kanal14.az
kanal14.az

“Dəqiq bilirəm ki, fond və PA-da müəyyən şöbələr jurnalistləri izləyirdi...”

“Dəqiq bilirəm ki, fond və PA-da müəyyən şöbələr jurnalistləri izləyirdi...”
13-01-2021, 18:27 43 dəfə baxılıb











Ötən gün Prezident İlham Əliyev "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərman imzalayıb. Buna əsasən, KİVDF-nini bazasında Medianın İnkişafı Agentliyi yaradılıb.

Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev məsələ ilə bağlı Yenisabah.az-a açıqlamasında bildirib ki, qurumda hələlik ancaq ad və rəhbər dəyişib:

"Başqa yenilik yoxdur. Orada bir məqam diqqətimi çəkdi. Onlara səlahiyyət verilir ki, mediada gedən administrativ pozuntularla bağlı tədbirlər görsünlər. Müəyyən orqanların qarşısında məsələ qaldırsınlar. Bu yenilik ziddiyyət təşkil edir. Əgər söhbət azad mətbuatın inkişafından gedirsə, həmin o qurum belə işlərlə məşğul olmamalıdır. Bizdə qanunlar var, kimin nə şikayəti varsa, məsələ qaldıra, problemə son olaraq məhkəmədə baxıla bilər. İctimai qınaq Mətbuat Şurasının işidir. Ancaq Mətbuat Şurası hakimiyyətdən asılı vəziyyətdədir. Ona görə də o funksiyanı yerinə yetirə bilmir”.

M. Əliyev qeyd edib ki, indiki məqamda yeni yaranan quruma belə səlahiyyətlərin verilməsi düzgün deyil:

"Bu özlüyündə bir şübhə yaradır ki, agentlik fondun funksiyasını daşıyacaq. Mən onu dəqiq bilirəm ki, qeyri-rəsmi olaraq həmin o fond və Prezident Administrasiyasında müəyyən şöbələr jurnalistləri, onların yazılarını izləyirdilər. Bu yolla onlara təzyiq edirdilər. Redaksiya onlara yardım üçün müraciət edəndə, "Siz filankəsləri tənqid etmisiz, buna görə də biz sizə yardım etməyəcəyik”,-deyirdilər. Yəni bizim bu fond indiyədək azad mətbuatın sıradan çıxarılması, jurnalistlərin və redaksiyaların ələ alınması ilə məşğul olub. Nəticədə mətbuatda ciddi bir irəliləyiş olmadı. Əgər indi bu təkrar olunursa, Azərbayca mətbuatını geriyə aparan bir addım olacaq”.

Həmsöhbətimiz vurğulayıb ki, hazırda medianın azad olması üçün lazımi addımlar atılmalıdır:

"Bizdə çox normal qanun vardı. Vaxtilə medianın fəaliyyətini məhdudlaşdırmaq üçün çoxlu dəyişikliklər edilib. İndi isə medianın sağlamlaşdırılması üçün qanunda dəyişikliklər olmalıdır. Real addımlar nəticəsində biz bunu görməliyik ki, hakimiyyət Azərbaycanda məsuliyyətli, keyfiyyətli, etibarlı medianın yaradılmasında maraqlıdır və bunu edir. Bəli, bəyanatlar səsləndirirlər ki, media tam azaddır. Amma reallıqdan danışmaq lazımdır. Bunun üçün bütün normativ aktlarda dəyişiklik baş verməlidir. Biz bunları hələ ki görməmişik. Qurum fəaliyyət göstərsin, yaxın gələcəkdə nə olacağını görək”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA