kanal14.az
kanal14.az

Onlayn təhsilin problemləri və reallıqlar - ARAŞDIRMA

Onlayn təhsilin problemləri və reallıqlar - ARAŞDIRMA
13-01-2021, 11:40 40 dəfə baxılıb

Onlayn təhsilin problemləri və reallıqlar
Dərslərin distant formada keçirilməsi müəyyən problemlərin yaranmasına səbəb olsa da, pandemiya ilə əlaqədar tədrisin bu şəkildə təşkili hazırkı dövr üçün təhsilin davamlılığının təmini baxımından ən münasib yol sayılır. Bütün dünyada olduğu kimi, artıq bir necə aydır ki, Azərbaycanda da tədris distant formada təşkil olunur.

Təhsil eksperti Elçin Süleymanov Trend-ə bildirib ki, distant təhsilin əhatəliliyi və effektivliyi kompüter texnologiyalarının və internetin inkişafı ilə əlaqədar son illər ərzində artıb. Eyni zamanda onlayn təhsil imkanlarının və bu imkanlara əlçatanlığın artması bu təhsilin əhatə dairəsini artırıb:

"Qabaqcıl universitetlər artıq bir neçə ildir ki, məsafədən bəzi proqramlar təqdim edirlər və onların bu metodla verdikləri təhsil heç də ənənəvi təhsildən geri qalmır. Əksinə, həm iştirakçıların zaman və məkan məhdudiyyətlərinin ortadan qalxması, həm də universitetdəki təhsil verənlərin fiziki olaraq imkanlarının və istifadə olunan adutoriya məkanının məhdudluğu problemi bu tədris metodunda aradan qalxmış olur. Lakin bu metodla tədrisin bütün ixtisaslarda, xüsusilə tətbiqi sahələrdə çox da uğurlu olmaması bir faktdır. Universitetlərin də onlayn təhsili əvvəllər müəyyən ixtisaslarda, xüsusi ilə humanitar və ictimai elmlərdə təqdim etməsinin səbəbi də bu məsələ idi. Keçən ilin əvvəllərindən dünyanı cənginə alan COVİD-19 pandemiyası təhsil sahəsinin distant olmasını zəruri etdi. Yəni hazırda distant təhsil bir seçim yox, zərurətdir. İnsan həyatının və sağlamlığının daha önəmli olduğunu nəzərə alaraq, ölkələrin bu addımı atması düzgündür. Sadəcə ölkələrin distant təhsil infrastrukturu bu dönəmin ən az itki ilə bitməsində əhəmiyyətli rol oynayır”.

E.Süleymanov qeyd edib ki, hətta ən inkişaf etmiş ölkələrdə belə təhsilalanların 15-20 fazi bu prosesə qoşula bilmədi və müəyyən qədər təhsildən uzaq qaldı. Azərbaycan pandemiyadan dolayı distant təhsilə ən erkən qoşulan ölkələrdən biri kimi bu prosesi kifayət qədər yaxşı idarə edə bildi:

"Burada biz təhsil alanları iki qrupda dəyərləndirməliyik. Ali və orta ixtisas təhsilində təhsil alanların onlayn təhsil texnologiyalarından istifadə bacarıqlarının orta təhsilə görə daha yaxşı olması və alternativ təhsil materiallarının daha çox olması müsbət nüans sayıla bilər. Ama bu istiqamətdə 50-yə yaxın universitetin hamısının eyni səviyyədə problemin öhdəsindən gəldiyini demək düzgün olmazdı. Bu prosedən daha çox elektron universitet infrastrukturu yaxşı olan universitetlər uğurla çıxdı. Orta təhsildə isə Təhsil Nazirliyinin həyata keçirdiyi teledərslər, virtual məktəb layihəsi uğurlu addımlardan sayılmalıdır. Amma onu da unutmamaq lazımdır ki, interaktiv tədris bilavasitə şagird və onun müəlliminin iştirakı ilə mümkündür. Burada bütün yükün Təhsil Nazirliyinin üzərində olmadığını qəbul etmək lazımdır. Prosesə təhsilverən, təhsilalan və ətraf mühit, texnoloji imkanlar və onlara əlçatanlıq aspektindən baxmaq lazımdır”.

E.Süleymanov əlavə edib ki, teledərslərin effektivliyi bilavasitə şagird və valideynin özlərindən asılıdır. Həmçinin virtual məktəb imkanlarının effektivliyində də məktəb, müəllim , şagird və valideyn üçbucağı mütləq prosesə qatılmalıdır:

"Qeyd etdiyim kimi, hazırda təhsil verənlərin xüsusi ilə son illərdə müəllimlik peşəsinə qəbul olunanların texnolohiyadan istifadə bacarıqları xeyli yüksəkdir. Amma etiraf etmək lazımdır ki, xüsusilə yaşlı müəllimlərin online tədris texnologiyalarından istifadə bacarıqları zəifdir və bu prosesdə onlara müəyyən təlimlərin verilməsi zəruri idi. Eyni zamanda Teams proqramının Təhsil Nazirliyinin dəstəyi ilə məktəblərdə tətbiqi müsbət addım olsa da, internetin sürəti və proses iştirakçılarının bu proqramdan istifadə bacarıqlarının zəifliyi müəyyən problemlərə gətirib çıxardı. Texnoloji problemlər olaraq sabit telefon xətti ilə internetin sürətinin zəif olması, mobil şəbəkələrdən istifadə edilincə isə sürətin yaxşı olmasına rəğmən internetiqn qiymətinin baha olması göstərilə bilər:

