Gündəm / Sosial

"Əgər mənim ciyərimin biri götürülübsə, mən necə sağlamam?!" - NARAZILIQ!


"Əgər mənim ciyərimin biri götürülübsə, mən necə sağlamam?! Qabırğamı sındırıb, arxadan ciyərimi götürüblər. Ona nə müalicə olunum mən? 10 ildən çoxdur mən pensiya alıram”- 2-ci qrup əlilliyi olan Gülağa Əsgərova bu dəfə əlillik dərəcəsi verilməyib.

DİA.AZ xəbər verir ki, əlilliyi olan şəxslər dünən Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin qarşısına toplaşıblar. Şikayətçilər deyirlər ki, ağır xəstəlikdən əziyyət çəksələr də, bu dəfəki yoxlanışda onlara əlilliyin təyin olunmasından imtina verilib.

Ekspertizanın qarşısında saatlarla dayansalar da, vətəndaşları heç kim qəbul etməyib. Mühafizəçilər deyib ki, COVİD-19 pandemiyasına görə vətəndaşların qəbul saatı azaldılıb. Onlar yalnız səhər saat 9-dan 11-ə qədər şikayətlərini çatdırmağa gələ bilərlər.

Xəstəliyin ağırlıq dərəcəsinə görə əlilliyin müəyyənləşdirilməsi bir neçə ildən bir Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidmətində yoxlanılır. Yoxlama "Əlilliyin müəyyən olunması meyarları" barədə Nazirlər Kabinetinin qərarı əsasında aparılır. Qurum Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabelyində işləyir. Nazirliyin mətbuat xidmətinin rəhbəri Fazil Talıbova şikayətlə bağlı sorğu göndərsək də, cavab ala bilmədik.

Əlilliyin verilməməsi şikayətçiləri aylıq 130 manatlıq pensiyadan da məhrum edib. Onlar problem həll olunana qədər işsiz və təqaüdsüz necə yaşayacaqlarını bilmirlər.