYÜR - Partiya sədrindən ETİRAZ

Elnur Allahverdiyevlə bağlı müəmma BÖYÜYÜR
"2020-ci ilin parlament seçkilərində REAL Cümhuriyyətçilər İttifaqının namizədi Cavad Cavadov 17 saylı Yasamal seçki dairəsində yarışırdı. Kampaniya zamanı REAL müəyyən etdi ki, YAP-ın namizədi Elnur Allahverdiyev Sloveniya Respublikasının Azərbaycanda Fəxri Konsuludur. Qanunla, başqa dövlət qarşısında hüquqi öhdəliyi olan şəxs deputatlığa namizəd ola bilməz. Namizədimiz sübutlarla birgə Mərkəzi Seçki Komissiyasına bu haqda təqdimat etdi. Lakin MSK, hansısa arayışa istinadən qərara gəldi ki, cənab Allahverdiyev namizədliyini irəli sürəndən bir neçə gün əvvəl artıq o vəzifədən getmişdi. Məhkəməyə də getdik. Məhkəmə iddiamızı əsassız saydı. Elnur Allahverdiyev seçkidə iştirak etdi və YAP-ın səfərbərlik resursunun gözlənilmədən keçirilən növbədənkənar seçkidə daha yaxşı işlədiyi üçün bizim namizəddən bir qədər çox səs toplayaraq (amma heç də elan olunan qədər yox!), Milli Məclisə seçildi. İndi təsadüfən öyrəndik ki, Elnur Allahverdiyevin vəzifədən azad olunması haqda qərarı Sloveniya Prezidenti seçkidən 4 ay sonra imzalayıb – iyunun 4-də.
"Kommersant.az"ın xəbərinə görə, bunu REAL Partiyanın sədri İlqar Məmmədov deyib.

İ.Məmmədov bildirib ki, hüquqi baxımdan, Allahverdiyev seçki zamanı da, hələ ondan 4 ay sonra da başqa dövlət qarşısında hüquqi öhdəliyi olan şəxs idi: "Elə isə, onun deputat olmağa haqqı çatmırdı. MSK-nın və məhkəmənin məlum qərarı hələ o zaman da çox mübahisəli idi. İndi isə qanunsuzluq daha da aydın görünür. Odur ki, REAL olaraq MSK-ya və məhkəməyə yeni müraciət etməyi düşünürük. Yuxarıda qeyd etdiyim məhkəmə qərarına yenidən baxılması üçün hüquqi əsaslar əmələ gəlib. Hesab edirik ki, 17 saylı Yasamal seçki dairəsi üzrə (şəxsən seçicisiyəm) seçkilər yenidən keçiriləməlidir. Bir seçici olaraq məhkəməyə müraciəti bəlkə özüm də edə bilərəm. Hazırda hüquqi yollar haqqında düşünürük.

Sloveniya prezidentinin rəsmi qərarı: https://www.uradni-list.si/glasilo-uradni-list-rs/vsebina/2020-01-1406/sklep-o-razresitvi-castnega-konzula-republike-slovenije-v-bakuju-v-republiki-azerbajdzan?h=zakon%20o%20dedovanju&fbclid=IwAR3nhCK7SquosCnlOUJM2XeVp86-qME6dODNmqfs0Yg4Xlx9jlqY6B5IKDc