"Bu məsələdə son ayda bir mobil şəbəkə korperasiyasının təhsil sektoruna güzəştli internet paketi layihəsini alqışlamaq və bu cür kampaniyaların artmasını təmin etmək lazımdır. Eyni zamanda, şagirdlərin ev şəraiti və evdə təhsil alan sayının şox olması prosesə mənfi təsir göstərən faktorlardandır”.
Mütəxəssis deyib ki, digər bir problem valideynlərin şagirdlərin tədris proqramına tam nəzarət etməməsi və ya edə bilməməsidir. Bəzi valideynlərin işləməsi və ya bu dönəmin sanki şagirdin tətildə olması kimi qəbul etməsi buna əsas verir. Eyni zamanda müəllimlə göz təmasının olmaması və şagirdin öz komfort zonasından çıxmaması distant təhsilin effektivliyini azaldır”.

E.Süleymanov hesab edir ki, bütün neqativ aspektlərinə rəğmən distant təhsilin bir illik tətbiqi şagird və tələbələrdə texnologiyadan istifadə bacarıqlarını xeyli artırdı.

Onun fikrincə, ənənəvi təhsilə keçən zaman da bu texnoloji imkanlarından istifadəyə davam edilməlidir. Bu imkanlardan daha effektiv istifadə üçün məktəblərdə infrastruktur qurulmalı və həm təhsilverənlərə, həm də təhsil alanlara təlimlər verilməlidir.

Təhsil Nazirliyinin "Teledərs” proqramında dərs keçən müəllimlərdən olan əməkdar müəllim, "Həyat bilgisi” və "Biologiya” dərsliklərinin həmmüəllifi, təlimçi Nüşabə Məmmədova Trend-ə açıqlamasında bildirib ki, elektron yolla şagirdləri öyrətmək olur. Bu yolla hətta keçirilən təlimlərin də səmərəsi olur:

"Biz öz praktikamızdan bu nəticəyə gəlirik ki, elektron yolla öyrətmək olur. Təlimlərdə iştirak edən müəllimlər də bundan razılıq edirlər. Lakin bəzən rayonlarda çox zaman işıq söndüyündən təlimə qoşulmada müəyyən problemlər yaranır. Rayondakı müəllimlər təlimlərə qoşularkən internetin zəifliyindən də şikayət edirlər”.

N.Məmmədova qeyd edib ki, teledərslərin keçirlməsi üçün ayrılan vaxt kifayət qədər yaxşıdır və bu müddətdə peşəkar müəllim dərsi izah edə bilir.

Lakin bununla belə, distant tədrisin təşkili nəticəsində müəyyən problemlərin ortaya çıxdığını da deyən N.Məmmədova bildirib ki, bəzən bir ailədə 3-4 uşaq eyni vaxtda distant dərsə qoşulmalı olur:

"Bəzən ailədə kompüter olmur, yalnız valideynin bir telefonu olur. Eyni saatda bütün uşaqlar dərs keçirsə, bu halda bütün uşaqlar dərsə necə qoşula bilər?!”

Valideyn Gülşad Günəşli deyib ki, onlayn dərslər zamanı şagirdlərə, xüsusən ibtidai siniflərdə təhsil alanlara nəzarət etmək olduqca vacibdir. Çünki bir çox hallarda uşaqlar sərbəst şəraitin olmasından, müəllimlə canlı bağlantıda olmamasından istifadə edərək dərs zamanı planşet və ya kompüterlərində gah mikrofonu, gah da kameranı bağlayırlar. Nəticədə müəllim həmin şagirdləri nə görə, nə də eşidə bilir, uşaq isə dərsdən kənar məşğuliyyətlərlə məşğul olur:

"Buna görə də uşaq dərs keçəndə məcbur olub onun yanında otururam ki, o, bunların heç birini edə bilməsin. Amma nəzərə alaq ki, bütün valideynlər bu nəzarəti təmin edə bilmirlər. Valideynləri işləyən uşaqlar dərslər zamanı belə hallara daha çox yol verə bilərlər. Bəzən görürsən ki, uşaqlar özlərini dərsdə iştirak edirmiş kimi göstərirlər. Amma dərs başlayandan bir az sonra dərsdən "sistem məni qəbul etmir” və s. adı ilə dərsdən çıxırlar. Sözsüz ki, belə texniki halların olması mümkündür. Amma bu hallar həm də valideyn nəzarəti olmayan uşaqların dərsə qoşulmaması üçün gətirdiyi bəhanələr də olur. Ona görə də çox vacibdir ki, dərs keçirlən zaman uşağın yanında kimsə olsun və ona nəzarət etsin. Bunu müəllimlər də çox tez-tez valideynlərə deyirlər ki, dərs zamanı valideyn uşağın yanında otursun”.

Onlayn dərslərin müsbət tərəfindən də danışan G.Günəşlinin fikrincə, distant tədris onlara fənn müəllimlərinin keçdikləri dərslərlə daha yaxından tanış olmasına, uşaqlarının müəllimlərə necə cavab verməsinə şahid olmasına şərait yaradır:

"Təhsil əyani olduqda valideyn dərsdə iştirak etmək üçün müəyyən prosedurlardan keçməli və direktorun razılığını almalı idi. Amma biz indi bütün dərslərin necə keçirildyini görürük. Həm müəllimlərin, həm də şagirdlərin zəif və güclü tərəflərini görə bilirik”.

İlhamə İsabalayeva
Trend






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA